“Cəmil Həsənli bizim şanslı namizədimizdir”

«Regional və beynəlxalq səviyyədə Azərbaycanın durumu iqtisadi-siyasi baxımdan acınacaqlıdır»

Qubad İbadoğlu: «Artımın xeyrini inhisarçılar götürür və vəsaitlər son nəticədə qiymət artımı ilə əhalinin əlindən alınacaq»

Hakimiyyət hər il olduğu kimi bu il də büdcədən maliyyələşən dövlət təşkilatlarında çalışanların əmək haqlarını seçki öncəsi artırmaqla özünə siyasi dividend qazanmağa çalışır. Amma ekspertlərin hesablamaları göstərir ki, hökumətin reallaşdırdığı bu addım heç də dövlətin sosial təminatla bağlı qayğısının təzahürü deyil. Bu, sırf seçkiyə hesablanmış addım olmaqla yanaşı, oliqarxların da maraqlarına uyğundur. Mövzu ilə bağlı bu və başqa sualları Milli Şuranın Iqtisadiyyat Komissiyasının sədri Qubad Ibadoğluya ünvanladıq.

– Əgər bu artım ilin əvvəlinə təsadüf etsəydi, büdcədən daha çox vəsait ayrılması gərəkirdi. Eyni zamanda ilin əvvəlində baş verən artım seçki ərəfəsində hökumətin sosial qayğısı ilə bağlı elə bir effekt verməyəcəkdi. Çünki əmək haqqı artımından dərhal sonra qiymətlərdə artım baş verir ki, ilin doqquzuncu ayına artıq əmək haqlarındakı artıma əhalinin münasibəti fərqli olacaqdı. Həmin dövr ərzində artımın yaratdığı inflyasiya, süni qiymət artımı xərclərin də çoxalmasına gətirib çıxaracaqdı. Nəticədə artımın müsbət təsirlərini öz dolanışığında hiss etməyən əhali bununla da hökumətin bu sahədəki artım siyasətinin onun üçün əhəmiyyətsiz olduğunu dəyərləndirə bilir. Indiki halda isə bunu dəyərləndirmək çətindir. Çünki bu artım ən yaxşı halda bu ayın əvvəlində, ən pis halda isə gələn ayın sonunda əhalinin cibinə girəcək. Ondan sonra əhali seçkiyə gedəcək. Seçkidən sonra isə qiymət artımını müşahidə edəcəyik. Nəticədə bundan daha çox qazanan ayrı-ayrı şirkətlər, inhisarçı qrumlar olur. Bu prosesi biz illərdir müşahidə etmişik. Ikinci yanaşma ondan ibarətdir ki, seçki öncəsi hökumətin həm maliyyə, həm də inzibati üsullardan istifadə etməsi əslində normal ölkələrdə seçki qanunvericiliyinə ziddir. Çünki bu, hakim partiyanın mövqeyinin möhkəmləndirilməsinə, hakim partiyanın namizədinin dəstəklənməsinə xidmət edən addımdır. Azərbaycan qanunvericiliyində inzibati, maliyyə resurslarından istifadə ilə bağlı müəyyən məhdudiyyətlər olsa da. Hazırkı hakimiyyət bu istiqamətdə qanunların icra olunmamasını bilərəkdən seçkiyə bir neçə ay qalmış qərar verir. Bu seçki baxımından kobud qanun pozuntusudur. Biz Milli Büdcə Qrupu olaraq Azərbaycanda dövlət büdcəsindən xərcləmələrin, xüsusilə əmək haqlarına yönələn vəsaitlərin monitoriniqi aparırıq. Bizim araşdırmalar göstərir ki, belə artımlar ya parlament, ya da prezident seçkilərinin əvvəlində baş verir. Bu bir daha göstərir ki, atılan addımlar siyasi yanaşmanın təzahürüdür və hökumətin əhaliyə qayğısının tərkib hissəsi kimi baxmaq olmaz.

