Suriyaya ciddi cavab verilməlidir

Britaniyanın Baş naziri Deyvid Kameron parlamentin ölkənin Suriyaya müdaxiləsi əleyhinə səsverməsinə baxmayaraq, Dəməşq hökumətinə ciddi cavab verilməli olduğunu bildirib. Cənab Kameron parlamentdə səsvermə ilə əlaqədar təəssüfünü ifadə edib. Baş nazir Deyvid Kameron parlamentdə səsvermədən sonra cümə günü açıqlama verib:”Parlament Britaniyanın heç bir hərbi əməliyyata cəlb olunmaq istəmədiyini açıq şəkildə ifadə edib, biz də buna uyğun hərəkət etməliyik”. Cənab Kameron Suriya rəsmilərinin zəhərli qazdan istifadə etməsinin qarşısının alınması üçün hərbi hücumun sanksiyalaşdırılmasına çalışırdı. Britaniya parlamenti cümə axşamı günü keçirilən səsermə zamanı 285 əleyhinə 272 lehinə səslə ölkənin Suriyaya hərbi müdaxiləsinin qarşısını aldı. Baş nazir Kameron Britaniyanın kimyəvi silahlardan istifadə olunmasına ciddi cavab verməsinin vacibliyini vurğulayaraq, ölkəsinin BMT və NATO kimi təşkilatlar vasitəsilə Suriyada baş verənləri qınayacağını bildirib.