“Qoymaz ol tarı müğənni niyə ağuşindən…”

Qədim tarixə malik ifaçılıq sənəti

Qədim tarixi mənbələrə nəzər saldıqda və abidələr üzərinə həkk olunmuş rəsmlərdən, miniatürlərdən aydın olur ki, musiqi ifaçılığı bütün dövrlərdə Azərbaycan xalqının sevimli sənət sahəsi olmuşdur.

Yazılı məlumatlar onu da sübuta yetirir ki, bir çox görkəmli şəxsiyyətlər həm də müxtəlif musiqi alətlərinin mahir ifaçıları olmuşlar. Belə görkəmli şəxslərə çoxlu nümunələr göstərmək olar. Onlardan ən məşhuru sayıla bilən Şərq klassik musiqisinin tarixini və nəzəriyyəsini tədqiq etmiş görkəmli alim Səfiəddin Əbdül Mömin Urməvi ud musiqi alətinin çox mahir ifaçısı olmuşdur.

Ifaçılıq sənəti tarixən inkişaf etmiş, texniki, bədii baxımdan təkmilləşmiş və günümüzdə daha da müasirləşmişdir. Bakı, Şamaxı və Qarabağda keçirilən musiqi məclisləri xanəndəliklə yanaşı, XIX əsrin ikinci yarısından başlayaraq sazəndəlik sənətini də yeni inkişaf mərhələsinə qaldırmış və bir çox məşhur ifaçıların yetişməsinə səbəb olmuşdur. Bunlardan XIX-XX əsrlərdə fəaliyyət göstərmiş Mirzə Sadıq Əsədoğlunu, Məşədi Cəmil Əmirovu, Bəhram Mənsurovu, Əhməd Bakıxanovu, Qurban Pirimovu, Mənsur Mənsurovu və ifaçılıq sənətinin parlaq nümayəndələri olan bir çox başqa sənətkarları nümunə göstərmək olar.

Tar və kamança ifaçılığı isə XX əsrin ikinci yarısında xüsusilə daha yüksək inkişaf mərhələsinə qədəm qoymuş, Əhsən Dadaşov, Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov və s. peşəkar ifaçılar bu alətlərin çalğı texnikasını, ifaçılıq imkanlarını daha yüksək səviyyəyə qaldırmışlar.

Ustad tarzən Əhsən Dadaşov

Belə sənətkarlardan biri olan, tarzən Əhsən Dadaşov Azərbaycan musiqi mədəniyyəti tariximizin zənginləşməsində  böyük xidmətlər göstərmişdir. Əhsən Dadaşov muğamların və bəstəkar əsərlərinin tar və ud alətlərində ifaçısı idi. O, həmçinin, bir sıra rəng və təsniflərin yaradıcısıdır. Görkəmli müğənni Rəşid Behbudovun ansamblının üzvü kimi dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuş, Azərbaycan musiqisini təmsil etmişdir.ÿ

Əhsən Dadaşov 1924-cü il sentyabrın 4-də Bakı şəhərində anadan olub. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb, 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. 

1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilən Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəmişdir. 

Əhsən Dadaşov musiqi aləminə gəlişi barədə belə deyirdi: “Düzünü deyim ki, mənim sənət aləminə gəlişim təsadüfi olub. Lap uşaqlığımın söhbətidir. Onda mən Bakıdakı 22 saylı orta məktəbin səkkizinci sinfində oxuyurdum. 1938-ci il idi. Təsadüfən yolum bir saylı Azərbaycan Dövlət musiqi texnikumunun qarşısından düşdü. Gözüm texnikumun divarına vurulmuş, qəbul elanına sataşdı. Elanda tar sinfinə də qəbul vardı. Amma bu sənətin görkəmli nümayəndələri olan tarzənlər haqqında, onların mizrabla yaratdıqları musiqi möcüzələri barədə çox eşitmişdim. Bütün bunlar tarzənlik sənətinə heyrətimi artırmışdı. Həmin qəbul elanını görəndə nədənsə sənədlərimi ora vermək eşqinə düşdüm. Lakin ata-anamın məni həkim görmək istəyini xatırlayıb bir qədər tərəddüd etdim. Sonra ”gizli” fəaliyyətə başladım. Ailəmizdən xəbərsiz sənədlərimi hazırlayıb musiqi texnikumunun tar sinfinə qəbul üçün verdim…”.

