«Demokratik düşərgənin bu dərəcədə geniş dəstək qazanan namizədi hələ olmayıb»
Fuad Ağayev: «Hakimiyyət Rüstəm Ibrahimbəyov barəsində cinayət ittihamı irəli sürmək niyyətindədir»
MSK Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydə alınmamasının səbəbi kimi onun Rusiya vətəndaşı olmasını əsas göstərmişdi. Həmin qərardan narazı qalan R.Ibrahimbəyov MSK-ya qarşı iddia ərizəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Avqustun 30-da Apelyasiya Məhkəməsində R.Ibrahimbəyovun MSK-ya qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib və şikayət təmin edilməyib. Milli Şuranın üzvü, R.Ibrahimbəyovun vəkili Fuad Ağayevlə müsahibəmizə sonrakı hüquqi addımların nəylə bağlı olcağı ilə suala cavab almaqla başladıq.
– Apelyasiya Məhkəməsinin qərarının surətini aldıqdan sonra dərhal kasasiya şikayəti verəcəyik. Azərbaycan məhkəmələrinin Rüstəm Ibrahimbəyovun iddiası ilə bağlı hər hansı ədalətli, qanuni, Konstitusiyaya uyğun qərar qəbul edəcəklərinə inanmıram. Ali Məhkəmənin güman etdiyimiz qərarından sonra da biz BMT-nin Insan Hüquqları Komitəsinə müraciət edəcəyik.
– Rüstəm bəyin rəhbəri olduğu Kinematoqrofçular Ittifaqıyla bağlı vergi araşdırmaları davam edir. Bundan başqa, mətbuatda Rüstəm bəyə qarşı ittihamlar irəli sürülməsi üçün başqa cinayət işlərilə də bağlı hazırlıqların getdiyi bildirilir. Doğrudanmı hakimiyyət bu qədər ifrata vararaq absurd iddialarını konkret reallığa çevirmək istəyə bilər?
– Konkret olaraq Rüstəm bəyə qarşı hazırda hər hansı ittiham yoxdur. Amma onun rəhbərlik etdiyi Kinematoqrafiya Ittifaqında vergi yoxlamaları olub. Rüstəm Ibrahimbəyovun yaradıcısı olduğu “Ibrus” Kino şirkətində yoxlama keçirilib. Bundan başqa, Mingəçevir şəhərində Kinematorafçılar Ittifaqına məxsus bina dağıdılıb. Bir müddət əvvəl Rüstəm müəllimin və digər şəxslərin xüsusi mülkiyyətində olan kino məktəbi kompleksi üçün nəzərdə tutulan torpaq sahələri zəbt olunub və əllərindən alınıb. Onu da deyim ki, bu torpağın, orada görülən işlərin dəyəri milyonlarla manatdır. Bütün bunlar Rüstəm Ibrahimbəyova qarşı təqib kampaniyasının tərkib hissələridir. Cinayət ittihamına gəlincə, hələlik Rüstəm bəylə bağlı cinayət ittihamı yoxdur. Amma baş verən hadisələr onu göstərir ki, hazırkı hakimiyyət Rüstəm Ibrahimbəyov barəsində cinayət ittihamı irəli sürmək niyyətindədir.
“Cəmil Həsənlinin namizədliyi cəmiyyətdə rəğbət oyadır”
– Hələ seçki kampaniyası başlamamışdan əvvəl Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov hakimiyyətin təzyiqlərinə məruz qalmışdı. Rüstəm Ibrahimbəyovla bir neçə dəfə telefon əlaqəsi saxlayan Nicat Quliyevin isə bağ evinə silah-sursat atılaraq həbs edilib. Hakimiyyətdəki bu təlaş nədən qaynaqlanır?
– Mən başqaları ilə bağlı bir fikir söyləyə bilmərəm. Amma iqtidarın müxalifətə, Milli Şuraya qarşı piar kampaniyasını, respublika prokurorluğunun məlum hərəkətlərini təhlil edəndə bu nəticəyə gəlmək olur ki, iqtidar qarşıdakı seçkilərdə öz real məğlubiyyətini dərk edərək, buna yol verməmək üçün yenidən güc dəyənəyini işə salır. Yəni güc nazirlikləri, güc strukturları işə salınır və onlar da heç bir qanunvericilik, Konstitusiya, Cinayət Məcəlləsi, Cinayət Prosesual Məcəlləsinin tələblərini nəzərə almadan insanlara təzyiq edir, diqqəti seçkilərdən yayındırmağa, müxalifəti zəiflətməyə çalışırlar.
– Milli Şura seçkidən kənarda qalmamaq üçün professor Cəmil Həsənlinin namizədliyini irəli sürdü. Milli Şuranın bu addımına cəmiyyətdə reaksiya birmənalı olmadı. Siz Cəmil Həsənlinin namizədliyini necə dəyərləndirirsiniz?
