Tofiq Yaqublu Milli Şuranın son qərarına münasibət bildirdi
«Təbliğat zamanı Cəmil Həsənlinin və onu vəkillərinin əsas mövzusu Qarabağ olmalıdır»
Siyasi məhbus, Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun vəkili Rəşid Hacılı onunla Kürdəxanı təcridxanasında görüşüb. Vəkilin dediyinə görə, müvəkkilin sağlamlığı və əhval-ruhiyyəsi normaldır, saxlanma şəraitindən şikayəti yoxdur.
“YAP sayıqlamalarına tutarlı cavabı Serj Sərkisyan verdi”
Vəkillə görüş zamanı Tofiq Yaqublu cəmiyyətin ictimai-siyasi həyatında baş verənlərə münasibət bildirib. Onun fikrincə, Serj Sərkisyan payızda keçiriləcək prezident seçkilərində Ilham Əliyevin kürsüsünü qoruya bilməsini Ermənistanın maraqlarına uyğun olmasını ciddi düşünərək deyib. Hələ bir müddət əvvəl o, Azərbaycanda korrupsioner, qeyri-legitim, insan haqlarına və demokratiyaya qənim kəsilmiş hakimiyyətin mövcud olduğunu demişdi. Təbii ki, Ermənistan tərəfi istəyər ki, Azərbaycanda ölkəni inkişafdan saxlayan güclər hakimiyyətdə olsun. Çünki bu hakimiyyət 20 il ərzində bir qarış da olsun torpağımızı azad edə bilməyib. Serj Sərkisyan yaxşı bilir ki, indiki rejim hakimiyyətdə qalmağı bacarsa, ən azı daha 5 il torpaqlarımızı işğal altında saxlaya biləcək. Digər tərəfdən, Serj Sərkisyanın bu sözləri müxalifəti ermənilərin və digər düşmənlərimizin mənafelərinə xidmət etməkdə suçlayan YAP sayıqlamalarına tutarlı cavabdır. Kimin ermənilərin mənafelərinə xidmət göstərdiyi tam çılpaqlığı ilə sübut olunur.
“Ehtiyat namizədin olması MŞ-nin vahid namizəd ideyasından imtinası kimi yozulmamalıdır”
Rəşid bəyin dediyinə görə, müvəkkili Milli Şuranın seçkilərdə iştirakı barədə fikir söyləyib. Professor Cəmil Həsənlinin qurumun ehtiyat vahid namizədi seçilməsini çox uğurlu və ciddi qərar adlandırıb. Deyib ki, ehtiyat vahid namizədin vacibliyi və kimliyi haqqında fikirlərini hələ Rüstəm Ibrahimbəyov vahid namizəd seçildikdən 6-7 gün sonra vəkili vasitəsi ilə cəmiyyətə çatdırıb. O deyib ki, ehtiyat namizədin olması MŞ-nin vahid namizəd ideyasından imtinası kimi yozulmamalıdır. Məsələyə sadə baxmaq lazımdır. Rüstəm Ibrahimbəyov bütün parametrlərə uyğun çox uğurlu, layiqli və keçid dövründə ölkə prezidenti olmağa haqqı çatan dahi şəxsiyyətdir. Amma onun MŞ-nin vahid namizədi seçilməsi ona görə belə çox əhəmiyyətli deyil ki, o, əvəzedilməzdir, ona görə əhəmiyyətlidir ki, müxalifət onun şəxsində bir araya gəlib vahid namizədi müdafiə etməyi qərara aldı. Deməli, Rüstəm bəyin MŞ-nin vahid namizəd olmasının əsas üstünlüyü, dəyəri, onun fərdi keyfiyyətləri yox, onun namizədliyində müxalifətin, nəhayət, bir araya gələ bilməsidir.
