Azər Mehdiyev: «Ölkə bazarlarının inhisara alınması bu cür cüzi əmək haqqı artımlarında belə qiymətlərin qalxmasına gətirib çıxarır»
Dövlət başçısının sərəncamları ilə bir sıra büdcə təşkalatlarında çalışanların əmək haqları, həmçinin pensiya və müavinətlərdə 10 faizlik artım baş verib. Lakin artan məbləğin cüzi olması vətəndaşların həyat şəraitinn yaxşılaşmasına imkan verə bilməz. Əksinə, bir çox ekspertlər artımın inflyasiyasının yeminə çevrildiyini deyir.
Iqtisadçı-ekspert Azər Mehdiyev hesab edir ki, artan məbləğin Azərbaycanda inflyasiyanın səviyyəsini qaldırmağa birbaşa təsiri olmamalıdır. Əgər söhbət real təsirdən gedirsə, indiki halda əmək haqlarının, pensiyaların, sosial ödənişlərin baş verən artımı istehlak bazarında müəyyən aktivlik yaratsa da, geniş mənada inflyasiya prosesinə gətirməməlidir. Çünki son illər aparılan tədqiqat göstərir ki, ölkədə inflyasiyanın səviyyəsinə təsir göstərən əsas amil heç də əmək haqları deyil. Azərbaycan reallığında əsas amil inhisarçılıqdır. Yəni ölkə bazarlarının inhisara alınması bu cür cüzi əmək haqqı artımlarında belə qiymətlərin artımına gətirib çıxarır. Çünki Azərbaycanda bütün məhsulların satışı, əsasən topdansatış ticarəti məmurların nəzarəti, inhisarı altındadır. Bu cür cüzi əmək haqqı artımlarından sonra inhisarçıların göstərişi ilə topdansatış ticarətdə qiymət artımı baş verir. Bu da son nəticədə gəlib istehlak bazarında inflyasiya proseslərini gücləndirir: “Yəni bu cür əmək haqqının, sosial ödənişlərin, pensiyaların artımı mahiyyət etibarı ilə öz miqdarına görə inflyasiyanın artımına səbəb olmadığı halda inhisarçılıq amili hesabına bu proseslər baş verir”.
Fizzə