ABŞ Suriyanı vurmaqda israrlıdır

Britaniya isə Suriyaya qarşı hərbi əməliyyata qoşulmamaq qərarı verdi

Dünən ABŞ dövlət katibi Con Kerri Suriya məsələsilə əlaqədar bəyanatla çıxış edib. Onun sözlərinə görə, ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar göstərir ki, Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi nəticəsində 1429 nəfər həlak olub, onların da 426-sı uşaqdır: “Biz dəqiq bilirik ki, hökumət qüvvələrinin nəzarəti altında olan ərazilərdən raketlər üsyançıların nəzarətində olan ərazilərə atılıb. ABŞ kəşfiyyatına dəqiq məlumdur ki, bu yolla Əsəd rejimi kimyəvi silahdan istifadə edib”.
Beləliklə, ABŞ hökuməti rəsmi bəyanatla çıxış edərək, kimyəvi silahdan istifadəyə görə Bəşər Əsəd rejiminin məsuliyyət daşıdığını bildirib.

Britaniya parlamenti Kemeronun təklifinə “yox” dedi

Böyük Britaniya isə Suriyaya qarşı hərbi əməliyyatlara qoşulmamaq qərarı verib. Böyük Britaniyanın müdafiə naziri Filip Hammond Suriyaya gözlənilən hərbi müdaxilədə iştirak etməyəcəklərini bəyan edib. Amma F.Hammond ehtimal edir ki, Londonun hərbi əməliyyatda iştirakdan imtina etməsinə baxmayaraq, istənilən halda, Suriya hakimiyyətinə qarşı hərbi müdaxilə baş tutacaq.
Müdafiə naziri bu bəyanatı ölkə parlamentinin Suriya ilə bağlı səsverməsinin nəticələri məlum olandan sonra verib. Britaniya parlamenti avqustun 30-na keçən gecə baş nazir Devid Kemeronun Suriyaya hərbi müdaxilə barədə təklifini qəbul etməyib. 285 deputat hökumətin irəli sürdüyü təşəbbüsün əleyhinə səs verib, 272 deputat isə baş nazirin ÿtəklifini dəstəkləyib.
Səsvermə tövsiyə xarakteri daşısa da, Devid Kemeron iclasdan sonra qeyd edib ki, parlamentin Suriyada hər-hansı hərbi əməliyyat keçirmək niyyətində olmadığı artıq tam aydınlaşıb: “Mən də artıq addımlarımı müvafiq şəkildə atacam”.

NATO da Əsədin kimyəvi silahdan istifadə etdiyinə əmindir

NATO da Suriyaya zərbə endirilməsi prosesində iştirak etmək niyyətində deyil. Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen açıqlayıb.
Bununla belə, Rasmussen qeyd edib ki, onun fikrincə, Suriyada kimyəvi silahdan üsyançılar yox, Bəşər Əsəd rejimi istifadə edib: “Şübhə etmirəm ki, kimyəvi hücumu Əsəd rejimi təşkil edib. Kimyəvi silah anbarlarının kimin əlində olduğuna diqqət yetirmək kifayətdir ki, baş verənlərin rejim tərəfindən həyata keçirildiyi qənaətinə gələsən”.

Rusiyadan Obamanı “Nobel”dən məhrum etmək çağırışı

Bu arada, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov ABŞ ordusu Suriyadakı proseslərə hərbi müdaxilə edəcəyi halda, prezident Barak Obamanın Nobel sülh mükafatından məhrum edilməsi təklifilə çıxış edib. “Əgər ABŞ BMT-nin sanksiyası olmadan Suriyaya zərbə endirsə, dünya ictimaiyyəti Nobel komitəsindən Obamanın mükafatdan məhrum olunmasını tələb etməlidir”, – deyə rusiyalı deputat “Twitter”də yazıb.
Xatırladaq ki, 2009-cu ildə prezident seçilən Barak Obama elə həmin il insanlar arasında diplomatiya və əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinə görə Nobel sülh mükafatına layiq görülmüşdü.

