Putinin yaxın adamının Qarabağa səfəri Kremlin rəsmi Bakıya jestidir
Azərbaycan dövlətinin xəbərdarlıqlarına baxmayaraq işğal olunmuş ərazilərə xarici ölkə vətəndaşlarının səfərləri davam edir. Bu günlərdə Xarici Işlər Nazirliyinin elan etdiyi “qara siyahı”ya nəzər salanda da bəzi dövlətlərin vətəndaşlarının rəsmi Bakının qadağalarına məhəl qoymadığı açıq şəkildə görünür.
Azərbaycan qanunlarını pozanlar arasında Rusiya vətəndaşlarının da sayı kifayət qədərdir. Rusiyanın Ermənistanla münasibətlərinin yaxşı olduğunu nəzərə aldıqda bu, təəccüblü görünmür. Ancaq maraqlıdır ki, Xarici Işlər Nazirliyinin “qara siyahı” açıqlamasından və Vladimir Putinin Bakıya son səfərindən dərhal sonra Rusiyadan daha bir nümayəndə heyəti Qarabağa gedib. Bu da Rusiyanın Azərbaycanın “qara siyahı”sına, yumşaq desək, məhəl qoymaması anlamına gəlir. Budəfəki nümayəndə heyətinin tərkibində Putinin ən yaxın adamlarından sayılan Rusiya kəşfiyyatının keçmiş agenti, hazırda teleaparıcılıq edən Anna Çapmanın da yer alması isə Putinin rəsmi Bakıya jesti kimi də qəbul edilə bilər. Rusiya prezidentinin sevgilisi olduğu deyilən bu xanımın dosyesinə də nəzər salanda onun Qarabağa təsadüfən gəlmədiyini demək olar.
“Qırmızı agent” kimi tanınan 31 yaşlı Anna Çapman (Anna Vasilyevna Kuşçyenko) ABŞ Federal Istintaq Bürosu detektivlərinin 2010-cu ildə ortaya çıxardığı Rusiya casusluq şəbəkəsinin üzvlərindən biridir. Rusiya Xarici Kəşfiyyat Xidməti olan SVR-in ən əhəmiyyətli agentlərindəndir. Federal Istintaq Bürosu detektivlərinin 7 illik istintaqın nəticəsi olaraq həbs olunan 11 casusdan biri Anna Çapman bir müddət Istanbulda yaşayıb.
Anna Çapman 2003-cü ildə Londona köçüb və “NetCets Europe” və “Barclays” banklarında işləyib. Burada tanış olduğu ingilis Aleks Çapman ilə 2001-ci ildə Moskvada evlənib və bu evlilik sayəsində ikili vətəndaşlıq əldə edib. 2005-ci ildə ABŞ-a gedən casus xanım 2006-cı ilin oktyabrında Nyu-Yorkda “Property Finder” adlı beynəlxalq şirkətini qurub.
Lakin ABŞ səlahiyyətliləri gizli bir Federal Istintaq Bürosunun agenti ilə A.Çapmana tələ qururlar və onun agent olduğu ortaya çıxır. Həbs olunan Anna digər rus agentləri ilə birlikdə Rusiyada olan ABŞ agentləri ilə dəyişdirilir.
Rusiyaya qayıdandan sonra o zamankı baş nazir Putinin onu qəhrəman kimi təqdim etməsi də diqqətdən kənarda qalmayıb.
Rusiya prezidentinə yaxınlığı ilə seçilən kəşfiyyatçı xanımın Dağlıq Qarabağa səfər etməsi digər məqamlarla yanaşı ilk növbədə Azərbaycan hakimiyyətinə vurulan şapalaqdır. Çünki rəsmi Bakı Rusiya ilə münasibətlərin normal olduğunu, Putinin səfərinin isə bu mənada xüsusi əhəmiyyət daşıdığını önə çəkməyə çalışırdı. Çapmanı Qarabağa göndərməklə Kreml rəsmi Bakının mövqeyi ilə hesablaşmadığını bir daha ortaya qoydu.
Fizzə