Xəzərin Azərbaycan hissəsində 6,8 mlrd. barel neft, 1,5 trln. kubmetr qaz var
ABŞ-ın Enerji Informasiya Idarəsi Xəzər dənizi hövzəvi ölkələrinin su və qurudakı neft-qaz ehtiyatları ilə bağlı hesabat yayıb. Sənəddə Iranın Xəzər dənizinin su və quru sektorundakı neft-qaz ehtiyatları çox az həcmdə qiymətləndirilib.
Bildirilir ki, Iranın Xəzər dənizindəki neft ehtiyatları 500 mln. barel, qaz ehtiyatları isə 3 mlrd. kubmetr həcmində proqnozlaşdırılır. Sənəddə həmçinin Iranın Xəzərin quru sektorundakı qaz ehtiyatlarının 1 trln. kubmetr olduğu, ancaq qurudakı neft ehtiyatlarının heç nəzərə çarpmadığı deyilir. Halbuki Iran iki il əvvəl Xəzər dənizində “Sərdar-e Cəngəl” adlandırdığı neft-qaz yatağı tapdığını bəyan edərək, təkcə orada 1,4 trln. kubmetr qaz və 2 mlrd. barel neft ehtiyatı olduğunu bildirib. Hətta Iranın sabiq neft naziri Rüstəm Qasımi bu yataqda qazılmış ilk quyudan neftin fontan vurduğunu bəyan etmişdi. Ancaq indiyədək heç bir sahilyanı ölkə və beynəlxalq təşkilat Iranın bu iddiasını təsdiqləməyib. Hətta “BP” şirkəti bu ilin iyun ayında dərc etdiyi illik hesabatında Iranın qaz ehtiyatlarının 2011-ci ilə nisbətən 2012-ci ildə dəyişmədiyini və 33,6 trln. kubmetr həcmində olduğunu açıqlayıb.ÿ
ABŞ-ın Enerji Informasiya Idarəsi öz hesabatında Xəzər dənizinin su sektorunda ümumi neft ehtiyatlarının 19,6 mlrd. barel, qaz ehtiyatlarının 106 trln. kub fut, quru sektorunda isə müvafiq olaraq 28,6 mlrd. barel və 186 trln. kub fut (təxminən 7 trln. kubmetr) həcmində qiymətləndirilir.
Sənəddə Azərbaycanın Xəzər dənizinin su sektorundakı qaz ehtiyatlarının həcmi 46 trln. kub fut (1,5 trln. kubmetr), Qazaxıstanın 36 trln. kub fut (1,3 trln. kubmetr), Rusiyanın 14 trln. kub fut (0,5 trln. kubmetr), Türkmənistanın isə 9 trln. kub fut (0,3 trln. kubmetr) kimi dəyərləndirilir.
Hesabatda həmçinin bildirilir ki, Qazaxıstanın Xəzərin su sektorundakı neft ehtiyatları 15,8 mlrd. barel, Azərbaycanın isə 6,8 mlrd. barel təşkil edir.
Bununla yanaşı qeyd olunur, 5 sahilyanı ölkənin Xəzər dənizinin su və quru sektorundakı ümumi neft ehtiyatları 48,2 mlrd. barel, qaz ehtiyatları isə 285 trln. kub fut (10,6 trln. kubmetr) həcmində qiymətləndirilir.
Hesabatda vurğulanır ki, Irandan istisna olmaqla, bütün digər sahilyanı dövlətlər Xəzərin su sektorundakı enerji ehtiyatlarının işlənməsindən mənfəət götürür.
Sonda qeyd olunur ki, bütün sahilyanı ölkələrin ümumi gündəlik neft hasilatı 945 min barel təşkil edir və bunun 890 min bareli (94%) Azərbaycanın payına düşür(APA).