Rayonlarda vətəndaşların şəxsiyyət vəsiqələri yığılır
Hakimiyyət seçki ilində kifayət qədər səs toplamağa öncədən əmin olmaq üçün ağlagəlməyən üsullardan istifadə edir. Gəncə şəhərində büdcə təşkilatlarında çalışanların şəxsiyyət vəsiqələrinin naməlum səbəblərdən yığılması barədə məlumat ictimailəşəndən sonra şəhər icra hakimiyyətinin rəhbəri onu təkzib etdi. Lakin bu xüsusda olan xəbərlər rayonlardan yenə də gəlməkdədir. Indi də Lənkəran şəhərinin büdcə və qeyri-büdcə təşkilatlarında çalışanlar şəxsiyyət vəsiqələrinin yığılması barədə redaksiyamıza məlumat verib.
Görəsən, insanların şəxsiyyət vəsiqələrini yığmaqda məqsəd nədir?
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bunu “hakimiyyətin seçki texnologiyalarından biri” adlandırıb. AXCP yetkilisi deyir ki, vətəndaşların şəxsiyyət vəsiqələrini bəri başdan yığıb idarə və müəssisələrdə saxlayırlar: “Çünki müxalifət nümayəndələri imza toplayanda vətəndaşların şəxsiyyət vəsiqəsi də lazım olur. Həmin adamların şəxsiyyət vəsiqəsi evdə olmayanda onlardan imza alınmır. Onların şəxsiyyət vəsiqəsinin seriyası və ünvanları seçki başlamamışdan əvvəl müəyyən səsvermə məntəqəsində olur və onlar seçkiyə gəlməsə də, bülletenlərdə əvəzlərinə imza atılır. Bu ədalətsiz proses indidən həyata keçirilir”.
Nigar