asad-aliyev

Hakimiyyətdə Suriya təlaşı

Bəşər Əsədin devrilməsi ilə bağlı qərar İlham Əliyevi təşvişə salıb

Son günlər Suriya ilə bağlı baş verənlər Azərbaycan hakimiyyətini təşvişə salıb. Iqtidar daxilindən redaksiyamıza sızan məlumata görə, hakimiyyət seçki ərəfəsində bu məsələnin aktuallaşması və Bəşər Əsədin devrilməsi ilə bağlı konkret qərar verilməsinin Azərbaycana təsirsiz ötüşməyəcəyi qənaətindədir. Ona görə də iqtidarda ciddi narahatlıq var.
Məlumatda deyilir ki, Prezident Administrasiyasından televiziyalara və hakimiyyətə yaxın qəzetlərə tapşırılıb ki, Suriya ilə bağlı baş verənlər geniş işıqlandırılmasın. Bundan əlavə televiziyalarda “ərəb baharı”nın “fəsadları” barədə geniş reportajlar hazırlanması barədə göstəriş verilib. Bəşər Əsədin müdafiəsi ilə bağlı süjetlərin hazırlanması da verilən tapşırıqlara daxildir.
Hakimiyyət ciddi-cəhdlə çalışır ki, Azərbaycan cəmiyyəti Bəşər Əsədlə bağlı baş verənlərdən xəbərsiz qalsın. Əks-təqdirdə bu narazı kütləyə etirazlara başlamaq üçün impuls verə bilər. Lakin hakimiyyət internet əsri olduğunu nəzərə almır. Indi informasiyanın ötürülməsi an məsələsidir və bu baxımdan iqtidarın cəmiyyəti informasiya blokadasında saxlaması mümkün olmayacaq.