İbrahimbəyovun yardım çağırışına partiyalardan dəstək

Bu kampaniyada hər kəs iştirak etməlidir

Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov xalqı bu quruma maddi cəhətdən dəstək olmağa çağırıb. Ibrahimbəyov bu barədə fikrini “Yeni Müsavat”a müsahibəsində səsləndirib. “Xalq dəyişiklik istəyirsə, Milli Şuranın hesabına hərə 1 manat köçürsün. Ən azı 1 milyon insan belə etsə, bu həm də o deməkdir ki, seçicilərin 25 faizi hakimiyyətə ”get” deyir. Bu çox önəmlidir”,- deyə o bildirib.

Bəs, Rüstəm Ibrahimbəyovun təklifini Milli Şurada təmsil olunan qurumlar necə qiymətləndirir?

AXCP sədrinin müavini Gözəl Bayramlı Rüstəm Ibrahimbəyovun təklifini müsbət qarşıladığını və bunun zəruri olduğunu bildirdi: “Müxalifətin seçki kampaniyası aparmaq üçün maddi imkanı yoxdur. Dünya praktikasında da belə bir hal mövcuddur ki, seçicilərə müraciət edilir. Biz də öz partiya üzvlərimizi bu kampaniyaya cəlb edəcəyik. Ümid edirəm ki, Azərbaycan xalqı öz köməyini əsirgəməyəcək və ən layiqli namizədin seçilməsinə dəstək verəcək”.

Müsavat başqanı Gülağa Aslanlı bildirdi ki, bu çağırış düzgün qərardır və indiki məqamda seçki kampaniyasında buna ehtiyac var: “Seçki məcəlləsinə görə, hər bir vətəndaş 3000 manata qədər yardım göstərə bilər, ümumi seçki büdcəsi isə 10 milyon manat olmalıdır. Ona görə hər bir vətəndaş gücü çatan miqdarda köməklik edə bilər. Rüstəm bəy ən aşağı həddi səsləndirib. Müsavat partiyasının üzvləri də kampaniyaya dəstək verəcək”.

ALP sədri Əvəz Temirxan da bu təklifi məntiqli hesab edir və belə bir kampaniyanın uğura xidmət edəcəyini bildirir: “Bu ölkədə milyonlarla insan hakimiyyətdən narazıdır. Bu insanlar rübdə bir dəfə 1 manat açılacaq hesaba pul ödəsələr, bu, milyonlarla vəsait deməkdir. Və bu pulların seçki kampaniyasında böyük əhəmiyyəti var. Seçki texnologiyasından bixəbər olan adamlar bunun zəruriliyini anlamır. Rüstəm bəyin təklifi sağlam və məntiqlidir. Biz də bu kampaniyada iştirak edəcəyik”.

Islam partiyasının üzvü Natiq Kərimov hesab edir ki, Rüstəm bəyin təklifi həm siyasi, həm də iqtisadi baxımdan önəmlidir: “Bu 1 manat təkcə milyonlarla pul demək deyil, həm də milyonlarla insanın dəstəyi deməkdir. Hakimiyyətdən milyonların narazı olması deməkdir. Biz bu kampaniyanı önəmli hesab edirik və hər birimiz bu kampaniyada iştirak edəcəyik. Mən Natiq Kərimov Milli Şuranın bütün ideyalarına sadiqəm və bu yolda canımı verməyə də hazıram”.

Ilham Hüseyn