Cəbhəçi gənclər Yardımlıda da təşkilatlandı

AXCP Gənclər Komitəsi ilin əvvəlindən başlayaraq Azərbaycanın bütün coğrafiyası üzrə təşkilatlanmağı qarşısına məqsəd qoyub. Artıq bu ilin əvvəlindən Gənclər Komitəsi öz strukturunda dəyişiklik edərək, seçkili orqana çevrilib. Və indiyə qədər 35-dən çox rayonda Gənclər Komitəsinin yerli strukturları yaradılıb. Xatırladaq ki, AXCP Gənclər Komitəsi sentyabr ayında ümumrespublika qurultayı keçirməyə hazırlaşır və bu məqsədlə öz fəaliyyətini təşkilatlanmaq üzərində qurub.

Ötən gün AXCP Gənclər Komitəsinin sədr müavini Elnur Məcidli  Yardımlı rayonunda yerli cəbhəçilərlə görüş keçirib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub, Yardımlı rayon şöbəsində təşkilat komitəsinin sədri və müavinləri seçilib.

Elnur Məcidli qəzetimizə açıqlamasında bildirdi ki, Yardımlı gəncləri ilə görüş yüksək ovqatda keçib və toplantıya heç bir müdaxilə edilməyib: “Yardımlı gəncləri mübarizə əzmindədilər və demokratik qüvvələrin qalibiyyətinə inanırlar. Görüşdə sentyabr ayında keçiriləcək qurultay, partiya üzvlərinin görəcəyi işlər, internet fəaliyyəti, təşkilatlanma məsələləri müzakirə olundu. Səsvermə yolu ilə təşkilat komitəsinin sədri və müavinlər seçildi. Gənclər partiyanın mövqeyini dəstəkləyir və Milli Şuranın seçki kampaniyasında iştirak etməyə hazırdılar”.

Ilham Hüseyn