Türkiyə və Fransa Suriya məsələsində ABŞ-a dəstək verir

Puşkov da hesab edir ki, Böyük Britaniya və bir sıra başqa müttəfiqlərinin hərbi əməliyyatlarda iştirakdan imtinası da  ABŞ-ı çəkindirməyəcək və Birləşmiş Ştatlar üzümüzə gələn istirahət günlərində Suriyaya zərbə endirəcək: “ABŞ-a Fransa da dəstək verir. Bu ölkə də hesab edir ki, Suriyadakı proseslərə müdaxilə üçün BMT Təhlükəsizlik Şurasının qərarı vacib deyil. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər, eləcə də Ərəb Dövlətlərinin bütün üzvləri olmasa da, bir çoxu onlara dəstək verir”.
Onun sözlərinə görə, Bəşər Əsəd rejimi məsələsində ABŞ o qədər irəli gedib ki, geri çəkilməsi mümkün deyil. Puşkov həmçinin yada salıb ki, ABŞ hətta BMT Təhlükəsizlik Şurasının sanksiyası və müttəfiqlərinin dəstəyi olmadan da zərbə endirməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Rusiyalı deputat onu da əlavə edib ki, Suriyada hərbi əməliyyatlar başlayacağı halda, gələn həftə Dövlət Dumasının fövqəladə iclası keçirilə bilər.

Obama hələ qərarını verməyib

ABŞ prezidenti Barak Obama Suriyada kimyəvi silahın istifadəsinə cavab tədbirilə bağlı hazırda heç bir qərar verməyib. APA-nın məlumatına görə, bu barədə vitse-prezident Co Bayden bildirib. Lakin ABŞ Suriyada hərbi əməliyyat keçirmək qərarı verəcəyi halda, Suriyaya hərbi zərbənin hüquqi əsaslandırmasını özü müstəqil şəkildə tərtib edəcək. Bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib: “Prezident müvafiq yekun qərar verəcəyi təqdirdə biz bu qərara hüquqi haqq qazandırmaq üçün onun hüquqi əsaslandırmasını hazırlayıb təqdim edəcəyik”.
“Obama Suriya ilə bağlı qərar verərkən Amerikanın milli maraqlarını əsas tutacaq” – bunu isə Böyük Britaniyanın hərbi əməliyyatda imtinasını şərh edərkən ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keytlin Hayden deyib. K.Hayden qeyd edib ki, kimyəvi silah barədə beynəlxalq normaları pozan ölkələr hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Böyük Britaniyanın Suriyaya qarşı əməliyyatda iştirakdan imtinasına baxmayaq, Obama Suriyaya məhdud xarakterli hərbi zərbəni sanksiyalaşdırmağa hazırdır.
Obamanın Suriya ilə bağlı yekun qərar vermədiyi barədə xəbərlərə baxmayaraq,ÿehtimal var ki,ÿzərbə Suriyada kimyəvi silahdan istifadə məlumatını araşdıran BMT müfəttişləri ölkəni tərk etdikdən dərhal sonra başlayacaq. Müfəttişlər ölkəni iyulun 31-də tərk etməyi planlaşdırır.

Liviya variantı təkrarlanmayacaq

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf isə bildirib ki, Birləşmiş Ştatlar Suriyada kimyəvi silah istifadəsinə cavab tədbiri olaraq, bu ölkəyə qarşı Iraq ssenarisi ilə irimiqyaslı müdaxilə həyata keçirməyi planlaşdırmır:ÿ”Heç kəs irimiqyaslı müdaxilədən danışmır. Burada söhbət Iraq ssenarisinin təkrarlanmasından getmir”. Onun sözlərinə görə, hətta hərbi variantın seçiləcəyi təqdirdə belə, bunda məqsəd Bəşər Əsədiÿ devirmək olmayacaq: “Münaqişənin siyasi yolla nizamlanması Suriya xalqının marağındadır”.
ABŞ Liviyada Müəmmər Qəzzafinin devrilməsindən əvvəl tətbiq olunmuş uçuşsuz zona variantını Suriyaya qarşı istifadə etməyi nəzərdə tutmur. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib: “Biz Iraq ssenarisi əsasında hücum, Liviyada tətbiq olunan uçuşsuz zona variantlarından danışmırıq və bu çox mühümdür”.

