Polis və icra nümayəndələri Rüfət Əliyevdən imza vərəqələrini alıb cırmağa cəhd edib
AXCP Nərimanov şöbəsi Məclisinin sədr müavini Rüfət Əliyev Astarada Milli Şuranın namizədi Cəmil Həsənli üçün imza toplayarkən polis və icra nümayəndələrinin təzyiqinə məruz qalıb. Təzyiq edən tərəf R.Əliyevdən imza vərəqələrini alıb cırmağa cəhd edib. Bu barədə azadlıq.info-ya məlumat verən AXCP təşkilat şöbəsinin müdirir Rafiq Daşdəmirov hazırda Astara rayonunda yerli əhalinin Rüfət Əliyevi polisin təzyiqindən qoruduğunu bildirdi. Rayon sakinlərinin səyi nəticəsində polis və icra nümayəndələri imza vərəqələrini R.Əliyevdən ala bilməyib. AXCP Nərimanov rayon şöbəsinin təşkilatı məsələlər üzrə müavini Ağaşirin Tarverdi oğlunun verdiyi məlumata görə, Astara rayon icra hakimiyyətindən R.Əliyevin bu rayonda yaşayan ailə üzvlərinə bildirilib ki, o topladığı imzalarla birgə rayondan çıxa bilməyəcək. Hazırda R.Əliyev faktiki olaraq Astara rayonunda girovdu. İmza vərəqələrini özündə saxlamağı bacaran R.Əliyevin hazırda harda olduğu da bəlli deyil. Ağaşirin Tarverdi oğlunun sözlərinə görə, R.Əliyevin həyatına yaranacaq hər hansı təhlükəyə görə birbaşa dövlət başçısı İlham Əliyev, həmçinin PA rəhbəru Ramiz Mehdiyev və DİN rəhbəri Ramil Usubov məsuliyyət daşıyacaq.
azadlıq.info