Həsən Musayev: “O, qətlin şahidi olub, bu işin üstü açılsa, daha bir neçə qətlin üstü açılacaq”
Rusiyanın Yaroslavl Vilayət Məhkəməsi Naxçıvan Muxtar Respublikası MTN-in keçmiş əməkdaşı İbrahim Musayevin Azərbaycana ekstradisiyasına dair prosesin növbəti iclasını sentyabrın 2-nə təyin edib. Bu barədə rus mətbuatı xəbər yayıb.
İ.Musayev Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında bir neçə ay əvvəl Rusiyada həbs olunsa da sonradan azadlığa buraxılıb. İ.Musayev Naxçıvan MTN-in təcridxanasında İrana casusluq şübhəsi ilə həbs edilən Turac Zeynalovun işgəncə ilə öldürülməsini və sonradan xüsusi xidmət orqanlarının onun həyat yoldaşını ələ almaq üçün qurduğu əməliyyatı ifşa edib.
Keçmiş MTN əməkdaşının işi Rusiya mətbuatının da diqqət mərkəzindədir və Yaroslavlın yerli telekanalı onun işinə dair məhkəmədən xüsusi reportaj hazırlayıb. Reportajda Musayevin işi ABŞ kəşfiyyatının Rusiyaya qaçan keçmiş əməkdaşı Edvard Snoudenin işi ilə müqayisə olunur.
Reportajda deyilir ki, Rusiya Naxçıvan MTN-in keçmiş əməliyyatçısını Azərbaycana təhvil verməlidir: “Ən azından prokurorluq belə hesab edir. Vilayət məhkəməsi isə prokurorun bu qərarının nə dərəcədə qanuni olduğunu araşdırmağa başlayıb. Ancaq keçmiş əməliyyatçı vətənə qayıtmaq istəmir və Rusiyada qaçqın statusu almağa çalışır”.
Xatırladılır ki, İ.Musayevin ekstradisiyasını onun Naxçıvan MTN-də insanların ölümünə dair şok təfərrüatları açmasından sonra tələb etməyə başlayıblar. Musayev özü ekstradisiya işinə dair prosesə qatılmayıb. Prosesdə onun atası Həsən Musayev və vəkili iştirak edib.
Həsən Musayev deyib: “Düzünü desəm, indi o, insanlardan gizlənir. Hətta mənimlə də heç bir telefon əlaqəsi saxlamır. Hərdən tanış adamların vasitəsilə xəbər göndərir ki, sağ-salamatdır, hər şey qaydasındadır. Bu adam qətlin şahidi olub, xüsusən də ona görə ki, bu qətlin arxasında zəncirvari hadisələr gəlir. Onun üstü açılsa, daha bir neçə qətl açılacaq”.
İ.Musayevin vəkili isə deyib ki, onun müdafiə etdiyi şəxs Naxçıvan aeroportunun əməkdaşı olan Turac Zeynalovun MTN-də işgəncələrdən öldüyünü açıqlayıb. Azərbaycan xüsusi xidmət orqanları onu “ovlamağa” çalışır. İ.Musayev Yaroslavl vilayətinə bu ilin fevralında gedib.
Vəkil Dmitri Suxomlinov deyib: “O, altı ay istintaq təcridxanasında saxlanılıb. Sonra azadlığa buraxılıb. Hazırda Azərbaycana təhvil verilməsindən qorxur və repressiv tədbirlərlə, işgəncələrlə üzləşəcəyini deyir. Ona görə də biz bunu bütün parametrlər üzrə sübuta yetiririk ki, bu adam təhvil verilsə, işgəncələrə məruz qalacaq”.
Prokuror Valentina Zaytseva isə İ.Musayevin ekstradisiyası barədə qərarın qanuni olduğunu bildirir: “Şübhəli şəxsin təhvil verilməsindən imtinaya dair əsaslar Rusiyanın qoşulduğu beynəlxalq konvensiyalarda və müqavilələrdə aydın şəkildə göstərilib. Ona görə də belə əsas olmadığı halda şəxs Rusiya Federasiyasının beynəlxalq öhdəliklərində göstərilmiş əsaslardan kənarda qalır. Deməli, Rusiya o vətəndaşı təhvil verməlidir”.
Məqalədə o da bildirilir ki, yaxın günlərdə İ.Musayevin vəkili Rusiya Federal Miqrasiya Xidmətinin ona siyasi sığınacaq verilməsindən imtinaya dair qərarından Moskva məhkəməsinə şikayət verəcək. Məhkəmə isə Musayevin ekstradisiyasına dair qərarı gələn həftə verməlidir. Vəkilin bu qərardan şikayət etmək haqqı var.
Virtualaz.org