Azərbaycan Putinlə üz-üzə gələn gürcü prezidenti müdafiə edəcəkmi?
Razi Nurullayev: «Hakimiyyət Saakaşvilinin ziddinə getməz»
Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Ivanişvilinin müsahibələrindən birində onun həbsi ilə əlaqədar söylədiyi fikirlərə münasibət bildirib.
“Qafqazinfo”nun gürcü KIV-nə istinadən verdiyi xəbərə görə, Saakaşvili ittiham olunanlar kürsüsündə əyləşəcəyinə şübhə etdiyini və onu tarixin mühakimə edəcəyini qeyd edib.
Gürcüstan prezidentinin sözlərinə görə, onun həbsini həmçinin Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev də istəyir: “Putin dəfələrlə deyib ki, məni ölü görmək istəyir. Çünki nə qədər ki, mən sağ və azadam Putin heç vaxt postsovet məkanında mövqeyini bərpa edə bilməyəcək”.
Qeyd edək ki, baş nazir Bidzina Ivanişvili Bloomberg nəşrinə müsahibəsində hər kəsin qanun qarşısında bərabər olduğunu və Saakaşvilinin də korrupsiya faktı ilə bağlı məhkəmə qarşısına çıxacağını istisna etmədiyini bildirib.
Gürcüstanda prezident seçkilərinə az müddət qalıb və bu ölkədə hökumət böhranının nə ilə başa çatacağı yaxın zamanda bəlli olacaq. Onu da xatırlatmaq yerinə düşər ki, Kremlin düşmən kimi qəbul etdiyi Saakaşvili son antiRusiya bəyanatlarını məhz Bakıda səfərdə olarkən verib. Lakin o zaman Azərbaycan-Rusiya münasibətlərində də gərginlik müşahidə olunurdu. Putinin Bakıya səfərindən sonra isə münasibətlərdə yumşalma müşahidə olunur. Belə olan halda Saakaşvili həbs olunacağı təqdirdə rəsmi Bakının onun müdafiəsi qalxacağını gözləmək olarmı?
Politoloq Razi Nurullayev Putinin Saakaşvili ilə bağlı Azərbaycan hakimiyyətinə hər hansı tələblə müraciətini istisna edir. Istənilən halda Azərbaycan hakimiyyəti Saakaşvilinin əleyhinə heç bir bəyanat verməz və onun ziddinə getməz. Çünki Saakaşvili hər zaman Azərbaycan hakimiyyətini müdafiə edib. Hətta bəzən Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə sözçüsü kimi çıxış edib. Rəsmi Bakının Rusiya, başqa ölkələr haqqında deyə bilməyəcəkləri Saakaşvilinin dilindən səslənib.
Ekspertin fikrincə, gürcü prezident bunu Azərbaycan hakimiyyətinə dostluğunu göstərmək, yaxud nəyəsə nail olmaq üçün edib.
Saakaşvilinin həbsinə gəldikdə, ekspert seçkilərdən sonra bunun baş verəcəyini də istisna etmir: “Prezident səlahiyyətləri başa çatandan sonra Saakaşvili Gürcüstanı tərk etməzsə, onun həbsi mümkündür. Artıq komandasının bir çox nazirləri də ölkədən gedib, ya da həbsdədir. Bu məsələdə Rusiya da maraqlıdır. Ancaq güman etmirəm ki, Saakaşvili məhz Rusiyanın tələbi ilə həbs olunacaq”.
Ekspertin sözlərinə görə, Saakaşvili demokratik lider hesab olunsa da, onun Gürcüstandan fərqli olaraq region ölkələri ilə bağlı tutduğu mövqe Avropada nüfuzunun aşağı düşməsinə gətirib. Çünki demokratik yolla hakimiyyətə gəlsə də, regionda demokratiyanın carçısı kimi tanınmadı. Amma istənilən halda həbs təhlükəsi yaransa, Saakaşviliyə sığınacaq verəcək ölkələrin sayı çox olacaq.
Fizzə