Ölkə başçısının vəkillərini müəyyənləşdirmək niyə müşkülə çevrilib?
Hakimiyyət daxilində qarşıdan gələn prezident seçkisi ilə bağlı ziddiyyətlər böhran həddinə çatıb. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, iş o yerdədir ki, Ilham Əliyevin seçkidə vəkillərinin kim olacağını hələ müəyyənləşdirmək olmayıb. Bunun da kökündə hakimiyyətdəki qruplaşmaların vəkilliyə öz namizədlərinin olması dayanır.
Hər bir qruplaşma özlərinə yaxın şəxslərin vəkil olmasını istəyir. Bu əslində seçkini nəzarətə götürmək uğrunda savaşın növbəti mərhələsidir. Məlumat üçün deyək ki, bu dəfə seçkinin keçirilməsinə Paşayevlərin nəzarət edəcəyi bildirilir. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) kurasiya edilməsinin Paşayevlərə yaxın şəxs hesab edilən prezidentin köməkçisi və Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədova tapşırılması, bölgələrdə Paşayevlərə yaxın şəxslərin fəal iş aparması da bundan irəli gəlir. Lakin Heydər Əliyevin ölümündən sonra bu işlərə nəzarət edən Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyev kənarda saxlanılmasını həzm edə bilmir. PA rəhbəri bu dəfəki seçkinin onun nəzarəti altında keçirilməsinə çalışır.