Milli Şuranın növbəti mitinqinin sentyabrın 15-də keçirilməsi planlaşdırılıb. Bu barədə AzNews.az-a MŞ-in mitinq komitəsinin rəhbəri, AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. O bildirib ki, MŞ-də təmsil olunan bütün qurumlar hazırda Cəmil Həsənlinin imzalarının toplanması prosesinə cəlb olunub: “Biz gözləyirik ki, Mərkəzi Seçki Komissiyası Cəmil müəllimin imza vərəqlərini versin. Daha sonra ən qısa müddətdə – imzaları toplayıb, təhvil verəcəyik. Sentyabrın 9-a qədər də imza toplama prosesində əhali ilə birbaşa ünsiyyətdə olacaq, müəyyən təbliğat işləri aparacağıq. Milli Şuranın növbəti mitinqinin də sentyabrın 15-dən tez baş tutması gözlənilmir”.
S.Quliyevin sözlərinə görə, Milli Şura C.Həsənlinin imza vərəqlərini MSK-ya təhvil verdikdən sonra sentyabrın 15-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. O bildirib ki, paytaxtda mitinq keçirməklə yanaşı, eyni zamanda ölkənin digər bir sıra rayonlarında da seçicilərlə açıq və qapalı görüşlər keçirməyi planlayır: “Biz indi partiyaların rayon təşkilatlarının sədrləri ilə məsləhətləşirik. Harda açıq, harda qapalı görüşlər keçirmək mümkündür, araşdırırıq. Vahid namizədimizin hansı rayona gedib, seçicilərlə görüşməsi mümkün olsa, həmin rayonlarda açıq mitinqlər də keçirəcəyik”.