Səyavuş Aslanın oğlunun adı ev qalmaqalında

Eldar Aslanın xalq artisti Aygün Kazımovanın qardaşı ilə biznes ortağı olması üzə çıxdı 

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı, “Əsgəroğlu-K” MMC-nin direktoru Kazım Kazımov, şirkətin satış meneceri Yaqub Kiyasov və mühasibi Olqa Valentinanın cinayət işi üzrə məhkəmə başlayıb. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Bakı şəhərində tikinti işləri ilə məşğul olan Kazım Kazımov və Yaqub Kiyasov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunurlar.

Bu cinayət işinə bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə Kazım Kazımov 10 il, Yaqub Kiyasov 9 il, Olqa Valentina 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan sonra təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilib. Istintaqın gedişi zamanı onların yeni cinayət əməlləri üzə çıxıb. Buna görə də cinayət üzrə materiallar yenidən baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com-un məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Kazım Kazımov ifadə verməkdən imtina edib. O, bildirib ki, həbs olunana kimi 1 milyon 200 min manat borcu olub. Həmin borcu qaytarmağa imkanı olsa da, buna şərait yaradılmayıb. 

Zərərçəkmiş Əliağa Əzimov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən Kazım Kazımovu tanıyır. Onun sözlərinə görə, “Əsgəroğlu-K” MMC-nin bina inşa edilməsi ilə bağlı elanı görüb və mənzil almaq üçün həmin şirkətə gedib: “Əvvəlcə şirkətdə söhbət etdik, sonra məni bina tikiləcək yerə apardılar. Həmin yeri məni göstərdilər ki, bina burda tikiləcək. Sonra şirkətə qayıdıb alqı-satqı müqaviləsi bağladıq”.

Zərərçəkmiş şəxs daha sonra qeyd edib ki, binanın inşa edilmədiyini gördükdə bununla bağlı şirkətlə əlaqə saxlayıb. Şirkətə getsə də, Kazım Kazımovu yerində tapa bilməyib.

Zərərçəkmiş deyib ki, sonradan aldığı mənzilin 3 nəfərə satılmasından xəbər tutub. Bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət edib: “Məhkəmədə məlum oldu ki, mənzili məndən sonra Qənirə Məmmədovaya da satıblar. Onunla da məhkəmədə görüşdük”. 

Zərərçəkmişin ifadəsinə Kazım Kazımov belə şərh verib: “Müştərilərlə alqı-satqı müqaviləsi məndə yoxdur. Ona görə də burada danışa bilməyəcəm. Məni söysələr də, müqaviləni görmədən danışmayacam”.

Hakim bildirib ki, alqı-satqı müqavilələri cinayət işində var və sənədlərin tədqiqi zamanı həmin müqavilələr elan ediləcək. Bundan sonra digər zərərçəkmiş Elçin Dəmirov ifadə verib. O, bildirib ki, 2006-cı ildə mənzil almaq üçün müqavilə bağlayıb və ilkin olaraq 6300 manat ödəyib. 2012-ci ildə aldığı mənzilin Rasim adlı başqa şəxsə də satıldığını bilib: “Bununla bağlı Kazım Kazımovla görüşmüşəm. Kazım da deyib ki, heç bir problem yoxdur”.

Çingiz Ismayılzadə də təqsirləndirilən şəxslər tərəfindən aldadıldığını deyib. Onun sözlərinə görə, pulunu geri almaq üçün şirkətə gedib. Kazım Kazımovun yanında Səyavuş Aslanın oğlu Eldar Aslanı görüb. Zərərçəkmiş Eldar Aslanın da Kazım Kazımovla əlaqəli olduğunu bilib. O, daha sonra qeyd edib ki, Eldar Aslanın vasitəsilə verdiyi pulun 20 min manatı geri qaytarılıb. Mənzil alması üçün 27 min 937 manat ödədiyini deyən zərərçəkmiş söyləyib ki, vətəndaşların aldadılmasında günahkar Etibar adlı şəxsdir. Çünki Etibar adlı şəxs pulların yığılmasına fəallıq edib. 

Zərərçəkmişlər Zeynəb Məmmədova, Kəmalə Dostuyeva, Vadim Zülfüqarov da məhkəmədə ifadə veriblər. Onlar da mənzil almaq məqsədi ilə şirkətə müraciət ediblər. Pullarını ödəsələr də, mənzillərini ala bilməyiblər. 

Məhkəmə iclası sentyabrın 11-də davam etdiriləcək.