Həqiqət və yalan (2)

Kamil Vəli

Əsli itən, yox edilən Tövratın, Incilin, Zəburun mətnləri Həzrəti Musaya, Həzrəti Isaya, Həzrəti Davuda vəhy edilən mətnlərdən fərqli məqamları, insanın, siyasətlərin təxribatıdır. Lövhi-məhfuz reform istəməz, o, zamana, məkana görə dəyişməz, şəxslərə görə də dəyişə bilməz.

Insan əli dəymiş müqəddəs kitabların bu “adam-badam iyisi gəlir” məqamlarını Quran ilahi bir dəqiqliklə, ölçü-biçilərlə, dəmir məntiqlə isbat etmişdir. Bu isbat ayrı-ayrı məqamlara aiddir, əsla bütün müqəddəs kitabların mətn bütövlüyünü qapsamaz və əsla Həzrəti Musaya, Həzrəti Isaya, Məryəm Anaya, Həzrəti Davuda olan ilahi sayqını, sevgini əksiltməmişdir. Bütün peyğəmbərlərə – səma elçilərinə sonsuz məhəbbət Quranda əks olunmuşdur. Həzrəti Məhəmmədin sünnəti, səhabə gələnəyi, Islam alimlərinin yorum və təhlilləri Quranın bu ana həqiqətinin təsdiqidir.

Səhih olmayan yorumlar insanlığın düşüncə yollarında xəzan yarpaqları kimi tökülüb qalmış, kimsəyə lazım olmamışdır.

Elə yorumlar və mübahisələr var ki, o qiyamətə qədər davam edəcək. Bu mübahisələr, arayışlar ilahi mətnin kamilliyi ilə deyil, bu mətnləri oxuyanların kamil olmaması ilə bağlıdır.

Əlbəttə ki, mənim bu qeydlərim də bir düşüncədir, yorumdur, tənqidə də qapısı açıqdır.

Ancaq bizim məqsədimiz ilahiyyat araşdırması deyil, daha çox insanın yaratdığı mətnlərin mahiyyəti və şəklilə, forma və məzmunuyla, mətn və mətnlərarası təhlillə əlaqədardır. Bu müqayisəyə hər zaman ehtiyac da yoxdur. Ancaq nə qədər ki, insan yaradır, bu dünya ilə bərabər xəyali bir dünyanın modelini min bir şəkildə qurur və qurmağa davam edəcək, bu yorum və baxışlar da təbii şəkildə ortaya çıxacaqdır. Ruhun fonomonolojisi sonsuz variantlarda gerçəkləşməsi və gerçəkləşəcəyi bir həqiqətdir. Bu mənada ədəbiyyatın, sənətin yolu dindən fərqləndiyi kimi, elmdən də fərqlənir.

Bizim elm dediyimiz şey yalnız şumer-xətt, aramey qədim Yunan, qədim Çin, qədim Hind, qədim Türk məntiqi içində deyil. Bu elm həm də Tövrat, Incil, Zəbur, Quran elmidir.

Heç təsadüf deyil ki, Quranda ən çox təkrar olunan, işlənən kəlam elmdir.

Elmi indiki yəhudi doktrinləri içində düşünmək doğru sayılmaz. Torpaqlar, ölkələr işğal oluna bilər, fəqət beyinlər, düşüncələr işğal oluna bilməz.

Isbata, dəlilə, müşahidəyə söykənən elmlə imana söykənən elmlər arasında Çin səddi yoxdur. Rasional düşüncə ilə irrasional düşüncə arasında, formal və dialektik məntiqlə bulanıq (qeyri-səlis) məntiq arasındakı sərhədsizlik makro və mikro aləm arasındakı universallıq kimidir. Idrakın hüdudsuzluğu elmi və bədii arayışların sonsuzluğunu təsdiq edir.

Əslində, bu sərhədlər fenomenin özündə deyil, bizim beynimizdə qurduğumuz sərhədlərdir. Bu mənada, biz özümüzdəki sərhədləri dəyişirik, pozuruq, yenisini yaradırıq.

Allah, Insan, Kainat kitabındakı vəhdət pozulmazdır. Sərhədlər, hüdudlar da nisbidir, subyektivdir.

Bütün bunlarla bərabər bizim heyrətlə qarşısında donub qaldığımız, öyrəndiyimiz, bildiyimiz və bilmədiyimiz dünya sənətdir, konkret olaraq söz sənətidir.

Söz sənəti nədir? Bu sual yeni başlanğıcdır. Yeni başlanğıc ayrı bir söhbətin mövzusu, ayrı bir yolun başlanğıcıdır. Inşallah.

Eşq Allaha iman gətirmək deməkdir. Imanla eşqin bəzən sinonim olaraq işlənməsi təbiidir. Həqiqət, haqq olan yalnız Allahdır.

Yerdə qalan hər nə varsa, yalan olduğunu bilməliyik. Amma yalanlar eyni təbiətli deyil. Yalandan yalana uzanan yol boşluq, mənasızlıqdır. Yalan içində həqiqət arayışı üzü işığa getməkdir. Yalandan həqiqətə yol var. Əksinə yox. Əgər biz yalan dünyada yaşayırıqsa, yalan sözlərlə danışırıqsa, bu yalan içində tək çıxış yolu haqqa yönəlməkdir. Ədəbiyyatın, sənətin axtarışlarını mən başqa şəkildə təsəvvür edə bilmirəm.

Qarabağ şikəstəsinin gözəlliyindən danışmaq hər kəsin haqqıdır və isbata ehtiyacı olmayan həqiqətdir.

Amma bizim televiziyaların qara girdabında Qarabağ şikəstəsinin də, muğamların da bazara, özü də siyasət bazarına çıxarılmasının iki quruşluq əhəmiyyəti yoxdur.

Musiqi mədəniyyətin ruhudur. Musiqi o zaman xalqa haqqını, insana həqiqətini qaytarır ki, gerçək olsun, səmimi olsun, təmənnadan, iddiadan, yaltaqlıqdan, oğurluqdan, korrupsiyadan uzaq olsun.

Oğrunun, yaltağın əlindəki o incə saz da, o gözəl yastı balaban da, sədəfli-sədəfsiz tar da, möcüzə kaman da gözəlliyə, ümidə xeyirə, ədalətə deyil, şərə, şeytana xidmət edir.

Musiqinin ali növü olan muğam da, aşıq musiqisi də, türkü də, havacat da ədalətin əməlində olanda özü olur, vasitəyə, pərdəyə, maskaya, şou adlı idbarlığa xidmətdən uzaq olur.

Muğamatla, o gözəl Qarabağ şikəstəsi ilə itirilmiş torpaqları geri qaytarmaq mümkün deyil. Bu cür imitasiya xalqın başına corab hörməkdən, onu uşaq yerinə qoyub tovlamaqdan başqa bir şey deyil.

“Qarabağ şikəstəsi”ni yanıqlı-yanıqlı oxuyan müğənniyə elə gəlir ki, onun “di gəl” sözündəki yalvarışdan və ya “yaddan çıxmaz Qarabağ” naləsindən sonra rus yumşalıb erməniyə deyəcək ki, “Ə, dığa, bunların Qarabağını ver getsin, sən Allah, mənim ürəyim şan-şan oldu…”

Qanla verilmiş torpağı yalnız qan ilə almaq olar, əziz qardaşlar, əziz bacılar.

O qədər yalan danışmışıq ki, öz yalanımıza da inanmağa başlamışıq.

20 ildir ki, hər Novruzda Şuşada olacağımızı vəd etmişik, millətə söz vermişik və hər il də yalançı olduğumuzu isbat etmişik.

Get-gedə aydın olur ki, bizə Qarabağ yox, Qarabağ mifi, Qarabağ nağılı lazımdır.

“Qarabağ şikəstəsi”ndə dəfn olunmuş Qarabağı ağlaya bilərik, dizimizə döyə bilərik, şeir yazıb, mahnı qoşmağı da bacarırıq. “XXI əsr türk əsri olacaq” şüarını millətin gözünün içinə baxa-baxa onun üzünə deyən prezident Türkiyə ilə vizanı aradan qaldırmır, gizli-açıq söhbətlərində, anlaşmalarında Israili özünə həmdəm bilənlər, rus kölgəsini, Ingiltərə bankını, Dubay villasını, dürlü-dürlü hesabları özünə müqəddəs bilirlər, Türk Dünyasını yox. Indi Qarabağ kimi, Türk Dünyası da bazar əmtəəsinə, lafçılığa, quruca sözə çevrilib.

Ölkənin baş ideoloqu Ramiz Mehdiyevin Türk Dünyası “sevgisi”, “sayqısı” tərcümə edilən Türk filmlərinə baxanda, dışlanan türklüyü görəndə, Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarına, Elçibəyə və onun əqidə dostlarına münasibətdə o qədər aydın ifadə olunub ki, bu riyakarlığın heç bir sübuta-filana ehtiyacı yoxdur.

Indi Azərbaycanda gözəl türkcəmizin sözlərinin içi də boşaldılıb, o sözlər boş hay-küyə çevrilib.

Biz içi boşaldılmış, əqidəsizləşdirilmiş, imansızlaşdırılmış sözlərlə danışırıq, o yalan sözlərə özümüzü inandırırıq. Bu proses o qədər sürətlə gedir ki, yaxın zamanlarda müstəqil dövlətin də, azad millətin də sonu açıq-aydın görünür. Rusiyanın və Amerikanın, “demokratik” Avropanın başını  çəkdiyi bu post-modern işğalın Azərbaycan və Azərbaycan kimi ölkələrin sonunu gətirəcəyinə artıq şübhə qalmayıb.

Bu bəlkə də bir qiyamət əlamətidir. Çölü göz qamaşdırıcı işıq, içi zülmət, qaranlıq olan Azərbaycan hakim ailənin içində ins-cins yaşamayan iqamətgahlarına, villalarına o qədər bənzəyir ki, bu qədər bənzərlik dünyada azdır.

Rusun assimilyasiya siyasətinin bacara bilmədiklərini indiki iqtidar bacara bilmişdir. Öz xalqından başqa heç bir kəsə, heç bir düşməninə qalib gəlməyən Azərbaycan iqtidarı bu yaddaşsızlaşdırmanı ustalıqla bacarmışdır. Bunun çox səbəbi var. Ən dəhşətli yalan həqiqətə ən çox yaxın olan yalandır.

Milləti təməlindən ayırmaq siyasətinin ideologiyası balığın başıdırsa, bu işin icraçıları Azərbaycan televiziyası, qələmi yalan və yaltaqlıq üyüdən yazarlar, jurnalistlər, sənətçilərdir. Onlara bədnam deməyə də adamın dili gəlmir.

Stalinsayağı geyinən uzunboğaz çəkməli Azərbaycan aşığı Aşıq Ələsgər, Aşıq Şəmşir, Ağdabanlı Qurban, Hüseyn Saraclı, Əmrah… sənətinə o qədər yaddır ki, bu qədər yad, uzaq şeyləri müqayisə etmək belə günahdır.

Allah bizi bu çəhrayı rəngdən, bulanıq və bulaşıq zamandan xilas edə biləcəkmi?

Hər gecənin bir səhəri var. Bu gecə niyə belə uzandı?!

Uzanan gecələr sabahın olmaması anlamına gəlməz.

Yalan mindir, həqiqət bir. Sabah var. Və o mütləq gələcək…