Dünən Ilham Əliyev öz telekanallarından birinin prezidentinə, həm də kinorejissor olan Vaqif Mustafayevə fəxri diplom verib. Vaqif Mustafayev yaxşı rejissordur. Amma bir sənətkarın həyatı onun yaradıcılığını tamamlamırsa, vətəndaş mövqeyi yoxdur, yalnız sənətində deyil, həyatında da yüksək mənəvi ideallarla yaşamırsa, istəyir lap Fellini olsun, heç bir anlamı qalmır.
Vaqif müəllim son vaxtlar bütün istedadını rəhbərlik etdiyi telekanal vasitəsilə insanların zövqünü korlamağa, topluma bayağılıq, düşüklük toxumları səpməyə, bir də rejissor kimi yaltaqlıq, məddahlıq nümunələri yaratmağa sərf edir. Şəxsən mən onun Heydər Əliyev haqda çəkdiyi filmlərin sayını itirmişəm.
Əlbəttə, bu filmlər hazırkı siyasi sistemin çöküşü ilə birgə unudulub gedəcək, heç kimin yadına düşməyəcək, heç nəyə yaramayacaq. Heç indi də onların nəyəsə yaradığını demək olmaz. Vaqif müəllimsə öz istedadını bu çağdışı rejim uğrunda köhlən at kimi minib çapması ilə yadda qalacaq, xatırlansa, “Nakəs”, “Yaramaz”, “Nankor” kimi filmlərinə görə xatırlanacaq. Bu sadaladıqlarımızdan da gördüyünüz kimi, Vaqif müəllimin filmlərinə ad seçimi çox uğurludur, adamın ürəyindən tikan çıxarır, hətta adamı onun “Namərd”, “Iyrənc”, “Bambılı” kimi adlarda yeni-yeni filmlər çəkəcəyini dördgözlə bəkləməyə həvəsləndirir.
Amma əlbəttə, Vaqif müəllimə dünən fəxri diplom verilməsinin indiyədək yazdıqlarımızla heç bir əlaqəsi yoxdur. O, bunu nə bir telekanal direktoru kimi Azərbaycan xalqına mütilik, bayağılıq, zövqsüzlük aşılanmasında göstərdiyi xidmətlərə, nə də bir rejissor kimi istedadını saray sifarişlərini yerinə yetirməyə görə almayıb. Heç şübhəsiz, Vaqif müəllim bu fəxri diplomu təzəlikcə internetdə də geniş yayılan, onu ikrah və ironiya predmetinə çevirən fotosuna görə alıb. Həmin fotoda bir dəstə adamın Fəxri Xiyabanda Heydər Əliyevin məzarı qarşısında baş əydiyi əks olunur, Vaqif Mustafayevin vəziyyəti isə xeyli fərqlidir. O, baş əymir. O, sözün həqiqi mənasında ikiqat əyilib. Ümumiyyətlə, mən Azərbaycanda hələ əyilmənin belə növünü görməmişdim. Hətta maraq üçün internetdə Şimali Koreyanın təzəlikcə dünyasını dəyişən ümummilli liderinin qəbri önündən çəkilən fotoları tapıb baxdım, heç orada da belə ürəkbulandırıcı əyilmə görmədim.
Ümumiyyətlə, artıq bizdə fəxri adların, təltiflərin verilməsində yeni mərhələ başlayıb. Məsələn, təzəlikcə Ilhaməyə “Şərəf” ordeni verildi. Niyə? Çünki Isa Qəmbərin oğlunun toyunda bir-iki ağız mahnı oxuyaraq vətənə xəyanət etmiş, düşmən dəyirmanına su tökmüş, müstəqilliyimizə təhlükə yaratmış, ictimai-siyasi sabitliyi pozmağa cəhd etmiş Nazpəri Dostəliyevaya Ilhamə layiqli cavab vermiş, onun dizlərini yerə gətirmişdi. Belə nəhəng xidməti cavabsız qoymaq, layiqincə qiymətləndirməmək olardımı?
Indi də daha yaxşı, bu günədək tayı-bərabəri olmayan, necə deyərlər, yeni növ əyildiyinə görə Vaqif Mustafayevə prezidentin xüsusi diplomu verilir.
Bütün bunlarla cəmiyyətə vermək istədikləri mesaj aydındır. Adamlara demək istəyirlər ki, “bu ölkədə yalnız təbəə, rəiyyət olmağı qəbul edənlərin yaşamaq haqqı var. Yalnız susan, razılaşan, sorğulamayan, qabağına atılan sür-sümüyə qane olub hələ üstəlik, şükr edən, taleyilə barışanlar üçündür bu ölkə. Yalnız alçalaraq yüksəlmək, yalnız əyilərək nələrsə əldə etmək olar. Belə xoşunuza gəlirsə, buyurun. Xoşunuza gəlmirsə, cəhənnəm olun bu ölkədən, gedin özünüzə yaşamağa başqa bir xaraba tapın”.
Vəssalam, şüttamam.