Bu ölkədə “Şərəf”, “Şöhrət” ordeninin, “Xalq artisti”, “əməkdar artist” adlarının necə verildiyini hamı gözəl bilir. Bir də görürsən 40 il səhnədə can qoyan aktyor titulsuz qalıb, amma 2 dəfə “poroşok” reklamına çəkilmiş aktrisa xalq artist olub. Sözümüzün canı bu deyil. Sadəcə olaraq “ad” məsələsində bizim ölkədə tendensiya yüksələn xətt üzrə gedir.
Ölkə başçısı ölkə daxilində ad payladığı kimi, ölkə xaricində də ona “ad2 paylayırlar. Tez-tez eşidirik ki, adı ”Gooqle”də də tapılmayan hansısa jurnal cənab prezidentimizi “ilin adamı” adlandırır.
Ötən gün isə, “etibarlı mənbə” “Yeni Azərbaycan” qəzeti yazıb ki, “Biz NewAsia” adlı Filippində nəşr olunan qəzet Ilham Əliyevi “ilin adamı” seçib.
Təsəvvür edin ki, “Vaşinqton Post”, “Şpigel”, “Nyu York Tayms” kimi qəzetləri heç nə hesab edən YAP-çılar “Biz News Asia”nı “geniş oxucu kütləsinə malik olan jurnal” kimi təqdim edib.
Ancaq prezidentə “ilin adamı” adının, ilin-günün bu vaxtında verilməsi məntiqsiz görünür.
Adətən, bu tipli adlar, dekabrın sonlarında və ya yanvarın əvvəlində öz namizədini tapır. Ilin futbolçusu, ilin müğənnisi, ilin aktyoru kimi.
Nədənsə, Ilham Əliyevin “ilin adamı” adlandırılması, seçki qabağı və ilin 8-ci ayına təsadüf edir. Deyirlər, bütün təsadüflər zərurətdən doğur. Belə bir adın Məhz Filipin jurnalında verilməsi, “dəhşət”li zərurətə oxşayır. Baş açmaq olmur, bu jurnal Ilham Əliyevi 2013-cü ilin adamı adlandırmağa gecikib, yoxsa 2014-cü ilin adamı adlandırmağa tələsib?
Bəzən adam yanındakı nemətin dəyərini bilmir. Azərbaycanı əhatə edən ölkələrin gözü kor olub bu adamı görmür, dünyanın o başından Filippin əlahəzrətə qiymət verir.
Dünyada ən yaxşı ad “ilin adamı” olmaq deyil, bütün illərin yaxşı adamı olmaqdır. Mən şəxsən bu addan imtina edərdim.
Insan niyə bu ilin adamı olmalıdır, gələn ilin yox?
Bu il məni adam hesab edib, gələn il adıma saqqız da verilməməsi ağır dərddir. 10 ildir Azərbaycan xalqının ADAMI ola bilməyən şəxs, Flippində “ilin adamı” oldu. Təbriklər, təbriklər, təbriklər.
Çox maraqlıdır, Filippinlilər bu jurnal haqqında eşidiblərmi?
Ilham Hüseyn