Qurumun nümayəndə heyəti Böyük Britaniyaya dəvət olundu
Vaşinqtondan Bakıya yüksək səviyyəli nümayəndə heyətinin gələcəyi deyilir
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusən də Qərb dövlətləri və Qərbin demokratik təsisatları onun seçkilərdə iştirakına maraqla yanaşırlar.
Avqustun 28-də bir neçə Qərb dövlətinin ölkəmizdəki səfirliyinin nümayəndəsi “Landmark”da Cəmil Həsənli ilə görüşüb. Görüşdə Milli Şurada təmsil olunan partiya liderlərindən Əli Kərimli, İsa Qəmbər və Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov da iştirak edib. Görüşə Avropa Birliyi ölkələrinin, Türkiyə və ATƏT-in Bakı səfirliklərinin siyasi sahəyə məsul diplomatları qatılıblar. Görüş işgüzar nahar formatında keçirilib. MŞ-nın son sessiyasında qəbul edilən qərarlar və qurumun seçki sahəsində fəaliyyət planları diqqət mərkəzində olub. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli qurumun fəaliyyəti, seçki strategiyası ilə bağlı diplomatların çoxsaylı suallarını cavablandırıb.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı isə “Azadlıq”a bildirib ki, Milli Şuranın nümayəndə heyəti Böyük Britaniyaya dəvət olunub. Dəvəti Britaniyanın Xarici İşlər üzrə Kral İnstitutu – “Chatham House” göndərib. Səfər sentyabrın 4-dən 11-ə qədər davam edəcək.
Səfərdə qurumu onun sədri Rüstəm İbrahimbəyov, prezidentliyə namizədi Cəmil Həsənli, İcra Aparatının rəhbəri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı təmsil edəcək. Fuad Qəhrəmanlı AXCP sədri Əli Kərimli pasportu olmadığı üçün xaricə gedə bilmədiyindən, onu əvəz edəcək.
Milli Şuranın təmsilçiləri İngiltərə parlamentində və Xarici İşlər Nazirliyində görüşlər keçirəcək, “Chatham House”, “Article 19” təşkilatlarında Azərbaycandakı seçkiqabağı vəziyyətlə bağlı müzakirələrdə iştirak edəcək, BBC-nin televiziya mərkəzinə müsahibələr verəcəklər.
Bundan başqa, “Azadlıq”ın əldə etdiyi məlumata görə, sentyabr ayında ABŞ-dan Bakıya çox yüksək səviyyəli nümayəndə heyəti gələcək. Nümayəndə heyətinə ABŞ dövlət katibinin müavini statusunda diplomatlardan birinin rəhbərlik edə biləcəyi bildirilir. Səfərin məqsədi, güman ki, president seçkiləri mövzusunda müzakirələr aparmaqdır. Vaşinqtondan gələcək diplomatların Bakıda kimlərlə görüşəcəkləri ilə bağlı məlumatda heç nə deyilmir. Lakin ehtimal etmək olar ki, belə bir səfər baş tutacaqsa, ənənəyə uyğun vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət təmsilçilərilə, o cümlədən Milli Şuranın prezidentliyə namizədi və Şuradakı partiya liderlərilə də görüş olacaq.
İnformasiya şöbəsi