Həsən Kərimov: «Əgər bizə müraciət olunarsa, AXCP olaraq əlimizdən gələn köməyi etməyə hazırıq»
Gülağa Aslanlı: «Cəmil Həsənlinin imzatoplama kampaniyasını başa çatdırdıqdan sonra, REAL-a da dəstək verə bilərik»
REAL Hərəkatının həbsdə olan sədri Ilqar Məmmədovun prezidentliyə namizədliyinin təsdiq edilməsi haqda məlumat vermişdik. MSK katibi Arifə Muxtarova bu barədə hüquqi əsasların olduğunu bildirib. Eyni zamanda Ilqar Məmmədovun səlahiyyətli nümayəndələri də təsdiq edilib.
Seçki qanunvericiliyinə görə, seçkidə iştirak edən qurum 60 dairəni əhatə etməlidir və 40000- dən çox imza toplamalıdır. Yerli strukturları olmayan qurumlar üçün bu kampaniyanı uğurla aparmaq müəyyən çətinliklər yaradır. REAL Hərəkatının üzvləri “Facebook” səhifələrində Ilqar Məmmədovun imzatoplama kampaniyasında iştirak etmək üçün insanlara müraciət ünvanlayıb.
Bəs, bu kampaniyada siyasi partiyalar REAL-a dəstək verəcəklərmi?
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, Ilqar Məmmədovun seçki kampaniyasında AXCP əlindən gələn köməkliyi göstərməyə hazırdır: “Ilqar Məmmədov qondarma ittihamlarla həbs olunub. Onun müdafiəsini təşkil etmək, seçki prosesində köməklik göstərmək hər kəsin vətəndaşlıq borcudur. REAL hərəkatının yerlərdə strukturları olmadığı üçün, bu prosesdə çətinliklərlə üzləşə bilər. Əgər bununla bağlı bizə müraciət olunarsa, AXCP olaraq hər cür yardımı göstərməyə hazırıq və bunu özümüzə borc bilirik”.
Müsavat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, indiki şəraitdə Müsavat partiyası Cəmil Həsənlinin imzatoplama kampaniyasında iştirak edir və digər namizədlərin kampaniyasında iştirak etməyə vaxt məhdudiyyəti imkan vermir: “Biz yəqin ki, sabahdan başlayaraq Milli Şuranın vahid namizədinin imzatoplama kampaniyasına başlayacağıq. Indiki şəraitdə bizim üzərimizə düşən məsuliyyət bununla bağlıdır. Əgər bu kampaniyanı vaxtından əvvəl sona çatdırarıqsa və bizə müraciət olunarsa, yəqin ki, biz də Ilqar Məmmədovun imzatoplama kampaniyasına dəstək verə bilərik”.
Ilham Hüseyn