Qərbin «zərbə qüvvəsi» Suriyanın 160 kilometrliyində cəmləşib
Suriya ətrafında vəziyyət kritik nöqtəyə çatıb. Bəşər Əsəd rejiminə qarşı hərbi müdaxilə qərarı qəbul olunmaq üzrədir. Ötən gün bu istiqamətdə ən ilginc xəbərlərdən biri Bəşər Əsədin ailəsilə birlikdə Suriyadan qaçdığı haqda idi. Livan mediası Iran Xarici Işlər Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb ki, Bəşər Əsədin təyyarəsi avqustun 27-də Tehrandakı hava limanına enib.
Təyyarədə Əsədin ailəsi və Suriyanın yüksək vəzifəli rəsmiləri olub. Bəşər Əsədin Tehrana Suriyadakı vəziyyətə dair məsləhətləşmələr üçün gəldiyi bildirilir. Nümayəndə heyətinin Iranda nə qədər qalacağı məlum deyil.
Hələlik xəbər rəsmən təsdiqlənməyib.
Ağ ev isə Suriya ordusunun kimyəvi silahdan istifadəsilə bağlı Amerika kəşfiyyatının əldə etdiyi sübutlardan ibarət hesabat yaymağa hazırlaşır. Bu barədə “The Washington Post”un yaydığı məlumatda bildirilir ki, Suriyaya hərbi müdaxilə haqda qərarın qəbulu ərəfəsində belə bir sənədin açıqlanması bu istiqamətdə ən mühüm addımlardan biridir.
“Proseslər bu şəkildə cərəyan etsə, avqustun 30-da hərbi əməliyyatlar başlaya bilər”, – deyə “The Washington Post” yazır.
Suriyada kimyəvi silahdan istifadə ilə bağlı hesabatın bu həftə dərc olunacağını Ağ evdəki rəsmi mənbələr də təsdiqləyib.
Bu arada, “Foreign Policy” məlumat yayıb ki, sözügedən hesabatda əsas sübutlar Suriya rəhbərliyinə daxil olan şəxslər arasındakı telefon danışıqlarıdır. Mənbə bildirib ki, ABŞ kəşfiyyatçıları Suriya Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşıyla kimyəvi silah məsələsinə məsul olan zabitlə telefon danışığını əldə edib. Avqustun 21-də baş tutan telefon danışığı zamanı həmin məmur mindən artıq insanın ölümünə səbəb olmuş zəhərləyici maddələrdən istifadə ilə bağlı izahat tələb edir.
Amma bu cür telefon danışıqlarının özü də Suriyada kimyəvi silahdan istifadəyə görə konkret kimin (hərbçilər, daha yüksək vəzifəlilər, yoxsa, Bəşər Əsədə yaxın siyasətçilər) məsuliyyət daşıdığı sualına birmənalı cavab vermir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib ki, ABŞ prezidenti Barak Obama Bəşər Əsədi devirməyi qarşısına məqsəd qoymayıb. Bununla belə, Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ Əsədi gələcəkdə Suriya rəhbərliyində görmür. Onun sözlərinə görə, Suriya prezidenti ölkədə hökm sürən siyasi böhran, eləcə də “Cenevrə-2″ beynəlxalq konfransı çərçivəsində vəzifəsindən imtina etməlidir.
“Wall Street Journal” isə Pentaqonun bəyanatına istinadən yazır ki, ABŞ ordusu çoxsaylı insan tələfatının qarşısını almaq və zəhərin daha çox əraziyə yayılmasına yol verməmək üçün kimyəvi silah bazalarına hücum etməyəcək.
Britaniya mediası da koalisiya qoşunlarının kimyəvi silah bazalarına hücum etməyəcəyini xəbər vermişdi. “The Guardian” yazır ki, Britaniya Hərbi Hava Qüvvələrinin hərbi təyyarələri Suriya sahillərindən cəmi 160 kilometr məsafədə yerləşən Kiprin Akrotiri aviabazasında toplaşıb. Ehtimal olunur ki, ilkin mərhələdə hava zərbələrinin əsas hədəfi Əsəd ordusunun hərbi gücü daha çox olan hissələrinin bazaları, o cümlədən raket bazaları olacaq. Ilk növbədə Dəməşqin cənubunda yerləşən Maze və paytaxtın şimalındakı Kasiun hərbi komplekslərinə zərbə endiriləcəyi güman edilir.
Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, Suriyada hərbi əməliyyat məhdud şəkildə həyata keçirilməlidir. O əlavə edib ki, Suriyaya hərbi müdaxilə ilə bağlı yekun qərar hələlik qəbul olunmayıb.
BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyaya qarşı güc tətbiq oluna bilərmi? Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bu sualı cavablandırmaqdan imtina edib: “Mən qərar qəbul olunmayanadək spekulyasiyalarla məşğul ola bilmərəm. Bu suala cavab qəbul olunacaq qərardan asılıdır. Suriyada kimyəvi silahdan istifadə faktı heç bir şübhə yaratmır. Bu beynəlxalq normalara ziddir və Amerikanın maraqlarında deyil”.
BMT baş katibi Pan Gi Mun da Suriyaya hərbi müdaxilə məsələsinə münasibət bildirib. O deyib ki, BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətə dərhal müdaxilə etməli, bu məsələdə vahid mövqe nümayiş etdirməlidir: “Bu gün Suriya bütün dünyada təhlükəsizliyə dair ən güclü sınaqdır. Təhlükəsizlik Şurası sülhə nail olmaq üçün dərhal reaksiya verməlidir, əks təqdirdə itirilmiş bir nəsil əldə edəcəyik, bu, analar, uşaqlar, gənclər və ümumiyyətlə itirilmiş nəsil olacaq. Bizim ümumi insani dəyərlərimiz baş verənlərə cəld reaksiya göstərməyə vadar edir və biz Suriyada baş verən faciələrə dərhal reaksiya verməliyik. Suriyada vəziyyət böhran həddinə çatıb, münaqişə tərəflərinin kimyəvi silahdan istifadə etməsi geniş miqyaslı cinayətdir”.
Bu arada Suriya məsələsi BMT Təhlükəsizlik Şurasında yenidən müzakirə olunub. Böyük Britaniyaya quruma Suriyada mülki vətəndaşların müdafiəsilə bağlı zəruri tədbirlərə dair qətnamə layihəsi təqdim edib. Qətnamə layihəsinin məqsədi Suriyaya hərbi müdaxilə üçün BMT Təhlükəsizlik Şurasından razılıq almaq olub. Lakin Rusiya KİV xəbər verir ki, bu ölkənin və Çinin nümayəndələri qətnamə layihəsi ilə razılaşmayaraq müzakirə zalını tərk ediblər.
Informasiya şöbəsi