Əli İnsanov Ali Məhkəmə sədrini məhkəməyə verdi

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayev və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib. Vəkil Toğrul Babayev “Turan”a bildirib ki, sabiq nazir Rzayev və Əsgərovu Avropa Məhkəməsinin qərarını icra etməməkdə günahlandırır. Avqustun 29-da iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub.

Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovla bağlı qərarını 2013-cü il martın 14-də açıqlayıb. Məhkəmə İnsanovun işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti keçmiş nazirə 10 min avro kompensasiya da ödəməlidir.

Avropa Məhkəməsinin qərarı iyunun 14-də qüvvəyə minib. Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan 3 aydan gec olmayaraq hakimlərdən birinə təqdim edilməli və plenuma çıxarılmalıdır. Vəkillər iyulun 10-da Avropa Məhkəməsinin qərarının Ali Məhkəməyə təqdim edib. Lakin indiyədək İnsanova işin Ali Məhkəmənin plenumuna çıxarılması ilə bağlı hər hansı rəsmi məlumat verilməyib.

2005-ci ildə tutulan sabiq nazir korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb.