Bir vaxt M.L.Kinq deyirdi ki, qoy, bizlərə dərimizin rənginə görə deyil, əməllərimizə görə qiymət versinlər.
Bəli, biz qaradərili deyilik. Ona görə də irqi ayrı-seçkilikdən danışa bilmərik. Amma biz də özümüzün elementar hüquqlarımız uğrunda mübarizə aparmaq zorundayıq. Bu hüquqlar bəzən elə təməl prinsiplərə toxunur ki, adam 21-ci əsrdə onların tapdanmasına inana bilmir. Amma onlar tapdanır, özü də hər gün, hər saat.
Qədim yunanlar dörd əsas ünsürdən danışırdı; torpaq, od, su, hava. Bəlkə bu dörd ünsürü insan həyatının da dörd əsas ünsürü adlandırmaq olardı. Onlar bizim hər birimizin mövcudluğunun əsasını təşkil edir. Bizim hər birimizin təməl hüquqları da belədir. Onlar da bizim həyatımızın əsasını təşkil edir.
Yadıma gəlir, bir dəfə televiziyada müxalifətçi ilə hakimiyyət təmsilçisi arasında debat keçirilirdi. Müxalifətçi axır dözməyərək dedi ki, nə vaxt bu zəncilərə hüquq verəcəksiniz?
O vaxt hakimiyyət təmsilçisi güldü. Mən ömrümədə heç kimə bu qədər nifrət etməmişdim. O vaxt mənə elə gəldi ki, biz dünyanın ən bədbəxt və aciz insanlarıyıq.
Məşhur bir film var: “Pianoçu”. Ikinci dünya müharibəsi zamanı almanların yəhudilərlə necə davranmasından danışır. Orada deyilir ki, yəhudilərə səki ilə addımlamaq yasaqdır.
Bəzən mənə elə gəlir ki, bizə də əsas yolla addımlamaq qadağandır: bizi aksiya keçirmək üçün şəhərin ucqarlarına göndərirlər, hakimiyyət strukturlarında təmsil olunmağa imkan vermirlər, səslərimizi saxtalaşdırırlar.
Bizim dərdlərimizdən biri də budur ki, bu qədər “qaradərili”nin öz M.L.Kinqi yoxdur. Bizim öncüllərimiz də bizi aldadır.
Milli Şuranın namizədi hələ təsdiq olmayıb(artıq təsdiqlənib – red.). Amma mən insanlardan yalnız kinayə və ironiya eşidirəm. Sanki hamının üzündə bir sual və ya bir nida həkk olub: “Bu, nə deməkdir?”.
Deyirlər ki, müxalifətin birliyi sosial sifariş idi. Amma mən hələ elə bir adama rast gəlməmişəm ki, bizi birləşməməyə görə qınasın.
Di gəl, mən insanlardan yalnız bir giley eşidirəm: niyə güclü namizəd irəli sürmədiniz?
Bu sualların qarşısında acizik. Çoxdandır biz suallara cavab verməkdə acizik. Cavabımız yoxdur.
Ona görə ki, telemexanika qaydaları ilə idarə olunuruq. Üstəlik, bu, elə bir idarəetmədir ki, əks rabitə yoxdur. Biz eşidilmirik.
Əslində bizi heç kim eşitmək istəmir və bu mərəzə təkcə hakimiyyətdəki insanlar tutulmayıb, elə özümüzünküdər də ondan “əziyyət” çəkir.
Mən M.Fətəlinin “Aldanmış kəvakib”lərini çox sevirəm. Düşünürəm ki, bu dəfə biz bu əsərin personajlarına çevrildik.
Vəziyyətimizi xarakterizə etmək üçün başqa bir ədəbi nümunə tapmaq çətindir. Amma yadıma N.Qoqolun “Müfəttiş”i də düşür. Orada əsərin qəhrəmanı deyir ki, kimə gülürsünüz, heç xəbəriniz varmı ki, özünüzə gülürsünüz?
Bəli, bu dəfə özümüzü komik bir vəziyyətə saldıq. Təkcə ona görə yox ki, namizədimiz sanballı olmadı, həm də ona görə ki, kino ssenarisilə siyasi ssenarini qarışdırdıq.
Bir nəfər tanışım elə hey deyirdi ki, filankəs istedadlı ssenaristdir, görək, bu ssenarinin axırı-finalı necə bitəcək…
Final da gəldi və bəlli oldu ki, bu, sadəcə primitiv multiplikasiyadır.
Mənə bəzən irad tuturlar ki, elə hey özümüzdən yazırsan.
Ona görə özümüzdən yazıram ki, öz işlərimiz qaydasında deyil. Onları qaydaya salmaq lazımdır. Insan əvvəlcə olduğu yeri sahmana salmalıdır.
Dünyaya baxıram, çoxdandır ki, “uzunömürlü” prezidentlərin qürubu başlayıb. Bir tərəfdən onları yola salır, o biri tərəfdən də yenilərini gətirirlər.
Başa düşmək olmur ki, bu dünya əhli nə istəyir? I.Əliyev onlar üçün problem olmayacaqmı?
Düzdür, I.Əliyev geosiyasi çağırışlara və tələblərə həssasdır. Demək olar ki, hamı ondan istədiyini alır, təkcə Azərbaycan cəmiyyətindən savayı.
Bəlkə elə bir vaxt yetişəcək ki, onun da hakimiyyətinin sonu gələcək.
Amma bu nə vaxt olacaq? Mənə elə gəlir ki, I.Əliyevin hakimiyyətdə olmağının bircə səbəbi var: hamı onun Qarabağla bağlı dediklərinin yalnız daxili auditoriyaya hesablanan ritorika olduğunu başa düşür.
Əgər onun Qarabağla bağlı dediklərində zərrə qədər həqiqət olsaydı bu, ciddi təlaş yaradardı. Amma bu, ritorikadır, sadəcə, ritorika…