Hansı Üzeyirin xalqı?

Tanınmış türk yazıçılarından biri, səhv etmirəmsə, Xalid Ziya Uşaqlıgil deyirdi ki, “Insanlar qəribədir! Pis bir iş görmək istədikdə əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar”.

Hazırda bizdə belələri ilə tez-tez rastlaşa bilərsiniz. Çoxluq əslində ölkənin hansı yanlış yolla aparıldığı, hansı dibsiz uçuruma sürükləndiyini əslində çox gözəl anlayır, başa düşür, amma buna etiraz etməmək, təpki verməmək üçün də hərənin öz bəhanəsi var. Biz bu bəhanələri çox yaxşı bilirik, ona görə də onları təkrar yazıb başınızı yormaq istəmirəm. Həm də hansı birini yazasan axı? “Bunlar yeyib doyublar, yeni gələnlər bunlardan da pis olacaq” deyənlərimi başa salasan, “belə gəlib, belə də gedəcək” deyənlərəmi nəsə anladasan? Hələ bir də “siyasət çirkabdır, mən ona bulaşmaq istəmirəm” deyənlər var. Özü də nə qədər istəsəniz! Heç kim də oturub düşünmək istəmir ki, “çirkaba bulaşmaq istəməyən” bu qədər adamın ölkəsi niyə bir belə çirkab içindədir? Absurda baxın bir: siyasətə çirkab deyib bulaşmaq istəmir, amma küçəyə tüpürür, avtobusda adamın üzünə gəyirir, sifonu çəkmək üçünsə mütləq unitazın üstünə xəbərdarlıq yazmalısan. Siyasəti çirkab adlandırıb ona bulaşmaq istəməyənlərin ölkəsində divarlara hər addımbaşı “Bura zibil atanın…” janrında söyüşlər yazılarmı heç? Yalan danışır, yaltaqlanır, qutuya saxta bülleten atır, JEK müdiri qarşısında ikiqat əyilir, çirkaba bulaşmır, tərtəmiz qalır, amma ölkənin dərdlərinə, problemlərinə etinasız qalmayanda, haqq səsini ucaldanda bu siyasət adlı çirkaba bulaşmaq olur – hansı məntiqdir bu? 

Dünən də yazmışdım, yenə yazmaqda fayda var: 9 oktyabr seçkisi əsla bir siyasi hesab deyil.

Bu seçki siyasətdən, sadəcə, prezident seçməkdən çox-çox ötə bir hadisədir.

Hər kəsin hansı düşüncəyə, hansı təfəkkürə sahib olduğunu ortaya qoyacağı bir sınaqdır.

Bu prosesdə aydın olacaq ki:

Kim keçmişlə nəfəs alır, kim gələcəklə…

Kim bəşəri dəyərlərin yanındadır, kim tayfa-klan dəyərlərinin…

Kim uyğarlığın, çağdaşlığın tərəfindədir, kim krallığın, şahlıq üsul-idarəsinin…

9 oktyabr müəyyənləşdirəcək ki, kim özünü hansının nümayəndəsi sayır: Üzeyir Hacıbəylini ortaya çıxaran xalqınmı, Üzeyir Mehdizadəni yetişdirən kütləninmi? Ümumiyyətlə, hansı Üzeyirin xalqı olduğumuz da elə həmin gün bilinəcək: bütün həyatını Azərbaycanın işıqlı, bilgili, çağdaş, modern bir ölkəyə çevirməyə həsr edən Üzeyir Hacıbəylininmi, bayağılıqdan, zövqsüzlükdən başqa heç nə təqdim etməyən Üzeyir Mehdizadəninmi?

Kim ağzını açsa gileylənir ki, Mirzə Cəlilin yazdıqları hələ də aktualdır, 100 ildir yerimizdə sayırıq, bir damcı da dəyişməmişik. Buyurun, bu da sizə dəyişmək, dəyişdirmək üçün fürsət. Bir halda ki, artıq yerimizdə saymamağımızı belə istəyirsiniz, daha da geri getməməyimizi belə arzulayırsınız, Azərbaycanın Mirzə Cəlil dövründən qopub tərəqqipərvər, müasir, modern dünyanın bir parçasına çevrilməsi üçün belə ürəyiniz gedir, vicdanınızı susduracaq heç bir bəhanə fikirləşmədən qoyun ortaya mövqeyinizi.

Bütün sivil, uyğar toplumların rədd etdiyi, çağdışı, anti-demokratik saydığı bir təşəbbüsün – monarxiyanın önünə keçin. 

Ya etiraz edin, “bu xalq onillər boyu sadəcə, bir tayfanın ümidinə qalacaq qədər gücsüz, çarəsiz deyil” deyin…

“Bu xalq bir şəxsi əvəz edə bilməyəcək, onillər boyu onun əvəzolunmazlığına məhkum olacaq qədər qısır, qabiliyyətsiz deyil” deyin, ya da hər ağzınızı açdığınızda Mirzə Cəlilin yazdıqlarının hələ də aktual olmasından, Üzeyir Hacıbəylidən Üzeyir Mehdizadə səviyyəsinə gəlib düşməyimizdən şikayətlənərək, gileylənərək öz aqrarlığınızı,  mentallığınızı, ənənəviliyinizi malalamağa çalışmayın.