İlham Əliyevin maaşları artırması Cəmil Həsənlinin xeyrinə işləyir

Bəzən hakim rejimin tənqidçiləri arasında da YAP iqtidarının durmadan öz xeyrinə siyasi texnologiyalar həyata keçirdiyini, hiylələrlə çalışıb cəmiyyəti ələ aldığını deyənlər tapılır. Indi də kimlərəsə elə gəlir ki, seçki dövründə maaşların artırılması hakimiyyətin xeyrinə işləyəcək.

Bəli, Ilham Əliyevin gündə bir sərəncam verib maaşları artırması məhz bu məqsədi güdür və təbii ki, azad seçki prinsiplərinə ziddir. Bir fərmanla bütün büdcə təşkilatlarının maaşlarını artırmaq mümkün olduğu halda, bunu müxtəlif sahələrə aid ayrı-ayrı sərəncamlarla etmək kimi xırdaçılığa əl atılması da göstərir ki, niyyət seçiciləri ələ almaqdır. Öz aləmlərində seçki piarı aparır və seçicilərin rəğbətini qazanırlar. Amma doğrudanmı siz inanırsınız ki, 5-10 manatlıq maaş artımı insanların seçiminə təsir edəcək?! Bilmirəm hakimiyyətdə kim özünü ağıllı bilib bu üsulu düşünüb, amma bu sərəncamlar Ilham Əliyevin xeyrinə yox, əleyhinə işləyir. Gəlin, bu məsələyə bir neçə aspektdən baxaq.

Birincisi, bu üsullar nəticə versəydi, hakim rejim illərdir repressiya və polis dəyənəyi üzərində bərqərar olmaz, insanları şərləyib həbsə atmaz və seçkiləri saxtalaşdırmazdı.

Ikincisi, uzun müddətdir pensiyaların və maaşların cüzi artımları ölkədə lağlağı predmetinə çevrilib. Həm də bunu təkcə rejimin tənqidçiləri, müxalifətçilər, mətbuat eləmir. Xalq arasında bu məsələ acı gülüş, ironiya və narazılıq mövzusudur. Həftənin əvvəlində sosial şəbəkələrdə bir video yayılmışdı, “Tüpürün bu torpağa, buradan rədd olub gedin” deyən yaşlı kişinin çıxışı idi. Həmin adam müxalifətçi deyildi. Amma ən əsas dəlillərindən biri də maaş və pensiyaların 1-2 manat artırılması idi. Xüsusi qəzəb və ironiya ilə söz açdı bundan. Xalq doğrudan da gülür bu artımlara.

Üçüncüsü, bu sərəncamlar ciddi bir artımı əhatə etsəydi belə, əhalinin böyük əksəriyyətinə aid deyil. 2012-ci ilin dövlət statistikasında bütün işləyən əhalinin bölgüsü belədir:

* Cəmi iqtisadiyyatla məşğul olanlar – 4 milyon 445 min nəfər;

* Dövlət mülkiyyətində çalışanlar – 1 milyon 157 min nəfər;

* Qeyri-dövlət mülkiyyətində çalışanlar – 3 milyon 287 min nəfər.

Yəni, maaşların artırılması ilə bağlı ardıcıl verilən çoxlu sayda sərəncamların əhatə dairəsi bütün işləyənlərin təxminən 26 faizini əhatə edir. Onların da bir qismi üçün maaşın bütünlüklə əhəmiyyəti yoxdur, çünki korrupsiya, rüşvət və konvertlərdə verilən paya göz dikiblər, böyük hissəsinin isə maaşı o qədər azdır ki, onun 10 faizlik artımı əhəmiyyət kəsb etmir. Əksinə, qəzəb yaradır.

Nəzərə alın ki, dövlət büdcəsində aşağı maaşla əziyyət çəkənlər dövlət məmurlarının bahalı və dəbdəbəli mülklərini hamıdan çox görür, vəzifəlilərin və onların yaxınlarının nəyə sahib olduqlarını, nə etdiklərini hamıdan yaxşı bilir, talanı və oğurluğu hamıdan tez görürlər. Qanunsuz əməllərin hamısı onların gözlərinin qabağında baş verir. Ona görə də maaşlarının ironik artımı onları daha çox qəzəbləndirir.

Bütün yuxarıda deyilənləri nəzərə aldıqda, maaş artımı sərəncamlarının Ilham Əliyevin xeyrinə yox, ziyanına olduğu üzə çıxır. Əksinə, bu sərəncamlar onun rəqiblərinin xeyrinə işləyir və əsas alternativi Milli Şuranın namizədi Cəmil Həsənli olduğundan, əminliklə deyə bilərik ki, maaş artımı hay-küyü yalnız Cəmil müəllimə rəğbəti gücləndirir.

Bu yazıda gəldiyim nəticə təkcə təhlillərimdən doğmur. Real görüşlərdə, söhbətlərdə də şahidi olmuşam ki, maaş artımları insanları daha da narazı salıb və insanlar buna “hamımız gedib Cəmil müəllimə səs verməliyik!” deməklə cavab verirlər…