Vəfa Quluzadə: «Əsas müzakirə mövzusu Suriya olacaq»
Bir müddət əvvəl ABŞ prezidenti Barak Obamanın böyük iyirmiliyin sentyabrın 5-6-da Sankt-Peterburqda keçiriləcək sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməyəcəyi ilə bağlı məlumatlar yayıldı. Bu da indiki şəraitdə belə bir görüşün keçirilməsinin mənasız olması ilə izah olunurdu. Lakin bu günlərdə sammit çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşəcəyi xəbəri yayıldı. Görüşün formatı hələ müəyyənləşdirilməyib.
Lakin görüşdə əsasən Suriyada baş verənlər, bu ölkəyə Qərb dövlətlərinin zərbə endirməsi məsələsinin müzakirə ediləcəyini gözləmək olar. Görüşün Azərbaycan və Gürcüstanda keçiriləcək prezident seçkiləri ərəfəsinə təsadüf etməsi bu məsələlərə də diqqət ayrılacağını deməyə əsas verir.
Politoloq Vəfa Quluzadə Obama və Putinin görüşündə əsasən Suriya məsələsinin müzakirə olunacağı deyir. Çünki ABŞ yaxın günlərdə Suriyaya zərbələr endirməyə hazırlaşır. Bu da böyük geosiyasi dəyişikliklərə gətirib çıxaracaq. Artıq hiss olunur ki, Rusiya Suriyanın sıradan çıxarılmasına reaksiyası bəyanatlardan o yana keçməyəcək. Rusiyanın ABŞ-ın bu addımını əngəlləməyə imkanı da yoxdur. Iran da Suriyanın tərəfində müharibəyə qoşulsa, zərbə altında qalacaq: “ABŞ-ın hərbi bazaları Iranla Suriyanı əhatə edib. Qətər, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Iordaniya, Iraqda bazalar, raketlər yerləşdirilib. Putinlə söhbət də bu məsələlərlə bağlı olacaq. Britaniyanın baş naziri Kemeron da Putinə zəng vurub Suriya ilə bağlı danışıb”.
Ekspertin sözlərinə görə, ABŞ Rusiya ilə əlaqələrə xələl gətirmədən Suriyadakı rejimi aradan götürmək, hətta bu məsələdə Moskva ilə əməkdaşlıq təkliflərini ortaya qoya bilər. Rusiya da bu təkliflərdən qaça bilməyəcək: “Yaxın Şərq əsrlər boyu Amerikanın və Ingiltərənin maraq zonası sayılıb. Şərqdə Sovet Ittifaqı güclənəndən sonra ABŞ-ı ordan sıxışdırıb atmağa çalışıb. Bir çox yerdə də uğura nail olub. Məsələn, Misirdə hərbi bazaları, Isgəndəriyyədə hərbi donanma, Suriyada, Yeməndə raket bazaları var idi. Sovet ittifaqı çökdürüləndən sonra ABŞ özünün ənənəvi zonalarını qaytarıb və buna davam edəcək. ABŞ həyati əhəmiyyət daşıyan zonaları tamamilə öz hökmranlığına tabe edəcək. O ki qaldı Rusiyanın ənənəvi maraq zonaları, bu, birinci növbədə Qafqaz və Uzaq Şərqdi. Bu zonalarla dünyanın qlobal gücü olan Amerika növbəti mərhələlərdə məşğul olacaq. Rusiya da bunu başa düşür. Ona görə də Suriyadakı əhvalatlardan çox pərt olub. Çünki Bəşər Əsədin bu qədər uzun müddət hakimiyyətdə qalmasına səbəb Rusiyanın dirəniş göstərməsidir. Lakin bu dirəniş çox davam edə bilməzdi. Böyük geosiyasi döyüşlərdə qalib Amerikadır. Rusiya hansı rolda və sifətdə ABŞ-la əməkdaşlıq edəcəyini müəyyənləşdirməlidir”.
Fizzə