Şeyx: «Hadisələrin qızışmasında bəzi dövlətlər maraqlıdır»
Gürcüstanın Adıgün rayonunun Çela kəndində inşa olunan minarə möhürlənib. Bu barədə Adıgün müftisi Mamuka Vaşakmadze bildirib: “Minarə möhürlənib və heç bir insident baş verməyib. Bundan başqa heç nə bilmirəm”. Onun sözlərinə görə, möhür vurulan minarə polis tərəfindən mühafizə edilir.
Məlumata görə, son günlər minarələrin sökülməsi ilə bağlı Gürcüstan Müsəlmanları Idarəsinin rəhbərlərindən biri, Acarıstanda yaşayan gürcü müsəlmanlarının müftisi Camal Paksadzenin adı da etiraz edənlər arasında çəkilib. Camal Paksadze bir müddət əvvəl ürək tutması diaqnozu ilə Xelvaçauri rayon xəstəxanasına aparılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir(APA).
“Turan”ın məlumatına görə, minarənin sökülməsi müsəlmanlar arasında güclü etirazlara səbəb olub. Gürcüstandakı mənbələr bu hadisənin ilk olmadığını, buna qədər daha iki minarənin yıxıldığını nəzərə çatdırırlar. Çeladidə minarənin yıxılmasına gəlincə, rəsmi Tbilisi səbəb kimi Türkiyə tərəfin quraşdırdığı minarə barədə gömrük sənədlərindəki məlumatların həqiqətəuyğun olmamasını göstərir. Qafqaz Müsəlmanları Idarəsinin (QMI) Gürcüstan nümayəndəliyi bu hadisəni müsəlmanlara və Islama hörmətsizliyin ifadəsi adlandırıb. Bu hadisənin xristian və müsəlmanlar arasında ağır toqquşmalara səbəb ola biləcəyi ehtimalını nəzərə alan Bütün Gürcüstanın patriarx-katalikosu II Ilya hər iki tərəfi sakitləşməyə çağırıb. Mənbə keçən il Faxralı kəndində tarixi məscidin bərpasına yaradılan süni maneələrə diqqət çəkib. Bundan əlavə, azərbaycanlılar yaşayan bir sıra kəndlərin giriş-çıxışlarına xaç şəkilli dəmir dirəklərin basdırılması hallarına toxunulub. Amma Gürcüstandakı mənbələr müsəlmanlara dözümsüzlüyün bununla bitmədiyini deyirlər. Son bir ildə müsəlmanların cəm halda camaat namazı qılmalarına belə maneələr olduğunu nəzərə çatdırırlar.
Qafqaz Müsəlmanları Idarəsinin sədri, Şeyxülsislam Allahşükür Paşazadə Turan-a açıqlamasında baş vermiş hadisə barəsində məlumatlı olduğunu deyib. O bildirib ki, QMI-nin Gürcüstan nümayəndəliyi vasitəsilə Gürsüstan hökumətinə tövsiyələrini çatdırıb. Məsələnin danışıqlar, müzakirələr yolu ilə həll olunmasına çalışdıqlarını bildirib. Bununla yanaşı, QMI sədri ad çəkmədən hadisənin qızışmasında bəzi dövlətlərin maraqlı olması bəyanatı səsləndirib.