Aslan İsmayılov xalq artistini ittiham edən şəxsin dələduz olduğunu bildirdi
Tanınmış vəkil Aslan İsmayılov xalq artisti, deputat Zeynəb Xanlarova ilə Türkiyə vətəndaşı Seyfi Azərioğlu arasındakı qalmaqaldan danışıb. Zeynəb Xanlarovanın hüquqdarını müdafiəçisi olan Aslan İsmayılov “Azadlıq”a açıqlamasında əvvəlcə mətbuatın məsələni birtərəfli işıqlandırmasından gileylənib: “Bilirəm ki, mətbuat oxucu yığmağa cəhd edir. Amma axı məsələyə bu cür yanaşmaq olmaz. Yazı dərc ediləndə Zeynəb Xanlarovanın, onun vəkili kimi mənim mövqeyimi öyrənmək olardı”.
Aslan İsmayılov daha sonra deyib ki, Seyfi Azərioğlu səsləndirdiyi ittihamlar tamamilə əsassızdır: “Seyfi Azərioğlu dələduzdur. Belə bir adamın fikirlərini araşdırmadan dərc etmədən mətbuaba yaraşmır. Dələduzluqla məşğul olan bu adam özünü Azərbaycanda müğənnilərə prodüsser, konsertmeyster kimi təqdim edir. Onlardan pul alaraq guya Amerikada konsertlərini təşkil edəcəyini deyir. Belə bir oyunu da xalq artisti Zeynəb Xanlarovaya qarşı qurub. Ona bildirib ki, Los Ancelsdə konsertini təşkil edəcək. Görüləcək işlər üçün 150 min manat pul alıb. Lakin konsert baş tutmayanda müxtəlif bəhanələr gətirib. Zeynəb Xanlarova bu barədə mənə məlumat verdi. Mən onun nömrəsini götürdüm və zəng vurub görüşmək istədiyimi bildirdim. Əvvəlcə tərəddüd elədi, lakin sonradan razılaşdı. Mənim ofisimdə görüşdük. Xarici görkəmdən qeyri-ciddi adama oxşayırdı. Mən ona dedim ki, harda təşkil etməli idin konserti. Cavab verdi ki, Los-Ancelsdə. Dedim konkret yerini de. O da mənə bir konsert zalının vizit kartını göstərdi. Həmin zalın saytını tapıb baxdım ki, kimlərin konserti nə vaxt olacaq hamısı qeyd edilib. Lakin Zeynəb xanımla bağlı heç bir məlumat yoxdur. Bundan əlavə mənə deyirdi ki, guya Zeynəb xanımın konsertilə bağlı CHH kanalında reklam verib. Amma Zeynəb xanım Los-Anclesdəki konsulumuzla əlaqə saxlayıb və bəlli olub ki, heç bir telekanalda reklam getməyib. Bu adam iddia edir ki, guya Zeynəb xanım ABŞ-da konsert verib və gələn gəlirdən vergi ödəmədiyinə görə ona viza verilməyib. Başdan-ayağa yalandır. Məgər Zeynəb xanım alverçidir? Hər kəs bilir ki, bu konsertlər hansısa şirkət tərəfindən müqavilə ilə təşkil edilir. Vergi və digər məsələləri də həmin şirkət həll edir.
Mən Seyfiyə dedim ki, sən dələduzsan. Əgər aldığın pulları qaytarmasan həbs ediləcəksən. Bu qorxudan pulun cüzi hissəsini – 38 min manatı qaytardı. Dedi qalanını qaytaracam. Bununla bağlı müqavilə bağladı. İndi deyir ki, guya biz saxatkarlıq etmişik. Heç bir saxtakarlıqdan söhbət gedə bilməz, adam özü etiraf edib ki, 112 min manat borcu var”.
Vəkilin sözlərinə görə, Seyfi Azərioğlu qalan pulu qaytarmadığı üçün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edilib: “Lakin təəssüf ki, Zeynəb xanımın probleminə biganə yanaşıldı. Seyfi Azərioğlu da aradan çıxdı”.
Aslan İsmayılov əlavə edib ki, məsələ ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət olunub və hazırda məhkəmə prosesinin davam edir: “Bizim tələbimiz ondan ibarətdir ki, ya pulu qaytarsın, ya da pulun xərclənməsi barədə bir hesabat versin. Lakin o deyir ki, mən pulu qeyri-rəsmi şəkildə ödədiyim üçün hesabat verə bilmirəm. Amerikada qeyri-rəsmi heç bir şey yoxdur. Orda hər şey qeydiyyata düşür”.
Xatırladaq ki, Ceyfi Azərioğlunun sözlərinə görə, Zeynəb Xanlarovanın konsertinin baş tutmaması xalq artistinə viza verilməməsi üzündən baş tutmayıb. O, qarşılıqla iddia qaldırıb və Zeynəb Xanlarovadan dəymiş ziyana görə təzminat tələb edir.