Bizi terrordan qoruyun!

Iki müraciətim var.

Birincisi, bu dövləti idarə edənlərədir.

Ilin əvvəlindən internetdə müxalifətə, onun aparıcı simalarına qarşı əxlaqsız, ədəb və qanundan kənar kampaniya güclənib.

Bu iş xüsusən 2-3 sayt vasitəsilə həyata keçirilir və bir neçə saxta “facebook” profillə ictimailəşdirilir. Bu çirkin işi görən nökərləri tanıyıram. Onlar heç, o mikrob yığınına sonra vaxt ayırarıq. Heç kim cəzasız qalacağına əmin olmasın.

Ən başlıca məsələ isə budur: etirazçı insanlara, müxalifət liderlərinə, azad yazarlara qarşı bu tərbiyəsizliyin arxasında MTN durur. Daha konkret desək, MTN-nin anti-terror mərkəzi.

Mən o mərkəzin başbilənlərinə xəbərdarlıq edirəm; özünüzü yığışdırın, bu qanacaqsızlıq insanları səbrdən imtinaya təhrik etməkdir.

Insanları vadar eləməyin ki, sizin böhtanlarınıza sizin haqda olan HƏQIQƏTLƏRI tirajlamaqla cavab versinlər.

Abrımıza qısılmışıqsa, bu hələ cavabsız olmağımız demək deyil.

Təkrar edirəm, düşünməyin ki, bu hədyanlar cavabsız qalacaq. Hər kəsin öz ləyaqətini müdafiə etmək hüququ var. Qanunlar insanları alçaltmağınıza sipər ola bilmirsə, bu hələ sizin kefiniz istədiyi işləri görməyə “yaşıl işıq” sayılmamalıdır. Cəmiyyət, insanlar canlı mexanizmdir. O, özünü müdafiə etməyin ən mükəmməl formasını tapmağa qadirdir, bunu tapacaq da.

Sizi bir daha diqqətli olmağa çağırıram; bu yaramaz rejimin ömürünə sayılı günlər qalır. Azərbaycan balaca yerdi, burada hamı az qala, bir-birini tanıyır. Heç kim yaramazlıq edib sonra kolluqda gizlənəcəyini düşünməsin.

Sizin hərəkətlərin cavabı var və o, sizə baha başa gələ bilər.

Insanların ləqayəti ilə oynamayın! Heç kim sizə bu səlahiyyəti verməyib. Siyasi rəqiblərlə davranışın qaydası-qanunu var. Qoy bu qaydalar lap sərt olsun, amansız olsun, ancaq qırmızı xətlərdən kənara çıxmasın; daşlaşmış dəyərlərin sökülməsinə hesablanmasın.

Dönüb arada keçmişə baxın. Sizin etdiklərinizi axı heç çoxlarının lənətlədiyi “NKVD”şniklər də etməyib. Yox, özünüz, nəsliniz üçün əbədi lənət qazanmağı qəsd etmisinizdə, buyurun, can sizin, cəhənnəm Tanrının!

Ikinci müraciət isə Azərbaycanda fəaliyyət göstərən Qərb təşkilatlarına, səfirliklərə, hüquq müdafiəçilərinədir.

Hörmətli yoldaşlar, uzun müddətdir Azərbaycanda mediaya, müxalif liderlərə qarşı MTN-in anti-terror mərkəzinin terror həyata keçirdiyi haqda danışılır. Uca amallar üçün yaradılan bu mərkəz daha çox fəal vətəndaş mövqeyi göstərən insanları əzmək, sıradan çıxarmaqla məşğuldur. Bu mərkəz neçə-neçə insanın taleyini qırıb, bunu Allah bilir.

Bu vəhşət qurumunun ayaqda qalmasına sizlər də cavabdehsiniz. Məhz sizlərin sayəsində Azərbaycan hökuməti guya, terrorizmlə mübarizə üçün bu qurumu ən müasir avadanlıqlarla təmin edir, onlara Qərbin terrorçulara qarşı bitkin təcrübəsi öyrədilir. Amma son nəticədə bütün bunları rejim bizlərə – müxalifətçilərə tətbiq edir.

Bu hal sizi heç narahat etmir?

Bu nə vaxta qədər davam edəcək?

Çuğulluq

Avtoritar, despotik rejimlərdə çuğullar həmişə hökumətin vacib detalı olub. Azərbaycan da belədir. Bizdə də çuğullar var. Hər seçki vaxtı biz onların yeni-yeni tiplərilə tanış oluruq, hətta demək olar ki, seçki ərəfəsində bizdə çuğulların prezentasiyası keçirilir. Onlar sifətlərindəki niqabı tullayıb deyirlər: bax, bu mənəm!

Problem isə çuğulların varlığından daha çox, onların bizim ölkəmizdə rahat fəaliyyətidir.

Çar Rusiyası zamanı yoldaş Dzerjinski bu cür ünsürləri çox mərifətli qaydada tapır və onları “yoldaş Makarov”la həmsöhbət etdirirdi. Bu səbəbdən çuğulluq etmək o zaman indiki kimi su içmək qədər asan deyildi, az qala, cəsarətli iş idi, ağır riski vardı.

Indi bizim nə yoldaş “Makarov”umuz var, nə də yoldaş Dzerjinskimız, heç onların rəftarını özümüzə, prinsipimizə yaxın da buraxmırıq. Ancaq Kərbəlayi demiş, namusumuz-qeyrətimiz var, bəy!

Bu ifşa olunmuş “suka”lara SMS ki yazıb, abır verə bilərik…

Küçədə onlara söz gülləsi ki vura bilərik…

Qınaya bilərik, salam verən əllərini havada saxlaya, hüzrdən qovub, toya çağırmamağı bacara bilərik…

Elə deyilmi?

Məncə elədir. Bəs niyə etmirik?

Hökumətin cibindəki adamın “arqumenti”

Bizim ölkədə demokratiyanın boğulması, avtoritarizmin isə çiçəklənməsi xeyli sayda anomaliyalara səbəb olub. Onlardan biri ilə bu günlərdə rastlaşdım. “Facebook” dostumun birinin informasiyasına baxdım ki, hökumetin sağ əli sayılan QHT-də mühasib işləyir. “Bu nə halət, yahu”, – deyə soruşdum. Sağ olsun, iş yerini gizlətmədi, amma onu da dedi ki, “bəy, burada olmağıma baxmayaraq, təşkilatın fikrini bölüşmürəm”.

Bu “çoxbilmişlər” görəsən, bizi niyə bu qədər avam sayır?

Sən hökumətin cibində olan təşkilatın pulsayanısansa və üstəlik, əlində olan yeganə təbliğat məkanını (“facebook”u) müxalifətə iftira atmaq üçün istifadə edirsənsə, hansı fərqli, müxalifətçi fikir sahibi olmağından söz gedə bilər?

Və vahid namizədimiz barədə…

Təxminən 8-9 il əvvəl müxalifətin vahid namizədi Cəmil Həsənlinin “Azadlıq” qəzetində bir yazısı vardı. Yazının əsas tezislərindən biri beləydi: “Azərbaycanı elə bir ürəkparçalayan hala gətiriblər ki, burada rüşvəti Allaha şərik qoşublar. Rüşvətə ”haqq” adını verməklə (Haqq Allahın adlarından biridir). “Filan şeyin haqqı çatıb; Filan şeyin haqqı bu qədərdir. Bu ölkədə şirk aradan qalxmalıdır”.

Məncə Cəmil bəyin o fikri elə bizim əsas seçki tezisimiz olmalıdır: Haqqı batillə eyniləşdirməyək, Haqqa şərik qoşmayaq!