Nurəddin Məmmədli: «Bu rejim hakimiyyətə məhz Qarabağ torpaqlarını ermənilərə verdiyinə görə gəlib»
Baş nazirin və YAP sədrinin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müxalifətin ünvanına ittihamlar səsləndirib. APA-nın məlumatına görə, Qubadlının işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə komitə sədri hətta müxalifətin yerinə utanc keçirdiklərini deyib. Azərbaycan cəmiyyətinin Ilham Əliyevə səs verəcəyini iddia edən Ə.Həsənov torpaqların yaxın zamanda azad olunacağını da bildirib.
20 illik hakimiyyət dövründə Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmayan iqtidardan bundan sonra bu istiqamətdə hər hansı addım gözləməyə dəyməz. Belə olan halda hakimiyyətin özünü kənarda qoyub başqalarına görə utanc hiss keçirməsi nə dərəcədə normaldır?
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, hakimiyyətdəkilər öz əməllərinə görə utansalar, bu, xalq üçün böyük mükafat olar. Çünki Azərbaycan müxalifəti utanılacaq bir iş görməyib ki, buna görə ya özləri, ya da başqası utansın. Hakimiyyət Azərbaycan xalqından oğurlanan pulları xarici banklara yerləşdirir, offşor zonalara göndərir. Müəllimi, həkimi 140 manata işlədən də müxalifət yox, iqtidardır. Iki il inflyasiyanın səviyyəsi 20 faiz olduğu halda maaşlar cəmi 10 faiz artırılır. Torpaqları da ermənilərə müxalifət verməyib. Iqtidar ərazilərin 20 faizinin işğal olunmasından öz hakimiyyətini qorumaq üçün vasitə kimi istifadə etməkdədir: “Torpaqların işğaldan azad edilməsi ilə bağlı hələ 1996-cı ildə televiziyada dediyim bir sözü bir daha təkrar edirəm. Nə qədər ki, bu rejim hakimiyyətdə qalır, Azərbaycanın bir qarış belə torpağı işğaldan azad olunmayacaq. Çünki bu rejim hakimiyyətə məhz Qarabağ torpaqlarını ermənilərə verdiyinə görə gəlib. Bu hakimiyyət getməyənə qədər Qarabağ torpağı da işğaldan azad olunan deyil. Hakimiyyətdəkilərin dedikləri xalqı iyrəndirən, bezdirən bir yalandır”.
Fizzə