Əhsən Dadaşov 1960-cı ildə Azərbaycan televiziyasında xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Sonralar “Xatirə” xalq çalğı alətləri ansamblı Əhsən Dadaşovun adını daşımışdır. Əhsən Dadaşov eyni zamanda bir çox tarzənlərin sənət müəllimi olmuşdur.

Görkəmli tarzənin 30-cu illərdəki bioqrafiyası ilə tanışlıq nəticəsində məlum olur ki, 1937-ci ilin repressiyası onların ailəsindən də yan keçməmişdir. Əhsən Dadaşovun atası Əliabbas kişi 1937-ci ilin repressiya qurbanlarından biri  olmuşdur. Lakin bu çətinliklər qarşısında Ə.Dadaşov sınmamış və musiqiyə olan böyük həvəsini itirməmişdir. Qısa bir vaxt ərzində texnikumun açıq konsertlərində mütəmadi olaraq çıxış edən Əhsən Dadaşov artıq 30-cu illərin axırlarında istedadlı bir tələbə kimi Bakı şəhərində keçirilən açıq konsertlərdə uğur qazanır. Belə ki, konsertlərin birində Əhsən Dadaşov “Şur” muğamını çalır. Konsertdə iştirak edən dahi bəstəkarımız Üzeyir Hacıbəyov onun çalğısını qiymətləndirərək deyir: “Əhsən” sənə, Əhsən”. 

“Qızıl fond”da qalan muğamları…

Əhsən Dadaşovun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun diqqətini cəlb etmiş və o, 1940-cı ildə gənc tarzəni rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə işə qəbul etmişdir. Bununla da böyük estradaya gəlişi başlayan  Ə.Dadaşova Səid Rüstəmov xüsusi qayğı göstərərək bir sənətkar kimi onun formalaşmasında mühüm rol oynayır və o,  kollektivin yaradıcı simalarından birinə çevrilir. 40 ilə yaxın yaradıcılıq fəaliyyət dövründə Əhsən Dadaşov Azərbaycan xalqına, onun musiqisinin inkişafına böyük xidmətlər göstərmişdir. Ustad tarzənin qısa, lakin mənalı ömrünün yaradıcılıq fəaliyyəti solist, müşayiətçi, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəçi, pedaqoji fəaliyyəti əhatə edir. 

Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmiş və bu sənətin qüdrətli davamçılarından biri olmuşdur. 

Təsadüfi deyildir ki, hələ 14 yaşında tar ifaçılığına vurğunluğu ilə seçilən Əhsən Dadaşovdan qəbul imtahanı götürən istedadlı tarzən Ənvər Mənsurov belə demişdi: “Musiqini qavramağından hiss edirəm ki, gələcəkdə ustad sənətkar olacaqsan”. 

Əhsən Dadaşovun lentə yazdırdığı “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Hümayun”, “Vilayəti-Dilkeş”, “Çahargah”, “Bayatı-Şiraz” və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunda saxlanılır. Yuxarıda adları çəkilən muğamlarla yanaşı digər muğamlarımızı da Əhsən Dadaşovun ifasında böyük maraqla qarşılanırdı. O, hər çıxışında muğama yeni xallar, barmaqlar, ştrixlər, zəngin musiqi çalarları əlavə edərdi. Bütün bunlar Əhsən Dadaşovun ustad sənətkar olduğunu göstərir.

Əhsən Dadaşov 30 may 1976-cı ildə Bakıda vəfat edib.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir