Hakimiyyətin saxta Avropa jesti

Rahim Hacıyev: «Hər hansı bəyanatın arxasınca əməli addımlar atılmırsa, bu, yerli və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir»

 

Azərbaycanın Iqtisadi Inkişaf Naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Biliyinin Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin dəvəti əsasında Brüsseldə səfərdə olub. Ştefan Füle ilə görüşdə Azərbaycanla AB arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Görüş zamanı Şahin Mustafayev AB ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Iqtisadi inkişaf naziri həmçinin siyasi-iqtisadi vəziyyət haqqında da söhbət açıb. Görüşdə 2012-ci il fəaliyyət planı üzrə Maliyyələşdirmə sazişi imzalanıb.

Çox qəribə mənzərədir. Həqiqətən də Azərbaycan hakimiyyətinin xarici siyasəti “xaric” notlarla zəngindir.

Bir müddət öncəyə qədər hakimiyyətin yuxarı eşelonu Avropa Birliyini Azərbaycanın maraqlarına zərbə vurmaqda ittiham edirdi. Administrasiya rəsmisi Novruz Məmmədov müsahibələrində Ştefan Füleni qeyri-səmimilikdə, Azərbaycana qarşı qərəzli mövqe tutmaqda qınayırdı. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti AB-dən gələn demokratiya, insan hüquqları, ədalətli seçki ilə bağlı tələbləri “bizim öz yolumuz var”, “bizim üzv olmadığımız birlik bizə tələb qoya bilməz” tiipli ifadələrlə cavablayırdılar.

Indi Avropa Birliyinə belə isti münasibət nəyin göstəricisdir? Niyə hakimiyyət hər zaman uzaq qaçmağa çalışdığı quruma, indi qucaq açıb?

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, Azərbaycan-Avropa münasibətlərində, Avropa Birliyinin son illər ərzində ciddi səylər göstərməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur: “Müxtəlif ranqlı rəsmilərin Avropa Birliyi ilə  Azərbaycan hökumətinin ciddi tərəfdaşlıq münasibətində olması ilə bağlı bəyanatlarının indiyə qədər əməli nəticələri görünmür. Qonşu Gürcüstan və Ermənistanın noyabr ayında Vilnüsdə keçiriləcək sammitdə Assosasiya müqaviləsi, AB ilə azad ticarət zonasının yaradılması haqqında sənədləri imzalayacağı gözlənildiyi bir vaxtda, Azərbaycan hakimiyyəti dəfələrlə təklif olunmasına baxmayaraq bu istiqamətlər üzrə heç bir əməli adım atmayıb. Istər Assosasiya, istərsə də Azad Ticarət müqaviləsi bu sənədləri imzalayan ölkələrdən siyasi və iqtisadi sahədə Avropa standartlarının tətbiqi və dəyərlərinin bərqərar olmasını tələb edir. Bəlli olduğu kimi  Azərbaycan hakimiyyətinin siyasi və iqtisadi plüralizmi tətbiq etmək niyyəti yoxdur. Qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmin edilmədiyi, azad və ədalətli seçkilər keçirilməyən, məhkəmə müstəqilliyi təmin olunmayan ölkənin rəsmilərinin Avropa ilə ciddi əlaqələr qurmaq haqqındakı bəyanatları əsaassız fikirlər kimi qiymətləndirilməlidir. Hər hansı bəyanatın arxasınca əməli addımlar gəlmirsə, belə bəyanatlarda məqsəd yerli və beynəlxalq ictimaiyyəti aldatmaqdır”- deyə ekspert bildirdi.

Ilham Hüseyn