Mən sizin atanızam…

Irsiyyətin xromosom nəzəriyyəsi haqda (gen nəzəriyyəsi də deyirlər) hər halda çoxumuz bilirik. Məsələn, övlad (ümumiyyətlə, beldən gələn bütün canlılar) öz bünyəsində və ya bünövrəsində dominant genin, demək olar, bütün əsas cəhətlərini daşıyır. Səsi, hərəkəti, davranışları, bədən quruluşu, üz cizgiləri, qan qrupu, yaxşı və pis yanları və s. Ola bilər ki, övlad təfəkkür və dünya-baxış cəhətdən atadan (anadan) tam fərqlənə və ona qarşı çıxa. Lakin diqqətlə fikir versək, görəcəyik ki, o, valideyninə qarşı çıxanda, onunla mübarizə aparanda belə eynən onun kimi hərəkət edəcək. Fərq isə sadəcə sonradan qazanılma dünya-baxışda üzə çıxır, vəssalam.

Burada söhbət əlbəttə ki, canlının biolojisindən gedir. Lakin mən bu nəzəriyyənin cəmiyyət həyatına tətbiq olunub-oluna bilməyəcəyini düşünürəm. Ola bilsin ki, bunu məndən bəlkə də əsrlər qabaq hansısa mütəfəkkir düşünüb, fikirlərini də ortaya qoyub. Mən həmin mütəfəkkiri oxumuş olmadığıma görə, indi yeni sıfır nöqtəsindən başlayırmış kimi danışmağa məcburam. Yeri gəlmişkən, “oxumaq nəyə lazımdı” deyənlərə, “elə buna görə” cavabını vermək olar. Yəni mən həmin mütəfəkkiri oxumuş olsaydım, onun hazır postulatları üzərindən mövzuma giriş yapar, daha dolğun bənzətmələr aparardım. Çox heyf ki, xəbərsizəm və zorundayam ki, özüm nələrisə deməyə cəhd edəm.

Hə, deməli, xromosom nəzəriyyəsinin tezislərini cəmiyyət həyatına, ordan siyasətə, ordan dövlətə tətbiq etmək olarmı? Ortaya hansısa bənzərlik çıxa bilərmi?

Şükür, dövlətin ailə ilə eyniyyəti haqda fikirlər deyilib. Orta məktəbdə “Ictimaiyyət” fənnində bizə ailənin dövlətin kiçik modeli olduğunu deyirdilər. Burda yanlışlıq var, çünki ailə dövlətdən əvvəl yarandığına görə o, dövlətin yox, dövlət onun modeli üzərində qurulub, deməli, model olan dövlətdi. Bunun sübutu üçün uzağa getməyə gərək yoxdu. Məsələn, Azərbaycan bu ailə-dövlət sıralamasına yanaşmaya görə ən gözəl nümunədi. Hər kəs bilir ki, bir azərbaycanlı doğal olaraq ailəni dövlətdən üstün yerə qoyur. Inkişaf etmiş, ibtidai əsaslarından qopmuş xalq və uluslarda isə təbii ki, dövlət öndə gəlir. Az əvvəl dediyim “ailə dövlətin kiçik modelidi” fikrini bizə öyrədənlər rus sosioloqları idi və təbii ki, rus xalqının xarakteri o fikri diktə edirdi. Onlar təfəkkürcə, irəli getmişlikləri ilə öz bənzətmələrində haqlı idilər. Bir rus heç vaxt ailəsini vətəndən-dövlətdən yuxarı qoymaz və elə buna görədir ki, onlar bizim yox, biz onların müstəmləkəsi olmuşuq. Ona görədir ki, bu gün ailəni üst rəfə qoyan bütün şərq və müsəlman aləmi nicatını ABŞ-dan, Avropadan, Rusiyadan gözləyir və ayrı-ayrılıqda onların hər birinə nifrət edir. Sanki ailə bizlikdi, dövlət sizlik… Gəlin, əməlinizə yiyə durun. 

Beləcə, bu fikri qəbul etdiksə, yavaş-yavaş xromosom nəzəriyyəsinin cəmiyyət həyatına tətbiqinin mümkünlüyü məsələsində müəyyən razılığa gəlmiş oluruq. 

Əlbəttə ki, istənilən cəmiyyət öz rəhbərinə, öz dövlətinə, öz hakimiyyətinə bənzəyir. Hətta ona qarşı çıxanda da onun kimi hərəkət edir. Məsələn, alman xalqının öz hakimiyyətinə qarşı çıxmasıyla hər hansı ərəb xalqının özünkünə qarşı çıxması heç vaxt eyni ola bilməz. Nümunə: Almaniya prezidentinin korrupsiya ittihamına görə istefası ilə Qəzzafinin dirənişinə (və bütün o biri devrilmiş diktatorlara, bu gün isə Bəşər Əsədə) qarşı savaş və onun edamı. Təbii ki, linç şəklində. Onlar diktaturaya, vəhşiliyə, amansızlığa, sorğu-sualsız ölüm hökmünə qarşıydılar, ama özləri də eyni şeyi təkrar etdilər. Çünki ataları Qəzzafi onları belə tərbiyə etmişdi, onlar öz psixoloji genlərini Qəzzafidən almışdılar. Öldürülərkən, o boş yerə belə demirdi: “Məni öldürməyin, axı mən sizin atanızam…”.

Və nəhayət bütün bunları bir daha öz ölkəmizə, öz siyasi hakimiyyətimizə tətbiq edib düşünək. Çox yaxşı olardı ki, bu haqda mövcud rejimin rəhbəri düşünsün. Ki, mən bu cəmiyyətə özümdən nələri ötürmüşəm…