Bu yaxınlarda yeni təhsil naziri Mikayıl Cabbarov 2013-cü ildə ölkənin ümumtəhsil məktəblərini bitirən məzunların qızıl və gümüş medallarla təltif olunması barədə əmr imzalayıb. Kaş ki imzalamayaydı! Əmrin mətninin mətbuatda yayılması ilə “səs-küyünün” ölkəni başına götürməsi bir oldu. Indi aləm bir-birinə dəyib, hərənin ağzından bir avaz gəlir: “Görünür, təzə bazar açıblar”; “köhnə hamam, köhnə tas”; “görəcək günlərimiz qabaqdaymış” və s. Deyilənlərin nə dərəcədə düz və ya yalan olduğunu söyləyə bilmərəm.
Bununla belə, ortada əlahəzrət MƏNTIQ var. Toplum da elə ondan yapışıb. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, ölkədə təhsilin səviyyəsinin ilbəil aşağı düşməsini, rəsmi qurumların təsdiqlədiyi bir vaxtda, Mikayıl müəllim, nə az, nə çox, düz 238 məzunu qızıl medalla təltif edib. Bir ildə neçə şagirdə qızıl medal vermək olar?! Bunun bir hədd-hüdudu olmalıdır, yoxsa yox?! Bilmirəm, bircə onu bilirəm ki, Azərbaycanın təhsil tarixində heç vaxt bir ildə bu qədər qızıl medal verilməyib! Nəinki bu qədər, heç bunun yarısı qədər də verilməyib! Məsələn, mətbuatın təhsil sistemində korrupsiya bataqlığı yaratmaqda suçladığı eks-nazir Misir Mərdanov ötən il cəmi-cümlətanı 118 qızıl medal vermişdi! Indi sual olunur: Təhsilin keyfiyyətində müsbətə doğru nə baş verdi ki, keçən illə müqayisədə qızıl medalların sayı 2 dəfədən də çox artdı? Halbuki rəsmi məlumatlarda qəbul imtahanlarındakı nəticələrin 2 faiz (!) aşağı düşdüyü qeyd edilir…
Bir məsələ də var: “Təhsil haqqında” Qanuna əsasən, məzunlara attestat ancaq yekun attestasiyanın nəticələrinə görə verilir. Indiyədək bizdə “yekun attestasiya” dedikdə, buraxılış imtahanları nəzərdə tutulurdu. Amma bu il qanunu bir yana qoyub (?!) attestasiyasız-filansız hamıya attestat payladılar. Qanunun pozulduğu belə bir qarmaqarışıq ortamda, toplum niyə şübhələnməməlidir ki, yaranmış mühitin bulanıq sularında “qızıl balıq” tutanlar var? Yoxdursa, nazirliyin müvafiq strukturları niyə başlarını kola soxub on gündür camaata izahat vermirlər? Niyə ictimai rəyə hörmət edib qızıl medal alan 238 nəfərin buraxılış və qəbul imtahanlarındakı nəticələrini elan etmirlər?.. Qəbul imtahanları demişkən, artıq cəmiyyət bu imtahanlarda çox pis nəticə göstərən – 226, 320, 140 (!) bal toplayan “qızıl” medalçıların olduğunu bilir. Özü də bu bilgilər, dedi-qoduya yox, TQDK-nın rəsmi məlumatlarına əsaslanır. Kimdir qızıl medala layiq görülmüş “dvoişniklər”? Onlar hansı məmurun, hansı harın pullunun balalarıdır? Sosial şəbəkələrdə ah-naləsi ərşə bülənd olan valideyn Fərahim Abdullayevi niyə eşidən yoxdur? Onun yazdığına görə, attestat və şəhadətnamə qiymətləri “əla” olan qızı qəbul imtahanında 677 bal toplayıb. Qızına medal vermədikləri cəhənnəm, onun məktublarına da cavab vermirlər. Nə oldu, bəs təzə rəhbərlik şəffaflıqdan, müraciətlərə 24-48 saat ərzində cavab veriləcəyindən danışırdı? Qızılın şüası beləmi gözqamaşdırıcı, yaddaşkorşaldıcı oldu?! Nazirliyin əsas fiqurlarından biri olan Fərzəli Qədirovun 473 bal toplamış oğluna qızıl medal verənlər 700 bal toplayıb gümüş medal belə almayan məzunların üzünə bundan sonra necə baxacaqlar? Bəs Fərzəli Qədirov özü nə edəcək? Görəsən, o, nazir Mikayıl Cabbarov üçün yaratdığı bu problem haqqında düşünürmü? Axı hər şey onun oğlu Fəriddən başladı! Bildiyimiz kimi, Fərzəli Qədirov nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiridir. Bütün müəllimlərin işə götürülməsi onun rəhbərliyi ilə həyata keçirilir.
Bundan sonra bu məsul işi ona necə etibar etmək olar?! Nə isə… “Medal” məsələsi haqqında danışan yazar və ekspertlərin əsas diqqət yetirdiyi və on gündür cəmiyyətin dilindən düşməyən, hələ bundan sonra uzun müddət davam edəcək “bazar” söhbətlərini dəstəkləyən bir detal da var: məntiqə görə, qızıl medalların sayı gümüş medalların sayından az olmalıdır. Amma bu il 238 nəfərə qızıl medal verildiyi halda, cəmi 10 nəfərə gümüş medal verilib. Qəribədir, keçən illə müqayisədə qızıl medalların sayı iki dəfə artırıldığı halda, gümüş medalların sayı iki dəfə aşağı salınıb. Xatırladıram ki, keçən il 20 şagird gümüş medal almışdı. Bu faktı bir dostuma söyləyəndə o, belə dedi: “Yəqin təhsilimiz ”gümüş” dövründən “qızıl” dövrünə qədəm qoyub”. Bəlkə doğrudan da belədir?!
Ramin DEKO