Madrid “Real”ı Londonun “Tottenhem” klubunun yarımmüdafiəçisi Qaret Beyli almaq üçün 100 milyon avro xərcləməklə futbol tarixində yeni rekorda imza atıb.
Klublar arasında razılaşma bazar günü axşam elan edilib. 2009-cu ildə dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldu olmuşdu. “Real” onu “Mançester Yunayted”dən 94 milyon avroya almışdı.
24 yaşlı Qaret Beyl bu gün Madriddə tibbi müayinədən keçəcək, sonra isə onunla 6 illik müqavilə imzalanacaq.
Qaret Beyl 2012/2013 mövsümündə İnciltərə premyer-liqasının ən yaxşı oyunçusu seçilib. O, “Tottenhem”də 203 oyun keçirib, 56 qol vurub və 58 qol ötürməsi edib.
Qaret Beyl Uelsin bütün yaşlar üzrə millilərində çıxış edib. O, ölkənin əsas millisində Avro-2008-in seçmə mərhələsində 2006-cı ilin oktyabrında debüt edib. Ümumilikdə, millidə keçirdiyi 41 rəsmi qarşılaşmada 11 qol vurub (musavat.com).