Rövşən Ağayev: «Inhisarçı iqtisadiyyatın altında həmişə inflyasiya bombası dayanır»
Dövlət başçısının son günlər müxtəlif sahələrdə çalışanların əmək haqqını, həmçinin pensiya və müavinətləri 10 faiz artırması əhalinin durumunda özünü göstərməsə də, qiymətlərin artımını qaçılmaz edib. Qiymət artımına səbəb əslində gəlirlərin artımı yox, ölkə iqtisadiyyatında hökmranlıq edən inhisarçılıqdır. Ancaq maraqlıdır ki, bu dəfə maaş artımından əvvəl də qiymət artımı baş verib.
Dövlət Statistika Komitəsi bu ilin ilk yarısında ölkədə bütün sektorlar üzrə qiymət artımlarının olmasını açıqlayıb. Bu da onu deməyə əsas verir ki, ölkədə ilboyu bahalaşma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən ölkədə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 4,1 faiz artıb. Bu dövrdə mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı 0,3 faiz ucuzlaşsa da, xam neft və təbii qaz hasilatı 4,8 faiz bahalaşıb. Kimya sənayesi 2,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi 2,2 faiz, toxuculuq sənayesi 1,6 faiz, kağız və karton istehsalı 1,2 faiz, geyim istehsalı 0,9 faiz, neft məhsullarının istehsalı 0,8 faiz, mebel istehsalı 0,3 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı, həmçinin avtomobil və qoşquların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.
Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. Iyul ayı ərzində ərzaqların qiymətində bahalaşma müşahidə olunub.
Maaş artımında əvvəl bu qədər qiymət artımının müşahidə olunması nə ilə bağlıdır?
Iqtisadçı-ekspert Rövşən Ağayev normal iqtisadiyyatda gəlirlərin artımının inflyasiyaya səbəb olduğunu deyir. Azərbaycanda inhisarçı iqtisadiyyat şəraitində proseslər anormal şəkildə baş verir. Inhisarçı iqtisadiyyatın altında həmişə inflyasiya bombası dayanır. Inflyasiya bu iqtisadiyyat üçün təhlükəlidir. Sadəcə olaraq hökumətin əlində böyük neft pullarının olması, ucuz idxal hesabına bazarların doldurulması, dövlətin iqtisadiyyat üzərində sərt nəzarətinin olması inflyasiyanı müəyyən həddə saxlamağa imkan verir. Inhisarçılığın olması isə inflyasiyanı doğurur: “Inhisarçı, rəqabət mühiti olmayan iqtisadiyyatda həmişə inflyasiya olur. Sadəcə hökumət həmişə rəsmi statistikada inflyasiyanın səviyyəsini aşağı salır. Lakin müstəqil iqtisadçılar inflyasiyanın səviyyəsinin rəsmi rəqəmlərdən yüksək olduğunu müəyyən edir”.
Ekspertin sözlərinə görə, 15-ə qədər məhsuldan ibarət qeyri-ərzaq səbətinin dəyəri ötən ilə nisbətən 30 faizdən çox bahalaşıb. Bu onu göstərir ki, hökumət inflyasiyanın səviyyəsini gizlədə bilmir. Ona görə də bu ilin ilk yarısında qiymətlərin bahalaşmasını etiraf edib. Digər illərdən fərqli olaraq bu il yay aylarında kənd təsərrüfatı məhsullarının da qiyməti enmədi.
Fizzə