Rüstəm bəydən başqa namizəd haqqında danışmaq və ya fikirləşmək o zaman qüsurlu və ziyanlı olardı ki, ondan başqa bir namizədin qalib gəlmək şansı olmayaydı. Hamıya aydındır ki, bu iqtidarın seçkilərdə səs qazanması mümkünsüzdür, o, müxalifətin vahid namizədi olacağı təqdirdə istənilən şəxsə qalib gələ bilməz. Deməli, əsas məsələ səs yığmaq yox, yığılmış səslərin qorunmasını təmin edə bilməkdən ibarətdir. Xatırlayırsınızsa, Rüstəm bəy də deyirdi ki, özünün nəzərdə tutduğu bir neçə namizəd var. O, bu zaman özünü nəzərdə tutmurdu və tez-tez siyasətə qarışmaq fikrinin olmadığını deyirdi. Milli Şura ideyası meydana gələndə və onun yaradılmasına girişiləndə heç də bu ideya Rüstəm Ibrahimbəyovu vahid namizəd etmək anlamına gəlmirdi. Lap son vaxtlardan vahid namizədin kim olacağı da məlum deyildi. Uzun illər bu rejimə qarşı mübarizə aparmış, başı bəlalar çəkmiş Isa Qəmbər, Əli Kərimli və digər peşəkar, stajlı siyasətçilər başa düşdülər ki, tarixi xeyli illər qabağa gedən partiyalararası rəqabət, qısqanclıq və etimadsızlıq reallığı bu tipli liderlərin vahid namizəd kimi qəbul edilməsini mümkünsüz edir. Ona görə də vahid namizədin siyasi partiyalardan yox, kənardan, neytral, hamının qəbul edəcəyi, tanınan birisinin olmasının labüdlüyü qətiləşdi.
Rüstəm bəyin namizədliyinin təsdiqlənməsinə qədər onunla bərabər digər neytralların adları da çəkilirdi. Yəni MŞ-nin fəlsəfəsi hökmən Rüstəm bəyi prezident kürsüsündə oturtmaq yox, uğurlu seçki taktikası quraraq seçki saxtakarlığının qarşısını almaqdan ibarətdir. Nəhayət ki, bütün mərhələlərin arxada qaldığı və Rüstəm Ibrahimbəyov MŞ-nin vahid namizədi kimi təsdiqləndi. Bu, çox əladır. Amma özümüz də etiraf edirik ki, onun namizədliyinin qeydə alınmasına mane olmağa çalışacaqlar və bunu etmək başqa bir namizədə nisbətən hakimiyyət üçün asan olacaq. Çünki Rüstəm bəyin yaradıcılıq fəaliyyəti, xarici səfərlərdə tez-tez olması ikili vətəndaşlığı və s. amillər hakimiyyət üçün tor qurmaq işini asanlaşdıracaq…
“Bir də baxdın, Rusiya ortaya elə bir sənəd çıxartdı ki…”
Kremllə Bakının arasının dəyməsi haqda qəzetdə yazılanları mötəbər hesab etmək olmaz. Hətta bu doğru olsa belə, Kremlin beynində nə cür planlar olduğunu biz haradan bilə bilərik? Rüstəm bəyin özü deyirdi ki, Bakıdan çemodanlarla Moskvaya pul daşınır. Bu çemodanlardan biri, yaxud da bir neçəsi onun üçün problemlərin yaradılmasını nəzərdə tuta bilməzmi? Heç vətəndaşlıq məsələsi olmasın, bir də baxdın, Rusiya ortaya elə bir sənəd çıxartdı ki, hər şeyin üstündən xətt çəkilməli oldu. Hamımız bilirik ki, Rusiya da Azərbaycan kimi qeyri-hüquqi, qeyri-demokratik ölkədir. Orada dövlət səviyyəli saxta sənəd tərtib edib ortaya qoya bilərlər. Ona görə də hər şeyi təkcə Rüstəm bəyin namizədliyinə bağlamaq çox risklidir.