“Əhalinin xərcləri maaş artımından daha sürətlə artır”

– Hazırda büdcə təşkilatlarında çalışanların əmək haqları hansı səviyyədədir və artım onların həyatlarına necə təsir göstərəcək?
– Bu artımı müsbət dəyərləndirirəm. Amma nəzərə almaq lazımdır ki, bu gün bu artımla yanaşı əhalinin xərclərinin artımının qarşısının alınmasıyla bağlı müəyyən işlər görülməlidir. Əks təqdirdə inhisarçı şirkətlərin qiymət artımı ilə bağlı aparacağı siyasət bu şirkətlərin gəlirlərinin artmasına gətirib çıxaracaq. Əvvəlla onu qeyd edim ki, artım tətbiq olunan təbəqələrdə əmək haqqı, müavinətların səviyyəsi kifayət qədər aşağıdır. Artımın özünün 10 faizlə ifadə olunması orta aylıq əmək haqqının baza hissəsinin aşağı olduğu ölkələrdə bu yüksək maliyyə ilə ifadə olunmur. Məsələn, məcburi köçkünlərə “çörək pulu üçün” ayrılan müavinətin on faiz artması 1 manat 65 qəpik deməkdir. Və ya təqaüdçülərin baza hissəsinin artması 6 manat 50 qəpik deməkdir. Digər tərəfdən, səhiyyə sektorunda artımdan pay götürənlər orta hesabla ayda təxminən 12, təhsil sistemində isə 16 manat əlavə vəsait alacaq. Məsələn, Türkiyədə universiteti yeni bitirib, orta məktəbdə əmək fəaliyyətinə başlayan şəxsin əmək haqqı Azərbaycanda 25-30 il stajı olan müəllimin əmək haqqı ilə müqayisədə 5 dəfə çoxdur. Türkiyədə müəllim 2200 lirə əmək haqqı aldığı halda bu, Azərbaycanda 440 lirədir. Türkiyədə 10 faizlik artım 220 lirə artım deməkdir. Azərbaycanda əmək haqınının aşağı, qiymətlərin isə Türkiyə ilə müqayisədə daha yüksək olması o deməkdir ki, ölkəmizdəki artım büdcə təşkilatında çalışanın həyatında əhəmiyyətli dəyişikliyə gətirib çıxara bilməyəcək. Bu addım yalnız siyasi xarakter daşıyır. Çünki bu adamların həyatında hər hansı iqtisadi imkanlar yaranmır. Əksinə, artırılmış vəsaitlər son nəticədə qiymət artımı ilə onların əlindən alınacaq.

Milli Şuranın sosial təminata yanaşması necə olacaq?

– Bəs Milli Şura hakimiyyətə gələrsə, əhalinin sosial təminatı istiqamətində hansı addımları atmağı planlaşdırır?
– Milli Şuranın yanaşması fərqlidir. Biz yalnız əmək haqqı artımını deyil, əhalinin xərclərinin azaldılmasını siyasətimiz kimi müəyyənləşdirmişik. Yəni bizim əsas  proqram fəaliyyəti ondan ibarətdir ki, Azərbaycan vətəndaşı bu gün rəqabətin yaratdığı üstünlüklərdən bəhrələnə bilmir. Azərbaycan vətəndaşı əksinə, inhisarçılıqdan ziyan çəkir. Ona görə Azərbaycanda azad rəqabətin, azad sahibkarlığın inkişafı üçün islahatlar həyata keçirmək fikrindəyik. Hesab edirik ki, bu proqramın reallaşması Azərbaycan vətəndaşının həyatında əhəmiyyətli təsirlər buraxacaq. Çünki bu, əhalinin ərzağa xərclərinin ən azı 30 faiz azalması deməkdir. Araşdırmalar göstərir ki, ölkə daxilindəki inhisarçılıq mövcud qiymət səviyyəsini müxtəlif bazarlar üzrə 0.8-dən 1.5 dəfəyədək bahalaşmasına gətirib çıxarır. Bunu təkcə ərzaq bazarında deyil, tikinti materialları, xidmət bazarında da reallaşdıracağıq. Həqiqətən də ölkədə Azərbaycan istehsalçısı rəqabət imkanlarından bəhrələnə bilmir.

