Morninqstardan irəliyə doğru bir addım

Rejimin 9 oktyabrda seçki adlı hansı farsa, şouya hazırlaşdığı yavaş-yavaş ortaya çıxır. Budur, az qala hər gün ölkədə kiminsə maaşını, təqaüdünü artırırlar. Əlbəttə, “artım” bir az böyük çıxır, söhbət bu ayın əvvəlindən ortasınadək belə yetməyəcək maaşların, təqaüdlərin üstünə qəpik-quruş gəlməkdən gedir.

Amma sevindirici odur ki, artıq belə artımlara camaatın özü də gülüb keçir. Elektron ünvanımda bu mövzuda xeyli oxucu məktubu var. Həmin məktublarda onlar ironik şəkildə son artımlardan sonra maaşlarını hara xərcləyəcəklərini bilmədiklərini yazır, bu haqda məsləhət istəyir, təqaüdlərini saxlamağa yer tapmayacaqlarından narahatlıqlarını bildirirlər.

Bütün bunlar öz yerində. Əsas məsələ isə başqadır: bu 10-15 faizlik artımlar niyə məhz indi, seçkiyə həftələr qala baş verir? Bu seçicini ələalmaq deyilsə, bəs nədir? Ona artım, yoxsa, rüşvət demək daha doğrudur? Bir halda ki, rejim xalqdan bu qədər arxayındır, onun dəstəyindən bir belə əmindir, onda nə üçündür bu artım-rüşvətlər?

Nazirlərin rayon-rayon düşüb gəzməsi isə yaptokratiyanın əndişəsinin böyüklüyündən xəbər verir. Cəmi bir neçə ayadək qəbuluna gələnləri qapıdan qovan bu nazirlər indi rayonlarda görüşlər keçirir, şikayətləri dinləyirlər. Iki-üç ay əvvələdək heç “şikayət” sözünü də qəbul etmirdi bunlar, deyirdilər, ölkədə hər şey yaxşıdı, hər yer güllük-gülüstanlıqdır, narazı olmaq üçün bircə səbəb də yoxdur. Əgər indi şikayət dinləməyə başlayıblarsa, buna da şükür, böyük irəliləyişdir. 20 ildən sonra şikayətə qulaq asmağa başlayıblarsa, ümid edək ki, XX əsrdən sonra da şikayətləri həll etməyə başlayarlar.

Əslində, istər bu “10 faiz artım” komediyası olsun, istərsə də “nazirlərin qəbul şousu”, fərq etməz, bunların hamısı yaptokratiyanın xalqın əhval-ruhiyyəsini çox gözəl bildiyinin göstəricisidir. Bilirlər ki, toplumda sistemə qarşı dərin qəzəb və nifrət hökm sürür. Bir ovuc adamdan qıraqda hamının qəlbi rejimə qarşı döyünür. Yalnız total xof mühiti, qorxu imperatorluğudur insanların etirazlarını içlərinə gömən, püskürməyə imkan verməyən.

Bütün bunları bilirlər və bildikləri üçün də əl-ayağa düşüblər. Heç seçki saxtakarlığına da belləri bir o qədər bərk deyil. Narazılığın miqyası elə bir həddədir ki, hətta səsləri saxtalaşdırıb çatdırmamaq da mümkündür. Odur ki, “artım komediyası”ndan, “qəbul şousu”ndan, repressiyalardan – qanunsuz, sifarişli həbslərdən, təhdidlərdən, təzyiqlərdən, bütöv dövlət aparatının səfərbər edildiyi mənəvi terror kampaniyalarından mədət umurlar. Hətta seçkidə yeganə müxalifət namizədinə imza vərəqələrinin verilməsini bir gün gecikdirməyi qənimət sayırlar. Hamısı ona görədir ki, saxtalaşdırarkən çox gücə düşməsinlər. Hər şeyi 9 oktyabra buraxmaq olmaz. Ehtiyat irticanın yaraşığıdır.

Mənəvi terror demişkən, həmkarımız Xədicə Ismayıla qarşı çirkin kampaniya artıq onun ailə üzvlərinə qarşı yönəlib. Nə qədər utancvericidir! Bütöv bir dövlət aparatı artıq az qala, iki ilə yaxındır bütün işini-gücünü buraxıb bir qadınla savaşmaqdadır. Həm də hüququn və əxlaqın bütün sərhədlərini zorlayaraq. Biz bundan artıq heç nə yazmayaq. Tarixin bütün bunlara layiqli qiymətini verəcəyi gün uzaqda deyil.

Sadəcə, mənim diqqətimi həmkarımıza qarşı yeni mənəvi terror əleyhinə ABŞ səfirliyinin yaydığı bəyanatda bir cümlə çəkdi: “Jurnalist Xədicə Ismayıla qarşı istiqamətləndirilmiş davamlı təhqiredici təqib bizi təlaşlandırır”.

Bəli, məhz “təlaşlandırır”.

Halbuki, indiyədək ABŞ səfirliyi və şəxsən Riçard müəllim Morninqstar ölkəmizdəki hansısa haqsızlıqla bağlı bəyanatlarında “narahatıq” yazırdılar. Hətta o qədər “narahatıq” yazdılar, sosial şəbəkələrdə-zadda bu söz məzə obyektinə çevrildi. Indi isə “narahatlıq” yerinə “təlaş” yazıblar.

Bu da böyük irəliləyişdir, lap Morninqstarın həmvətənlərinin bizdəki saxta, rüsvayçı dərəcədə ədalətsiz və qeyri-azad seçkilərə münasibət bildirərkən istifadə etdikləri ənənəvi üslubla desək, irəliyə doğru bir addımdır. Təbrik edirik! 

Gün o gün olsun, bir dəfə də nefti demokratiyaya qurban versinlər.