İqtisadçı Ilham Şaban Fb-də bir statistika təqdim edib: “Bu il orta məktəb buraxılış imtahanlarından ”2″ qiymət almış 128 abituriyent Azərbaycanın Ali Məktəblərinə qəbul ola bilib, onlardan 1-i isə III ixtisas qrupu üzrə 559 bal toplayıb (bir az da beyin işlətsəydi, prezidentin oğlunun nəticələrinə çatarmış). Ancaq bu il orta məktəbi bitirən 248 Qızıl medalçıdan 22 nəfəri 400-499 bal, 12 nəfəri 200-399 bal, 1 nəfər isə 140 bal (yaxşı ki, hələ adını və soyadını düzgün yazıb) toplaya bilib”.
Görəsən bu, necə baş verir? Necə olur ki, orta məktəbdə ölü nəticə göstərən abituriyent gəlib ali məktəbə imtahanda şirə dönür, Qızıl medalçılar isə, ən yaxşı halda o ada uyğun ən pis nəticəni göstərir?
Cavablar qeyri-səlis məntiqlə izah oluna bilər, ya da sadəcə, Azərbaycansayağı, lap doğrusu, “həizm”in xarakteri ilə. Birinci variant budur ki, buraxılış imtahanlarında “2″ alan abituriyentlər kasıb övladları olublar, direktoru ”görə” bilmədiklərinə görə “2″ alıblar, ancaq deyiblər, nolar, biz sənə göstərərik hansı qiymətə layiqik. Varlının pulu varsa, bizim də biliyimiz və Allahımız var.
Qızıl medalçılar isə, dədə-nənə pulu hesabına medal və yüksək qiymət alıblar, Ali məktəbə qəbul üçün də rüşvət veriblər, yenə də iki alanların nəticəsini faiz hesabıyla göstərə bilməyiblər.
Ikinci variant budur ki, “2″ alanlar varlı balalarıdı, direktora heç nə verməyiblər, çünki yeni qərara görə onlar da öz sənədlərini Ali məktəbə verə bilərlər. Onda onların valideyni deyib ki, pulu direktora verincə, elə yuxarıda verərəm. Verib də.
Qızıl medalçılar isə orta məktəbdə mütləq başqa şagirdlərdən ya qismən seçilən olublar, ya elə onlara tay. Kasıb balaları olub. Ancaq yekuna gələndə, direktorlar onların xidmətinə “qızıl” təklif eləyib, necə deyərlər, zər qədrini zərgər bilər. Addı da, nə ziyanı var. Sabah hardasa işə düzələndə də bu onların karına gələcək. Dədələri bir az xərc çəkiblər, azı 99 faizi və uşaqları öz səviyyələrinə uyğun da bal toplayıblar. Ali məktəbə qəbul üçün rüşvət vermədiklərindən, balları aşağı olub, yəni gerçək Azərbaycan təhsilinin səviyyəsində.
Əlbəttə, burada imtahan zamanı abituriyentlərin hələ bərkiməmiş psixolojilərini də səbəb kimi göstərmək olar, ancaq bu, nəticələrdə vur-tut 0,001 faiz paya sahib ola bilər. Çünki necə ola olur, orta məktəbin buraxılış imtahanında həyəcanlanıb pis nəticə göstərənlər, əksinə, başdan-başa adamda xof yaradan, tanış olmayan üzlər içində zərrəcə həyəcan keçirmədən bütün biliklərini ortaya qoya bilirlər? Mümkün deyil.
Hər bir halda nəticələr ölkədə təhsilin necə bərbad günə düşdüyünü və heç bir halda rüşvətsiz keçinmənin mümkün olmadığını göstərir. Hələ onu da nəzərə almalıyıq ki, bu uşaqlar ali məktəbə imtahan zamanı hətta öz qafaları hesabına bal toplayıblarsa belə, bu, orta məktəbdə verilən təhsilin hesabına deyil, repetitorların, əlavə çalışmaların nəticəsidi. O hesabla Azərbaycanda məktəbləri bağlamaq lazımdı, təhsilə ayrılan para isə valideynlərə verilsin ki, uşaqlarını fərdi şəkildə, müəllim tutmaq yoluyla savadlandıra bilsinlər və mən əminəm ki, o zaman nəticələr indikindən qat-qat üstün olar.
Bundan başqa, 6-7 yaşdan məktəbə getməyə başlayan təmiz qafalı, ağappaq kağız kimi beyinləri olan, pis vərdişlər qazanmağa macal tapmamış uşaqlar 11 illik təhsil zamanı mənimsədikləri mənfi keyfiyyətləri də qazanmamış olarlar. Bu sıraya, bildiyimiz kimi, xeyli idbar gör-götürlər daxildi. Yaltaqlıq, satqınlıq, siyasi əlillik, rüşvətə, korrupsiyaya alışqanlıq, yasaqlar, zehni və mənəvi cəhətdən izafi itkilər və s. XIX əsr Rusiyası, XVIII əsr Avropası bu yolu keçib və dünyaya necə dühalar verdiyi də göz qabağındadı. Belə çıxır ki, Azərbaycanın indiki təhsil sistemi öz infrastrukturuyla yalnız bir sürü harın məmurun varlanmasına, övladlarımızın əqli və mənəvi cəhətdən şikəst edilməsinə və təbii ki, seçkilərdə hakimiyyətin əlindən tutmağa yarayır. Batsın elə təhsil.