Telman İsmayılovun adamı həbs olundu

“AST” şirkətlər qrupunun direktoru yüzlərlə vyetnamlının qul kimi istismar olunmasını təşkil edibmiş

Moskva polisi Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun sahibi olduğu “AST” şirkətlər qrupunun direktorunu və səhmdarlarından birini yüzlərlə vyetnamlını qul kimi istismar etməkdə şübhəli bilərək həbs edib. “İnterfaks” agentliyi həbs edilən şəxsin soyadını öyrənə bilib – Rafaelov.

Virtualaz.org Moskva polisinin mətbuat xidmətindən yayılan məlumata istinadən xəbər verir ki, saxlanılan şəxs Rusiya ərazisində qeyri-leqal yaşayan 700-dən çox Vyetnam vətəndaşının zorla “qul düşərgəsi”ində saxlanılmasını və işlədilməsini təşkil edib.

Saxlanılan şəxsin adı açıqlanmır. “İstintaqın məlumatına görə, saxlanılan şəxs “AST Group”un direktoru və səhmdarlarından biridir. Onun adından icarəyə götürülən anbarlarda qanunsuz olaraq 700-dən çox Vyetnam vətəndaşı yerləşdirilib və işlədilib. Müəyyən edilib ki, həbs edilən şübhəli şəxs bu anbarları “AST Group”un adından icarəyə götürüb, danışıqlar aparıb və şirkətin məhkəmələrdə nümayəndəsi kimi çıxış edib” – deyə məlumatda bildirilir.

Həbs olunan şəxsə qarşı “Qul əməyindən istifadə” maddəsi üzrə ittiham irəli sürülüb.

Həbs qeyri-leqal miqrasiya və qul əməyindən istifadə üzrə qaldırılmış cinayət işinin əsasında aparılıb.  Vyetnam vətəndaşlarının qul kimi istismar olunması faktı Rusiyada prezident Vladimir Putinin tapşırığı ilə qeyri-leqal miqrantlara qarşı başladılan irimiqyaslı əməliyyatlar zamanı ortaya çıxıb. Bu reydlər zamanı Moskvanın İrtışsk keçidi ərazisindəki anbar komplekslərində qeyri-qanuni yaşayan 1400-ə yaxın miqrant aşkarlanıb.

900-ə yaxın polisin keçirdiyi əməliyyat zamanı saxlanılan miqrantlardan 700-dən çoxunun Vyetnam vətəndaşı olduğu müəyyən edilib. Məlum olub ki, onlar anbarlarda zorla saxlanılır və qeyri-leqal sexlərdə işlədilir. Faktla bağlı cinayət işi qaldırılıb və qul əməyindən istifadəni təşkil edən mütəşəkkil dəstənin 6 üzvü, o cümlədən bir Azərbaycan vətəndaşı həbs olunub.

Cinayət işinin istintaqı zamanı məlum olub ki, sözügedən anbarları “AST” şirkətlər qrupu icarəyə götürüb.

“AST” şirkətlər qrupuna biznesin müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox şirkət daxildir. Qrupun illik dövriyyəsi 3 milyard dollara yaxındır. Şirkətin prezidenti Telman İsmayılovun oğlu Sərxan İsmayılovdur. Moskvadakı nəhəng “Çerkizov” bazarı da bu şirkətə məxsus idi və həmin bazar Putinin göstərişi ilə artıq sökülüb.