Pentaqon müttəfiqlər olmadan müharibə aparmayacaq

ABŞ Suriyada yalnız beynəlxalq koalisiyanın tərkibində hərbi əməliyyatlar aparacaq. Bu bəyanatla ABŞ-ın müdafiə naziri Çak Heygel çıxış edib: “Prezident Obamanın hədəfi budur. Qərarın necəliyindən asılı olmayaraq, bu, beynəlxalq əməkdaşlıq olacaq. Vaşinqton müttəfiqlər axtarmaqda davam edir. Biz bundan sonra da Böyük Britaniya ilə danışıqları davam etdirmək niyyətindəyik”.
Xatırladaq ki, bundan əvvəl bir sıra ABŞ KIV-ləri Obama administrasiyasındakı mənbəyə istinadən Vaşinqtonun Suriyaya təkbaşına zərbələr endirəcəyi barədə məlumatlar yayıblar. Bu məlumat Britaniya parlamentinin Əsəd rejiminə qarşı təkbaşına hərbi əməliyyatdan imtina qərarından sonra yayılıb. Bundan başqa NATO-ya üzv 12 dövlət BMT Təhlükəsizlik Şurasının razılığı olmadan bu müharibədə iştirakdan imtina edəcəklərini açıqlayıblar.
Ekspertlər isə Dəməşq ətrafında kimyəvi silahın tətbiqi zamanı hansı kimyəvi maddənin istifadə olunduğunu hələ ki müəyyən edə bilməyib. Bunu Parisdə keçirilmiş mətbuat konfransında BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi deyib: “Bizim ekspertlər hazırda Dəməşqdə işləyirlər. Onlar xeyli məlumat toplayıblar. Ehtimal olunan kimyəvi silahın tətbiqi zamanı hansı kimyəvi maddədən stifadə olunduğu hələlik ÿmüəyyən edilməyib. Biz analizlərin nəticələrini gözləyirik”.
L.Brahimi son günlər Suriyaya hərbi müdaxilə ilə bağlı yayılmış xəbəri şərh etməkdən boyun qaçırıb: “Məndə bu barədə heç bir məlumat yoxdur”.

Iran və Suriyanın müdafiə nazirləri nədən danışıblar?

Iran və Suriyanın müdafiə nazirləri arasında telefon danışığı olub. Telefon söhbətində Suriya ilə bağlı son günlər yaşanan proseslər əsas müzakirə mövzusu olub. Iranın müdafiə naziri, general-mayor Hüseyn Dehqan bildirib ki, Suriya böhranının həlli üçün siyasi və dinc üsullardan yararlanmaq lazımdır: “Güc tətbiq edilməsi gərginliyi aradan qaldırmaq əvəzinə, əhatə dairəsini daha da genişləndirəcək”. H.Dehqan bölgədə müharibə başladan tərəfin itirən tərəf olacağını da söyləyib. Suriyanın müdafiə naziri, general-leytenant Fahad Fəric isə öz növbəsində Suriya ordusu tərəfindən kimyəvi silahlardan istifadə edildiyinə dair Qərb rəsmilərinin iddialarını rədd edib. Onun sözlərinə görə, müxalif qüvvələr bölgə daxilindəki və xaricindəki himayədarlarının daha çox dəstəyini qazanmaq üçün kimyəvi silahlarla Suriya xalqını qırıblar və beləcə dünya ictimaiyyətini aldıqları məğlubiyyətdən yayındırmağa çalışıblar. F.Fəric Suriya xalqı və ordusunun hər cür xarici müdaxiləyə hazırlıqlı olduğunu da vurğulayıb.
Qeyd edək ki, Suriyada vəziyyət avqustun 21-də kritik mərhələyə keçib. Belə ki, məhz həmin gün bir sıra KIV-lər hökumət qüvvələrinin Dəməşq ətrafındaÿ kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. Suriya müxalifətinin milli koalisiyası 1300-dən çox insanın öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib.

Informasiya şöbəsi