Həyat səviyyəsinə görə Qazaxıstandan belə geri qalırıq

– Hakimiyyət bəyan edir ki, ölkənin iqtisadi inkişafı ilə bağlı proqramlar hələ yekunlaşmayıb və xalq onlara bu proqramların reallaşması üçün yenə müddət verməlidir. Dünyada elə bir siyasi qüvvə varmı ki, nəzərdə tutduğu islahatları reallaşdırması üçün 20 il vaxt sərf etsin? Bu ötən müddət kifayət deyildimi?
– Iyirmi il kifayət qədər böyük dövrdür. Bu müddət ərzində ən azı orta təbəqə formalaşmalı idi. Təəssüf ki, Azərbaycanda əhali iki sosial qrupa bölünüb. Birincisi çox az sayda olan varlılar, o biri isə kasıblar. Orta təbəqənin formalaşmasında ən böyük əngəl iyirmi il ərzində ölkədəki korrupsiyanın, inhisarçılığın qarşısının alınmaması, zəruri islahatların aprılmaması oldu. Azərbaycanla vaxtilə eyni başlanğıc səviyyədə olan Qazaxıstanla müqayisə aparsaq görərik ki, orada adambaşına düşən gəlir, orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə kifayət qədər yüksəkdir. Azərbaycanda dövlət universitetinin dosentinin əmək haqqı təxminən 600 dollardır. Amma Qazaxıstanda bu, əyalət universitetində 800 dollar, mərkəzdə isə 1200 dollardan yuxarıdır. Yəni orada daha açıq iqtisadiyyat, azad bazar yaradılıb. Bu gün Qazaxıstanla Azərbaycan siyasi cəhətdən eyniləşdirilsə də iqtisadi baxımdan çox fərqli standartlar mövcuddur.

– Gələn ilin büdcə müzakirələri nədənsə yubanır. Bunun səbəblərini nəylə izah edərdiniz?
– Əslində biz 2014-cü ilin dövlət büdcəsinin parametrlərini müzakirə etməli idik. Hazırda bu proses bağlı qapılar arxasında keçirilir. Amma müqayisə üçün deyim ki, avqustun 13-də Qırğızıstan hökuməti vətəndaş cəmiyyəti təmsilçiləri və KIV nümayəndələri üçün büdcə dinləmələrini keçirmişdi. Rusiyada da artıq büdcə müzakirələri gedir. Hazırda büdcə təşkilatlarında çalışanlara edilən artımın gələn ilin büdcəsində özünü necə tapdığını biz müqayisə etmək istəyirdik. Bu ilin büdcəsində ən iri artımlardan biri investisiya xərcləmələrində olub. Ümumiyyətlə, investisiya xərcləmələrində artım 30-40 arasında olur. Bu xərcləmələr daha çox tikintiyə gedir. Hüquq-mühafizə orqanlarında artım 25 faiz səviyyəsində olur. Sosial sahədə artımlar isə ilin sonuna yaxın maksimum 10 faiz həyata keçirilir. Bu, hakimiyyətin tikintiyə, hüquq mühafizə orqanları ilə müqayisədə ölkədə əsas inkişafı şərtləndirən insan resursuna münasibətinin göstəricisidir. Ölkədə indiki halda kifayət qədər imkanlar olsa da Azərbaycan vətəndaşı bu imkanlardan bəhrələnə bilmir. Neft gəlirlərinin pik dövrünü yaşadığımız dövrdə müəllimə 12, həkimə 14 manat əlavə vəsait ayırırlar. Bu gün müharibə veteranları, şəhid ailələri, Milli Qəhrəmanlar üçün nəzərdə tutulan artımlar da yetərli deyil. Pensiyaçı orta hesabla götürəndə 160 manat alır. Bu vəsait hesabına bir ay xərcləri ödəmək heç də real görsənmir. Amma Azərbaycanın indiki imkanları çərçivəsində məcburi tibbi sığorta paketi tətbiq oluna bilər. Bu paket pensiyaçılara, aztəminatlı təbəqələrə, 18 yaşına çatmamış uşaqlara, hamilə qadınlara tətbiq edilə bilər. Biz bu iqtisadi islahatı Milli Şuranın prezidentliyə namizədinin platformasına daxil etmişik. Bu tibbi sığortadan həmin adlarını çəkdimiz təbəqələr həm müalicə, həm müayinə, həm də dərman əldə etmək üçün istifadə edə biləcəklər.

