Rusiyanın düşüncə adamları deyir ki, bizim milli ideologiyamız ədəbiyytımızdır. Çox cəsarətli fikirdir. Mən hələ başqa xalqların yazarlarının dilindən belə fikir eşitməmişəm.
Uzaq xaricin yazarları ədəbiyyatın rolunu bir o qədər də şişirtməyi sevmirlər. Rus ədəbiyyatı sözsüz ki, fenomendir. Buna sözüm yoxdur. Amma mən bu ədəbiyyatı daha çox psixoloji sarsıntılar, axtarışlar ədəbiyyatı adlandırardım.
Ədəbiyyatın sosial missiyası həmişə mübahisə doğurub. Bununla bağlı fikirləri xatırlayanda iki qütblə rastlaşırsan.
Birinci qütb sosialist realizmi idi. O vaxt deyilirdi ki, ədəbiyyat həyatın aynasıdır. Nə qədər qəribə olsa da, bu ədəbiyyat gerçəkliyə əsl ayna tutmağa çalışanda hakimiyyət bundan isterikaya düşürdü. Ona görə də sosialist realizmi əslində ədəbiyyatın missiyasını hakimiyyətin ruporu olmaqda görürdü.
Ikinci qütbü, səhv etmirəmsə, “dadaist”lər müəyyən edirdi. Onlar belə deyirdi ki, sənət sənət üçündür, o cümlədən də ədəbiyyat. Onlar ədəbiyyata heç bir missiya vermir, onu sırf sənət nümunəsi hesab edir və bununla da kifayətlənirdilər.
Bəlkə başqa yanaşmalar da vardı. Mən onlardan yalnız ikisini sadalaya bildim. Üstəlik, bu yazının məqsədi heç də əbəbi cərəyanları çözmək deyildi.
Bu qeydləri yazmağa məni iki detal təhrik etdi. Bir yazıdan oxudum ki, ayətulla Xameneyinin ən çox sevdiyi yazar V.Hüqodur. Desəm ki, bundan böyük təəccüb hissi keçirdim, bu qeyri-səmimilik olar.
V.Lenin də ən çox qərbçi I.Turgenevi sevirdi. Amma bu, ona Yer kürəsinin az qala yarısında despotik Asiya rejimi qurmağa mane olmadı.
Mən hətta V.Hüqoda Xamneyini nələrin cəlb etdiyini də təsəvvür edə bilərəm. Qərb ədəbiyyatında kapitalizmin güclü tənqidi ilə rastlaşırıq. Bu tənqid “Nə kapitalizm, nə də sosializm!” deyənlərin ruhunu oxşamaq iqtidarındadır.
Asiya həyat tərzi və Asiya idarəçilik modeli heç vaxt Qərbdəki həyat tərzi qədər tənqid olunmayıb, bu sahədə klassik və müasir Qərb yazarları olduqca irəli gediblər.
Təbii ki, bu, Xameneyi kimi Şərq despotlarının ruhunu oxşamaya bilməz. Bəlkə də onlar bunu özlərinin siyasi-ideoloji doktrinalarında istifadə edirlər, Qərb dəyərlərini tənqid edərkən onu bir ideoloji bazis kimi götürürlər.
Başqa bir misal bizim öz həyatımızdandır. Söhbət R.Ibrahimbəyovdan gedəcək. Onun haqqında həm V.Putinin, həm də I.Əliyevin fikirlərini eşitmişəm. Hər ikisi bu adama çox yüksək dəyər verib. Amma onları bu yazıçının ssenariləri, pyesləri və filmləri zərrə qədər olsun dəyişmək gücündə olmayıb. Hanı ədəbiyyatın sosial missiyası və sosial gücü?
Bəlkə də burada da zamana ehtiyac var. Axı demək olmaz ki, M.Ə.Sabirin və yaxud M.Cəlilin yaradıcılığı bizim həyatımızdan tamam təsirsiz ötüşdü!
Amma hətta onların yaradıcılığının sosial nəticələrinə baxanda görürsən ki, dəyişiklik bir o qədər də böyük deyil. Bəli, artıq “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!” deyən yoxdur. Amma oğuluna əsl təhsil vermək istəyənlər də azdır, hamı uşağına diplom almağa çalışır.
Indi daha ölünün dirilməsinə inan azdır. Amma az qala hər sahənin özünün şeyx Nəsrullaşları var!
Ona görə də ədəbiyyatın sosial missiyasından danışmaq, onu milli ideoloji sistem səviyyəsinə qaldırmaq hələ tezdir. Mən Azərbaycan üçün Nizamini bir monumental sistem kimi görürdüm. Hər dəfə metronun “Nizami” stansiyasındakı mozaikalara baxarkən bir qürur hissi duyuram və düşünürəm ki, bizim hər birimizin evində Nizaminin kitabları olmalıdır.
Amma baxıb görürsən ki, hətta Nizami də şahları, despotları tərbiyə edə bilmədi. Onlar ta o vaxtdan öz bildiklərini edirlər. Nizaminin vaxtında despotlar şairlərə, sənət adamlarına necə baxırdısa, elə indi də elə baxırlar, bəlkə də ondan da pis baxırlar.
Ona görə də ədəbiyyatdan çox şey ummaq lazım deyil. Onun həyatı dəyişmək sahəsindəki acizliyini başa düşmək lazımdır.
Burada M.Fətəlinin bir fikrini necə xatırlamayasan? O yazırdı ki, əgər öyüdlə, nəsihətlə dünyanı dəyişmək mümkün olsaydı, onda gərək iranlılar hamıdan irəlidə olaydı! Bu xalqın ədəbiyyatı başdan-ayağa etik sistem, öyüd-nəsihətdir! Amma iranlılar S.Şirazidən, Hafizdən bu tərəfə olduqca az dəyişiblər. O qədər az ki, hətta bu dəyişikliklər Iranda normal sosial-siyasi sistem qurmaq üçün yetərli olmadı.