– Cəmil Həsənli Milli Şura tərəfindən təşkilatın ehtiyat vahid namizədi kimi dəstəkləndi. Cəmil bəyin namizədliyinin irəli sürülməsi cəmiyyətdə müsbət qarşılandı. Bunu hamı, iqtidar da görür. Cəmil Həsənliyə də Rüstəm Ibrahimbəyov kimi real müxalifətin mütləq dəstəyi var. Indinin özündə seçki kampaniyası olmadan belə o, reallıqda 65-70 faiz seçici səsi ala bilər. Milli Şuraya daxil olan AXCP, ALP Müsavat Partiyası və digər siyasi təşkilatlar, daha sonra məlum oldu ki, Milli Şuraya daxil olmayan Xalq Partiyası və bir sıra başqa siyasi təşkilatlar da Cəmil Həsənliyə dəstək verir. Eyni zamanda onun namizədliyini ziyalılar, müstəqil QHT-lər birmənalı dəstəkləyir. Əgər biz son 20 illik müddətə nəzər salsaq görəcəyik ki, demokratik düşərgənin bu dərəcədə geniş dəstək qazanan namizədi hələ olmayıb.
– Son zamanlardakı həbslərdən elələri var ki, onların sırf seçkilərlə bağlı baş verdiyi açıq görünür. Akif Muradverdiyevin həbsinin sadəcə olaraq gömrükdəki bir pozuntu ilə bağlı olmadığı, siyasi mahiyyət daşıdığı hiss olunur…
– Mən hələlik Akif Muradverdiyevin işiylə bağlı heç bir açıqlama verməyəcəm. Birincisi, ona görə ki, istintaq məlumatlarını yaymamaq haqqında iltizam vermişəm. Ikincisi isə ona görə ki, Akif Muradferdiyev vəkil kimi mənim müdafiəmdən imtina edib. Bu hal 2006-cı ildə də baş vermişdi. O zaman da mən Akif Muradverdiyevi müdafiə edirdim. O vaxt Akif Muradverdiyevi vadar etmişdilər məndən imtina etsin. Bu səbəbdən mən hələlik həmin iş barəsində açıqlama verməyəcəm. Amma bir şeyi deyə bilərəm ki, o işdə o qədər qanun pozuntuları baş verib, onların içində elə biabırçı pozuntular var ki, bu hətta Azərbaycanın hüquq mühafizə sistemi üçün belə xarakterik deyil.
“Keçmiş səfirlərin məqaləsi ABŞ-da iqtidara münasibətin dəyişməsin göstərir”
– Seçki ərəfəsində ayrı-ayrı siyasi məhbusların dilindən – Fərhad Əliyevdən, Ilham Əmiraslanovdan hakimiyyətə dəstəklə bağlı bəyanatlar alınır. Bir vəkil kimi bu halı necə dəyərləndirirsiniz. Bu etik normalara nə dərəcədə uyğundur?
– Mən uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslərin hər hansı hərəkətlərini şərh etmək istəmirəm.
– Bu hal etik normalara uyğundurmu?
– Sual ritorik xarakter daşıyır.
– ABŞ-ın dörd keçmiş səfiri bu günlərdə “New-York Times”də maraqlı məqalə ilə çıxış ediblər. Həmin məqalədə səfirlər ABŞ hökumətinə müraciət edərək bəyan edirlər ki, Azərbaycanda hər saxtalaşdırılan seçki, mülkiyyəti əlindən alınan vətəndaşın hüquqlarının pozulması Amerikaya münasibəti neqativləşdirir. Ona görə ABŞ Azərbaycanda insan haqlarının müdafiəsi mövqeyindən daha ardıcıl çıxış etməlidir. Belə bir yazının meydana gəlməsini necə dəyərləndirmək olar?
– Bu çox maraqlı məqamdır. Həmin keçmiş səfirlərin məhz indiki məqamda sinxron çıxış etməsi, Cəmil Həsənli və Milli Şuranın nümayəndə heyətinin dəvət edilməsi, bir sıra başqa məqamlar ABŞ Administrasiyasında, ümumiyyətlə, Qərb demokratiyasında Azərbaycan iqtidarına olan münasibətin dəyişməsi tendensiyasını əks etdirir. Bu həm də onu göstərir ki, hazırkı iqtidarın ənənəvi olaraq söykəndiyi və həmişə istinad etdiyi dövlətlər artıq Azərbaycan hakimiyyətinə o dərəcədə etibar etmirlər. Yəni onların hakimiyyətə etibar limiti tükənmək üzrədir.
