Cəlal Əliyev Saatlıya niyə getmədi?

Ölkə başçısı İlham Əliyev hansısa rayona səfər edəndə adətən onu icra başçısı ilə yanaşı həmin bölgədən seçilən deputat müşayiət edir. Amma İlham Əliyev Saatlıya səfəri zamanı belə olmadı. Həmin rayondan deputat seçilən şəxs ölkə başçısının yanında görünmədi. Məlumat üçün deyək ki, Saatlının deputatı İlham Əliyevin əmisi akademik Cəlal Əliyevdir. Onun ölkə başçısı ilə birgə Saatlıya səfər etməməsi səhhətindəki problemlərlə izah edilə bilər. Amma məsələ burasındadır ki, Cəlal Əliyev səhhəti o qədər kritik vəziyyətdə deyil. Hər halda o, gündəlik olaraq Azərbaycan Milli Elmlər Akademiyasına gəlir. Onun Saatlıya da getməsi mümkün idi. Lakin bu baş vermədi. Ehtimal olunur ki, bu, Cəlal Əliyevin İlham Əliyevə soyuq münasibətindən irəli gəlir. Hər halda onların münasibətlərinin pozulması barədə bir müddət əvvəl mətbuatda məlumatlar dərc edilib. Və bu xəbərlər təkzib olunmayıb.