Yaşadığınız mühit hər addımda üstünüzə gəlincə, seyr etdiyiniz filmlərdən, oxuduğunuz kitablardan, dinlədiyiniz musiqi əsərlərindən aldığınız pozitiv enerjidə aramağa başlarsınız ümidi… Xatırlarsınız, 90-cı illərin sonlarında populyar bir film vardı – “Şouşenkodan qaçış”. Baş rollarını Tim Robbins və Morqan Frimənin oynadığı bu filmin populyarlığı təkcə aktyorlara görə deyildi. Anladılan hekayətin özü ibrətamiz və maraqlı idi. Elə indinin özündə də film köhnəlməyib. Internet üzərindən hər gün onu yüzlərlə seyrçinin izlədiyi qeydə alınır. Günahsız yerə ömürlük həbsə məhkum olunaraq, Şouşenko həbsxanasında 20 il yatan, sonda öz iti ağlı və əzmi sayəsində dəmir barmaqlıqlar arasından qaçmağı bacaran bank işçisi Endinin həyat hekayəsini anladır film. Xilas yoluna simasız həbsxana müdirinin “pul yuma” işinə yardımçı olaraq başlayan və sonda yalnız öz həyatını deyil, bütünlükdə məhkum yoldaşlarının da həyatını dəyişən bir qəhrəmandı o.
Yaxın günlərdə bu filmi yenidən seyr etmək istədiyimdə, Türkiyə türkcəsindəki tərcümə variantı çıxdı axtarışdan. Türkcədə filmi “Əsarətin bədəli” adıyla tərcümə ediblər. Çox uğurlu addır, iki sözlə tam olaraq filmin ruhunu canlandırır… Hər zaman üstündə baş sındırdığım bir sual var: “insan nədən ”mən səni azad yaratdım” deyən Tanrının sözlərini heçə sayıb, asanlıqla bir sistemin, bir mühitin, bir cəmiyyətin köləsinə çevrilir”. Necə olur ki, bu azadlığı mütiliklə əldən verib bir həyat həbsxanası yaradırıq özümüzə… Əsl əsarət təkcə tikanlı məftillər arasında olmur ki… Əsl əsarət səni əsir alan bir mühitin əlində oyuncağa çevrilmək, onun havasına çalıb-oynamaq, dediyi ilə oturub-durmaq, yazısıyla “ölüb-dirilmək” və dolayısıyla öz yaradanının kim olduğunu unutmuş hala gəlməkdir. Elə bir hala gəlmək ki, özünü, həyatını, taleyini belə onun öhdəsinə buraxmış bir yazıq olarsan. Rahat nəfəs almağın, fərqli düşünməyin, şəxsi hiss və duyğuların qorxuları belə içində kabusa çevrilər. Elə bir hal ki, özün öz razılığınla həyatını işgəncəyə çevirərsən. Çünki əsarət hər addımda hesab ödədər insana. Bu əsarətin əsiri olduğun mühitdə öz haqqını belə araya bilməzsən, hər addımda başqasına edə biləcəyin haqsızlıq qorxusu kəsər qarşını. Çünki bu mühitin və sistemin özülü sənin xilas yolunu əngəlləmək üçün min cür haqsızlıq üzərinə qurulu. Əsarətin bundan ağır bədəli nə ola bilər ki?
Təkcə işin olsa nə vardı ki, şəxsi həyatın, şəxsi planların, hisslərin, düşüncələrin belə çevrənin ciddi kontrolunda. Aman, dur, “el-aləm nə deyər”! Insan, axı sən sadəcə cəmiyyətin bir fərdisən, onun köləsi deyilsən ki. “Burax, el-aləmin dediyi cəhənnəmə ki!” söyləmək gəlir adamın içindən!
Bu əsəri dəfələrlə nümunə gətirmişəm. Belə gedərsə, hələ çox ehtiyac olacaq… Fiziologiya və tibb sahəsində Nobel mükafatı almış Amerika alimi Cozef Qoldşteynin “Azad olmaq öz əlimizdə” adlı kiçik bir hekayəsi var. O hekayə belədir: “Asiyada meymun tutmaq üçün istifadə olunan bir tələ var. Bir hindqozu oyulur və iplə ağaca və ya yerdəki çalaya bağlanır. Hindqozunun altında kiçik yarıq açılır və oradan içinə şirin bir yemək qoyulur. Bu yarıq sadəcə meymunun əli açıqkən ora salacağı böyüklükdədir, yumruq halında o, əlini çölə çıxara bilməz. Meymun şirin yeməyin qoxusunu alır, onu götürmək üçün əlini içəri salır. Amma yeməklə birlikdə əlini çölə çıxarması imkansızdır.
Ovçular gəldikdə, meymun çılğına dönər, amma qaça bilməz. Əslində, bu meymunu dustaq edən heç bir şey yoxdur. Onu sadəcə öz asılılığının gücü dustaq etmişdir. Tələb olunan tək şey əlini açıb yeməyi buraxmaqdır. Amma zehnində açgözlüyü o qədər güclüdür ki, bu tələdən qurtaran meymuna çox nadir halda rast gəlinir. Bizi tələyə düşürən və orada qalmağımıza səbəb olan şey də istəklərimiz və zehnimizdə onlara asılı olmağımızdır. Tam tələb olunan şey əlimizi açıb mənliyimizi və asılı olduğumuz şeyləri sərbəst buraxmaq, dolayısıyla azad olmaqdır”.
Yuxarıda bəhs etdiyim filmin mövzusu da gerçək həyatdan götürülüb. Həbsxanadakı çarpışmalı 20 ilin altından qalib çıxan biri əsarət zəncirini qırmağın formulunu verir milyonlara. Bəs biz, neçə nəfərimiz buna bütün qəlbimizlə cəhd edirik ki? Aydın deyilmi, “həyatımız niyə istədiyimiz kimi getmir”, “niyə xoşbəxt deyilik” sualının cavabı daha çox özümüzdə. Sadəcə, biz boyun əydiyimiz və zehnimizdə məhkum olduğumuz o əsarətin hesabını ödəyirik. Başqa bir səbəb yox…