“Prokurorluq mövcud olmayan kütləvi iğtişaşları uyduranın məsuliyyət məsələsinə baxmalıdır”
– Hazırda prezident seçkilərində iştirakla bağlı MSK-da 20-yə yaxın namizəd qeydə alınıb. Ekspertlər vurğulayır ki, namizədlərin sayının çox olması təsadüfi deyil, məqsəd ITV-də ödənişsiz efir vaxtından müxalifət namizədinin payını azaltmaqdır. Bundan başqa, tanınmış özəl kanallar da seçki təşviqatında iştirak etmək üçün ödənişli efir vaxtının ayrılması barədə MSK-ya müraciət etməyiblər…
– Iqtidar çox gözəl başa düşür ki, əsas kütləvi informasiya vasitələri elektron KIV-lər olmaqla qalır. Uzun illər tanınmış müxalifət liderlərinin televiziya çıxışlarının yasaqlanmasının fonunda, birdən-birə həmin yasaqın seçki kampaniyası dövründə məcburən aradan qaldırılması, müxalifət liderlərinin çıxışları və bilavasitə seçicilərə müraciətləri iqtidarın onsuz da aşağı reytinqini sürətlə sıfra yaxınlaşdırar. Hakimiyyət bunu gözə bilir. Süni olaraq namizədlərin sayının da artırılması efir vaxtının minimuma endirilməsinə yönəlib. Digər tərəfdən, bu müşahidənin gerçək olduğunu təsdiqləyən başqa müşahidələr də var. Son günlər “EL” hərəkatının rəhbərləri Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsinə çağrılırlar. Müstəntiqlərin dediklərinə görə, Əflan Ibrahimov onların guya kütləvi iğtişaş hazırlamaları haqqında ərizə verib. Cinayət Məcəlləsinin 296.3-cü maddəsi bilə-bilə yalan xəbərçiliyə görə səkkiz ilə qədər azadlıqdan məhrumetmə sanksiyası nəzərdə tutmuşdur. Əgər ərizədəkilər təsdiqini tapmırsa, prokurorluq orqanları həmin ərizəni vermiş şəxs barədə tədbir görməlidirlər. Amma onlar nə edirlər? Prokurorluq “EL” Hərəkatının və Milli Şuranın maliyyə mənbələrini öyrənməyə çalışırlar. Sual olunur ki, istintaq orqanının Milli Şuranın hansı mənbələrdən maliyyələşməsini öyrənmək nəyinə lazımdır? Bəlkə Prokurorluğun Ağir Cinayətlərə dair Işlər üzrə Idarəsinin rəisi, 2005-ci ilin oktyabrında Eldar Salayev, Əli Insanov, Fərhad Əliyev, Akif Muradverdiyev və başqalarına qarşı hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlar kimi gülünc ittiham verən Eldar Əhmədov və ona göstəriş verənlər reallıq hissini tamamilə itiriblər? Nə tez unutdular ki, həmin ittihamdan hələ 2006-cı ildə imtina etməli oldular. Niyə prokurorluq saysız-hesabsız şikayətlər, ərizələr almasına baxmayaraq, yüz minlərlə həmvətənimizin evlərinin məhkəmə qərarları olmadan əllərindən alınması, sökülməsi, onların süni olaraq yoxsullaşdırılması ilə bağlı araşdırmalar aparmır? Niyə? Axı bu onun borcudur! Ona görə ki, güc orqanları dövlətin orqanları funksiyasını deyil, hazırkı iqtidarda təmsil olunanların alətləri funksiyasını həyata keçirirlər. Hakimiyyətin davranışında məqsəd tək o deyil ki, prezidentliyə namizədlərin sayını süni olaraq şişirtməklə, yaxud yalançı müxalifətçi namizədləri qeyd almaqla, pulsuz teleefir vaxtını azaltsınlar, məqsəd həm də ondadır ki, Milli Şuranın maliyyələşdirilməsinin hər yolla qarşısı alınsın və pullu teleefir vaxtının əldə edilməsi, ümumiyyətlə, seçki kampaniyasının aparılması çətinləşsin, diqqət başqa səmtə yönəldilsin.
– AMIP seçkidə heç kimi dəstəkləməməklə bağlı qərar verib. Siz bu partiyada vaxtilə Mərkəzi Şuranın sədri olmusunuz. Çoxillik mübarizə tarixi olan təşkilatın belə bir qərar verməsini necə dəyərləndirirsiniz?
– Hər bir siyasi təşkilat öz mövqeyini müstəqil şəkildə müəyyənləşdirir və həmin mövqe nə dərəcədə qəribə olsa da istənilən halda ona hörmətlə yanaşılmalıdır. Amma mən düşünürəm ki, bu qərarın olması həmin partiyanın üzvlərinin müstəqil şəkildə mövqelərini müəyyən etməsinə, o cümlədən Milli Şura namizədini dəstəkləməsinə mane olmaz.
Xəyal