Baş nazirin sabiq müavini iqtidardan gələn təkliflə razılaşmayıb
“Milyarderlər Ittifaqı”nın sədri, baş nazirin sabiq müavini Abbas Abbasovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, hakimiyyət Abbas Abbasova təzyiq edərək onun “Milyarderlər Ittifaqı” ilə bağlı məsələdə tutduğu mövqedən geri çəkilməyə, Söyün Sadıqovun və Rüstəm Ibrahimbəyovun əleyhinə bəyanat verməsinə nail olmaq istəyir.
Məlumatda deyilir ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya gəlişindən sonra baş nazirin sabiq müavininə təzyiqlər daha da artıb. Putinin gəlişi ərəfəsində Abbas Abbasovun Ilham Əliyevə qarşı hazırlanan qəsd planında xüsusi yer alması barədə məlumatlar dərc edilməsinin kökündə də məhz bu məsələ dayanır. Yəni, hakimiyyət Abbas Abbasovu asi sayır və bağışlanması müqabilində Söyün Sadıqovla Rüstəm Ibrahimbəyova qarşı bəyanatlar səsləndirməsini istəyir. Lakin baş nazirin sabiq müavini hakimiyyətdən gələn bu mesaja rədd cavabı verib. Məlumata görə, Abbas Abbasov heç bir halda hakimiyyətin istədiyi açıqlamaları verməyəcəyini bildirib. Baş nazirin sabiq müavini hər hansı təzyiqdən çəkinmədiyini də deyib.
Bildirilir ki, Abbas Abbasovun son açıqlaması da məhz bundan qaynaqlanır. Xatırladaq ki, baş nazirin müavini sonuncu açıqlamasında Kremlin Ilham Əliyevə qarşı planında yer alması barədə məlumatlara işarə edərək bildirib ki, o, barəsində dərc edilən bu tip yazılara əhəmiyyət vermir. Abbas Abbasov həmçinin əlavə edib ki, onun kiminsə müdafiəsinə də ehtiyacı yoxdur. Bildirilir ki, baş nazirin sabiq müavini bununla hakimiyyət bağışlanmaq təklifinə rədd cavabı verdiyini sərgiləyib.