YAP-ın əsəbləri dözmədi

Hakimiyyət qəzetləri Cəmil Həsənlini hədəfə aldı

Nurəddin Məmmədli: «Sərkisyanın Ilham Əliyevlə bağlı fikirləri kimin ermənipərəst olduğunu sübut edir»

Eldəniz Quliyev: «Hakimiyyətin addımları Günəşin qarşısını əllə tutmaq cəhdinə bənzəyir»

Hazırda hakimiyyəti ciddi şəkildə narahat edən ən əsas hədəfin Milli Şura olduğu heç kimə sirr deyil. Telekanallarda və hakimiyyətyönlü mətbuatda Milli Şura haqqında müxtəlif ittihamların səslənməsi, dövlət qəzetlərinin hər gün 3-4 səhifəsini bu qurumun tənqidinə həsr etməsi də deyilənləri bir daha sübut edir.

Rüstəm Ibrahimbəyov Milli Şuranın vahid namizədi olanda hakimiyyət sözçüləri bu adam haqqında şər-böhtan kampaniyasına başladı. Onu vergidən yayınmaqdan tutmuş, Azərbaycan dilində yaxşı danışa bilməməyə qədər ən müxtəlif əməllərdə ittiham etdilər. Sonradan Cəmil Həsənli Milli Şuranın vahid namizədi seçiləndən sonra bir çoxları bu fikirdə idi ki, Cəmil Həsənliyə qarşı hakimiyyət əks təbliğat apara bilməyəcək, onun haqqında böhtan xarakterli fikirlər dərc etməyəcək.

Ancaq hakimiyyət cəmi 3 gün səbr edə bildi. Ötən gündən başlayaraq, hakimiyyət qəzetləri Cəmil Həsənlini də hədəf alıb. “Yeni Azərbaycan” qəzeti təkcə Cəmil Həsənliyə 2 böyük məqalə həsr edib. Yenə də “ermənipərəst” ittihamı meydana atılıb.

Hakimiyyət etiraf etdi ki, onun üçün şəxsiyyətin çəkisi, ziyalının cəmiyyətdəki nüfuzu önəmli deyil: əgər hakimiyyətə müxalifsənsə, deməli, bütün ağla gələn və gəlməyən hədyanları sənin ünvanına səsləndirmək olar.

Hakimiyyətin Cəmil Həsənli ilə bağlı qarayaxma kampaniyasına başlamasına müxalifət təmsilçiləri də münasibət bildirib.

Milli Şuranın üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, hakimiyyətin mübarizə üsulu rəqiblərinə qarşı şər-böhtan kampaniyasına əsaslanır. Hakimiyyətdə təmsil olunanlar rəqiblərinə qarşı əllərində heç bir fakt olmadığından əsassız qarayaxmalara əl atırlar: “Hakimiyyət bütün müxalifəti ermənipərəstlikdə ittiham edir. Halbuki, Azərbaycanın işğal altında olan torpaqlarını ermənilərə bu hakimiyyət təhvil verib. Ermənistan prezidenti Sərkisyan bugünlərdə çıxışında bildirdi ki, onlar üçün ən sərfəli namizəd Ilham Əliyevdir. Bu faktlar kimin ermənipərəst olduğunu, kimin ermənilərə xidmət etdiyini sübut edir. Cəmil Həsənliyə gəlincə, o, erməni yalanlarını ən çox ifşa edən alimlərdən biridir və dünya elmində bu adama istinad edirlər. Cəmil Həsənlinin həyat və siyasi təcrübəsi Ilham Əliyevdən dəfələrlə çoxdur”.

Milli Şuranın digər üzvü Eldəniz Quliyev deyir ki, hakimiyyət mediasında Cəmil Həsənli yazılanlar onların hətta fantaziyadan da məhrum olduğunu, ağlabatan ittihamlar irəli sürmək bacarığına malik olmadıqlarını ortaya qoydu: “Hakimiyyət rəqiblərinə qarşı ənənəvi ittihamlar səsləndirir. Fərqində deyillər ki, bu ittihamlar artıq ikrah hissi doğurur, insanları bezdirir. ”Ermənipərəst”, “saxta alim”, “Biləcəridən o tərəfə tanınmır” kimi arqumentlər, hakimiyyətin yeganə təsəllisinə çevrilib. Fakt budur ki, xalqın əksər hissəsi ölkədə dəyişiklik istəyir və bu hakimiyyətdən bezib. Hakimiyyətin bu qarayaxma kampaniyası Günəşin qarşısını əl ilə almağa bənzəyir. Başa düşmürlər ki, Günəşə tərəf nə qədər qara örtük örtsən də, o, öz nurunu saçacaq”.

Ilham Hüseyn