8 yaşlı uşağın cəsədi 2 sutkadan artıq ortalıqda qalıb
Hadisələrin bu cür axarının şəhər sakinlərini üz-üzə qoyacağı şəksizdir
10 ildən artıqdır ki, Mingəçevir şəhərində qəbiristanlıq problemi yaşanır. Daha doğrusu, şəhərin Mingəçevir kəndi adlanan ərazisində yerləşən qəbiristanlıq xeyli vaxtdır ki, mübahisə predmetinə çevrilib. Kəndin bir qrup sakini Mingəçevir şəhərində yası düşən adamların yaxınlarına ölülərini burada dəfn etməyə icazə vermirlər. Səbəbini isə qəbiristanlığın artıq dolmasıyla izah edirlər.
Qeyd edək ki, problemin yaranma tarixi 2000-ci illərin əvvəllərinə gedib çıxır. 11 il bundan öncə şəhərin o vaxtkı icra başçısı Məhəbbət Qarabağlının imzaladığı, faktiki olaraq heç bir hüquqi əsası olmayan sərəncam problemin həllinə nəinki yardımçı olub, əksinə, qəbiristanlıq ətrafında ehtirasları daha da alovlandırıb. Məlumat üçün bildirək ki, keçmiş icra başçısının imzaladığı məlum sərəncamda yalnız yaxın qohumları bu qəbiristanlıqda dəfn olunmuş şəhər sakinlərinə ölülərini burada dəfn etməyə icazə verildiyi əks olunub. Ilk vaxtlar buna əməl olunsa da, sonradan kənd sakinləri sərəncamın bu hissəsini də saymamazlığa qoyublar.
Yeri gəlmişkən, ərazi bir müddət Mingəçevir Bələdiyyəsinin “Dəfn mərasimi xidmətləri” sahəsinin nəzarətində olsa da, sonradan bu iş yarımçıq saxlanıldı. Kənd sakinlərinin basqısı qarşısında gücsüz olduğunu etiraf etmək zorunda qalan bələdiyyə geri çəkilməli oldu.
Bir daha xatırladaq ki, ilk illər kənd icmasının nümayəndələri qəbiristanlıq ərazisində ölülərin dəfninə bir şərtlə icazə verirdilər ki, mərhumun ən yaxın qohumlarından hansısa biri qəbiristanlıq ərazisində dəfn edilmiş olsun. Proses ilk gündən olduqca primitiv və kortəbii şəkildə aparıldığından bunun gec-tez acı nəticə verəcəyi gözlənilən idi. Məhz belə də oldu. Bir neçə dəfə ölü yiyələriylə qəbiristanlıqda açıq-aşkar “reketlik” edən bir qrup kənd sakini arasında qarşıdurma yarandı. Ardınca pul üstündə yaranmış narazılıq qəbirstanlıq “işçilərinin” yeniləriylə əvəzlənməsinə səbəb oldu.
Nəhayət, bugünlərdə şəhərin Nizami küçəsindəki 6 saylı binanın 8 yaşlı balaca sakininin vəfatı ortalığı yenidən qarışdırdı. Qəbir qazdırmaq üçün qəbiristanlığa yollanan mərhumun yaxınları “ənənəvi” situasiyayla qarşılaşıblar. Qəbiristanlıqda onlara meyitin burada dəfn olunmasının mümkünsüzlüyü bildirilib. Mərhumun qohumlarından burada dəfn olunması faktı da “işə yaramayıb”.
Bundan sonra mərhumun yaxınları Daxili Işlər Nazirliyinin “102 xidməti”nə zəng ediblər. Məsələylə bağlı şəhər polis şöbəsi məlumatlandırılıb. Lakin şöbədən onların səlahiyyətinə aid olmadığından bu işdə mərhumun yaxınlarına heç bir köməklik göstərə bilməyəcəkləri söylənilib. Mingəçevir şəhər Icra Hakimiyyətinə və Mingəçevir Bələdiyyəsinə müraciətlər də nəticəsiz qalıb. Maraqlıdır ki, adları sadalanan bütün qurumlarda qəbiristanlıqda bir neçə adamın bu hərəkətinin qanunsuz olduğu bildirilsə də, sonucda heç bir addım atılmayıb. Hətta bunu seçki öncəsi kənd sakinlərinin kütləvi narazılığına gətirib çıxara biləcəyiylə əsaslandırıblar. Yeri gəlmişkən, meyiti 2 sutkadan artıq ortalıqda qalan uşaq şəhərin Sağ Sahil qəsəbəsində yerləşən “Əli qəbiristanlığı” adlanan ərazidə torpağa tapşırılıb.
Beləcə hər kəsin bildiyi və həlli mümkünsüz olmayan problem indiyədək çözülməmiş qalır. Məlumat üçün bildirək ki, əhalisinin sayı qaçqın və məcburi köçkünlərlə birgə 120 minə çatan şəhərdə hər gün bir neçə yas düşür. Və az qala hər gün Mingəçevir kənd qəbiristanlığında ölü yiyələriylə kənd sakinləri arasında narazılıq, qarşıdurma yaşanır. Məsələni qanun çərçivəsində həll etməyə borclu olan dövlət qurumları isə hərəkətə keçmək əvəzinə sanki adamların üz-üzə gəlməsini gözləyirlər.
Azər