MŞ-nin vahid namizədinin kim olması həlledici deyil, həlledici olan MŞ-nin vahid namizədinin olmasıdır. Tutaq ki, “X” vahid namizəd oldu, burada faciəvi nə var? Bəziləri deyirlər ki, ikinci namizədin olması (baxmayaraq ki, söhbət ehtiyat namizəddən gedir) iqtidar Rüstəm bəyin namizədliyini qeydə almamağa cürətləndirəcək və cəmiyyətdə çaşqınlıq yaradacaq. Cəmiyyətdə çaşqınlıq yaranması versiyası absurddur. Proseslə maraqlananlar bunun niyə belə edildiyini anlayacaqlar, yerdə qalanlar isə seçki günü müxalifətin vahid namizədinə səs verəcəklər. Iqtidarın Rüstəm bəyin vahid namizədliyini qeydə almamağa cürətlənməsinə gəldikdə isə, burada məsələ heç də birmənalı deyil. Iqtidar qanunsuzluq edərək Rüstəm bəyin namizədliyini qeydə almayacaqsa, onu “X” əvəz edəcək və mahiyyət üzrə onun üçün heç nə dəyişməyəcək. Seçkilərin legitimliyini (xatırladaq ki, indi iqtidarın əsas qayğısı məhz budur) şübhə altına düşməsi təhlükəsinin real olduğu bir vəziyyətdə, o, bu addımı atmaqdan çəkinə bilər.
“Getmiş qatarı geri qaytarmaq, yoxsa?!.”
Məsələnin başqa tərəfinə də fikir vermək lazımdır. Tutaq ki, MŞ ancaq Rüstəm bəyin namizədliyinin üstündə dayandı, hakimiyyət də onu qeydə almadı. Onda MŞ-nin əsas mübarizəsi onun nümayəndəsi olmadan keçirilmiş seçkilərin nəticəsinin ləğv edilməsi və yenidən seçkilər keçirilməsi uğrunda olacaq. Bir də var ki, MŞ-nin namizədi seçkilərə qatılaraq onu udub. Bu halda mübarizə MSK-nın müxalifətin namizədini qalib elan etməyə məcbur etmək uğrunda olacaq. Sizcə hansı daha ümidverici və realdır? Getmiş qatarı geri qaytarmaq, yoxsa artıq mindiyin qatarda sənin yerinə oturmuş biletsiz sərnişini kənarlaşdırmaq? Getmiş qatarı o vaxt qaytarmaq olar ki, meydana yüz minlərlə narazı seçici çıxsın. Bunu ehtimal etmək olar, baş versə, əla olar. Ancaq ehtimal faizi çox aşağıdır. Bir də var ki, seçkidən sonra əvvəlki illərdə olduğundan qat-qat çox sayda insan meydana çıxdı. Məhz bu şəraitdə beynəlxalq birliyin də dəstəyi ilə müxalifətin namizədinin qələbəsini rəsmiləşdirmək mümkün ola bilər. MŞ Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydə alınması uğrunda var gücü ilə, sona qədər mübarizə aparmalıdır. Kütləvi aksiyalara başlamalıdır, bütün qanuni üsullardan yararlanmalıdır. Amma ehtiyatı da əldən vermək olmaz. Məsələ çox sadədir. Birinci və əsas vahid namizədin müəyyənləşdirildiyi qaydada ikinci ehtiyat namizədi də müəyyənləşdirmək olar. Ikinci ehtiyat namizəd variantından o vaxt çəkinmək olardı ki, onu bizə kənardan sırımağa çalışaydılar. Özümüzün özümüzdən hürkməyimiz anlaşılmazdır. Milli Şuranın vahid namizədi ideyası onun seçkilərdə bir namizədlə iştirakını nəzərdə tutur. Ehtiyat namizədin irəli sürülməsi bu ideyaya zidd deyil. Əgər Rüstəm Ibrahimbəyovun namizədliyi qeydə alınarsa, ehtiyat namizəd geri çəkilir. Yox, Rüstəm bəyin namizədliyi qeydə alınmırsa, onda avtomatik olaraq ehtiyat namizəd əsas namizədə çevrilir və Milli Şura seçkilərdə əvvəcədən nəzərdə tutulduğu kimi vahid namizədlə iştirak edir. Seçki təbliğatı zamanı Cəmil Həsənlinin və onu vəkillərinin əsas mövzusu Qarabağ olmalıdır. Hakimiyyətin talanları, yalanları, cinayətləri ilə yanaşı seçicilərə izah olunmalıdır ki, əgər bu hakimiyyət əvvəlcə 6 rayonu düşmənə təhvil verib və 20 il ərzində onun bir qarışını geri qaytara bilməyibsə və qaytarmaq istəməyibsə, indi hansı üzlə daha 5 il hakimiyyətdə qalmaq istəyir? Elə Serj Sərkisyan da buna görə bu hakimiyyətin qalmasında maraqlıdır.