Rusiyadan təzyiqlər Gömrük Ittifaqına üzvlüklə bağlıdır

– Hakimiyyətin qürur duyduğu TAP layihəsiylə bağlı bir sıra problemlərin yarandığı və Qərbin bu layihədən imtina edə biləcəyi ilə bağlı informasiyalar yayılmaqdadır. Bu nə dərəcədə doğru məlumatdır?
– TAP layihəsi Qərbdən daha çox Azərbaycanın qonşularının maraqlarını ifadə edən layihədir. Burada Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə Rusiyanın maraqları uzlaşdırılıb. Azərbaycan bu layihədə qonşu dövlətlərin maraqlarını özünün və Avropa dövlətlərinin maraqlarından üstün tutdu. Azərbaycan bu proyektdə daha çox Rusiya ilə yaxın münasibətlərini nəzərə alıb. Amma buna baxmayaraq Rusiya ilə Azərbaycan sərhəddində ciddi problem yaşanır. Azərbaycandan tranzit yüklərini Rusiyaya çıxaranlar ciddi problemlə üzləşməkdədir və həmin yüklərin Rusiyaya çıxarılmasıyla bağlı ciddi problemlər var. Bu da Azərbaycana təzyiq kimi qiymətləndirilə bilər. Çünki bu cür təzyiqlərlə Rusiya Azərbaycanı Gömrük Ittifaqına üzv etmək niyyətindədir. Regional və beynəlxalq səviyyədə Azərbaycanın durumu həm iqtisadi, həm xarici siyasət baxımından olduqca acınacaqlıdır. Onu da qeyd edək ki, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində noyabrın sonunda Vilnüsdə asossasiya sazişinin imzalanması nəzərdə tutulub. Təəssüflər olsun ki, bu saziş Azərbaycan, Ermnəistan, Gürcüstan, Belarus, Ukrayna və Moldova üçün nəzərdə tutulmuşdu. Amma saziş Azərbaycan və Belarus istisna olmaqla digər dörd dövlətlə imzalanacaq. Bu, Azərbaycanın xarici inteqrasiya imkanlarının məhdudlaşdırılması deməkdir. Azərbaycan böyük bir şansı qaçırır.

– Hazırda seçkiyə bir ay qalmış hakimiyyətin atdığı addımları necə dəyərləndirirsiniz. Milli Şuranın sədri və prezidentliyə vahid namizədinə qarşı yürüdülən qara piar kampaniyası hazırda qurumun qeydiyyatdan keçmiş namizədi Cəmil Həsənliyə qarşı aparılır…
– Bu gün Milli Şura mövcud hakimiyyətə alternativ olan ən böyük və ciddi qüvvədir. Ona görə Milli Şuranın namizədinin kimliyindən asılı olmayaraq bu təzyiqlər olacaq. Rüstəm Ibrahimbəyov və Cəmil Həsənəlinin hər ikisinin namizədliyini çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, hər ikisi bizim şanslı namizədlərimizdir. Milli Şuranın namizədlərinin seçkiyə qatılması qələbə şansımızı artırır. Milli Şuranın namizədinin iqtisadi platformasını müdafiə edib, cəmiyyətə çatdıranda nümayiş etdirəcəyik ki, vətəndaşımızın sosial durumunu dəyişdirə biləcək xeyli yeni ideyalarımız, konsepsiyalarımız var.

Xəyal