İlham Əliyev kimi çox tanınmaqdansa…

…Cəmil Həsənli kimi nisbətən az tanınmaq yaxşıdır

Milli Şuranın prezidentliyə namizədi kimi bütün xalqın namizədinə çevrilməkdə olan, bu az müddətdə namizədliyi gözlənildiyin artıq dərəcədə rəğbət qazanan, indiyədək siyasətə qarışmayan tanınmışlar tərəfindən də dəstəklənən Cəmil Həsənliyə münasibətdə YAP-çılar qəribə duruma düşüblər. Söz tapa bilmirlər və az qala hamısı bir şeyi təkrarlayır ki, bəs Cəmil Həsənli cəmiyyətdə az tanınır. 

Əvvəla, Cəmil müəllim ölkəmizdə kifayət qədər tanınır. Son 20 ildə ictimai-siyasi həyatla maraqlanan bütün vətəndaşlar, konkret desək, seçkiyə gələcək istənilən kəs onun kimliyinə bələddir. On il millət vəkili olub, parlamentdə fəallığı və xalqın xeyrinə çıxışları ilə seçilib, başqalarının üzünə qapalı olan TV-lərdə zaman-zaman göstərilib. Daha əvvələ getsək, o, xalq hərəkatının önündə olan şəxslərdəndir, uzun müddət AXC və AXCP-nin rəhbərliyində təmsil olunub. Tarixçi kimi, BDU-nun professoru kimi ölkədə və beynəlxalq aləmdə şöhrət sahibidir. Bu adam necə az tanına bilər?

Üstəlik, aylardır ölkədə Milli Şura tufanı əsir. Hər yerdə Rüstəm Ibrahimbəyovun gələ gəlib-gəlməyəcəyindən danışılır, TV-lər bütün günü Milli Şuranın, onun sədrinin və təmsilçilərinin əleyhinə təbliğat aparır. Bu səbəbdən hər kəsdə maraq var ki, Milli Şuranın seçkidə iştirakı necə olacaq, Rüstəm Ibrahimbəyov gələ bilmirsə, qurumun namizədi kim seçiləcək. Mətbuat da bu məsələni ildırım kimi yayır, sosial şəbəkələr də. Hamı da artıq bilir ki, Milli Şuranın yeni namizədi Cəmil Həsənlidir!

Nəhayət, az qala bütün narazı kəsimin, müxalif partiyaların vahid namizədi olan bir kəsi niyə tanımasınlar. Buna ciddi təbliğat belə lazım deyil və üstəlik, seçki təbliğatı zamanı da onun daha yaxşı tanıdılması üçün kifayət qədər ciddi resurslar var. 

Burada ikinci bir ciddi məqam var. Cəmil müəllim rəqibi sayılan Ilham Əliyevdən az tanına bilər, amma o, korrupsioner rejimin başçısı kimi heç bir pis tərəfi ilə tanınmır. Zülm çəkən Azərbaycan xalqına qarşı günahlarda, ölkənin talan edilməsində Cəmil müəllimin adı yoxdur. 

Ilham Əliyevi hər gün telekanallarda göstərir, tərifləyir və təbliğ edirlər. Amma hətta Ramiz Mehdiyev etiraf etmişdi ki, xalqımız bu kanallara baxmır. Əliyevə, onun təbliğinə, tərifinə maraq olsaydı, baxmazdılarmı bunu edən TV-lərə?! Telekanallarda göstərilməyə, çox tanınmağa qalsa, Qəzzafiyə, Mübarəkə, Bəşər Əsədə kimsə çatmazdı. Amma xalq onları sevmədiyini tək səsi ilə yox, canı-qanı ilə sübut etdi. 

Cəmil Həsənli təmiz ada sahib olan bir namizəddir. Pis tərəfi ilə ondan çox tanınmaq ona uduzmaq deməkdir. Bir sözlə, YAP-çılar Cəmil müəllimin az tanınmasına sevinməkdənsə, Ilham Əliyevin çox tanınmasına kədərlənməlidirlər.

***

Azərbaycanı düşünən əksəriyyətin tərəddüd etmədən Cəmil Həsənliyə səs verəcəyinə əminik. Hər hansı tərəddüdü aradan qaldırmaq üçün biz bir məqamı hər gün və hər yerdə deməliyik. Cəmil Həsənli Milli Şura qarşısında prezident seçildikdə 2 illik Milli Etimad Hökuməti yaratmaqla bağlı öhdəliyə imza atıb.ÿSiz onu dəstəkləməklə, ona səs verməklə, əslində demokratik qüvvələrin Milli Etimad Hökumətinə səs vermiş olursunuz. Kimlərsə səmimi olaraq Cəmil müəllimin idarəçilik təcrübəsinin tam bəs etməyəcəyini düşünə bilər, amma onun rəhbərlik etdiyi hökumət güclü partiyalarla, siyasi liderlərlə birlikdə qurulacaq.