Prezident Admnistrasiyasından «yüzbaşı»lar üçün hazırlanan direktivlər «Azadlıq»da
Qarşıdan gələn prezident seçkisi ilə bağlı Prezident Administrasiyasından icra hakimiyyətlərinə göndərilən növbəti direktiv əlimizə keçib. Bu sənəd “yüzbaşı”lara verilən tapşırıqları ehtiva edir. Icra hakimiyyətlər həmin sənədi “yüzbaşı”lara paylaraq oradakı direktivlərə ciddi əməl etməyi tapşırırlar.
Sənəddə əks olunan bəzi tapşırıqları oxucuların diqqətinə çatdırırıq:
– Hər 100 seçiciyə məsul şəxs konrket olaraq seçicisini tanımalı, onunla görüşməli, seçicilərin problemləri ilə maraqlanmalı və bu barədə məntəqəyə məsul şəxsə məlumat verməlidir.
– Ilk dəfə səs verənlərin müəyyənləşdirilməsi.
– Ordudan tərxis olunanların müəyyənləşdirilməsi.
– Əyani təhsil alanlar: onlardan neçə nəfəri yaşadığı yerdə səs verir, neçə nəfəri təhsil yerində səs verir.
– Ən yaşlı seçicilərin müəyyən edilməsi, 80-100 yaşlı seçicilər, 100 yaşdan yuxarı seçicilər.
– Müxalif meylli seçicilərin müəyyənləşdirilməsi və tərəddüd edənlərin fikirlərinin dəyişdirilməsinə nail olmaq.
– Onbaşılar vasitəsilə seçicilərin əhval-ruhiyyəsi, onları narahat edən problemlər dəqiqləşdirilib həlli üçün tədbir görülməsi məqsədilə məntəqəyə və təhkim olunmuş vəzifəli şəxsə mütəmadi məlumat verilməlidir.
– Məntəqəyə gəlməkdə çətinliyi olan seçicilərin müəyyənləşdirilməsi, xüsusilə xəstəlik və qocalığa görə hərəkəti məhdud olanlar barəsində məlumatın verilməsi.
– Sakinlər arasından təyin edilmiş onbaşılarla daimi əlaqənin saxlanılması, seçki günü onbaşıların məntəqəyə gətirdiyi seçicilər barədə məlumatın operativ surətdə qərarcaha ötürülməsi və aralıq nəticələrdən asılı olaraq müvafiq tədbirlərin görülməsi. Zərurət yaranarsa onbaşıların danışıq kartları, nəqliyyat vasitələri ilə təmin edilməsi.